Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir
Meydan TV
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb.
“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb.
Oktyabrın 12-də, şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddia qaldırıb. Jurnalistlər və vəkillər ondan konkret olaraq kimdən nə qədər tələb edildiyini soruşublar. O isə cavabında bildirib ki, 12 nəfərdən hər birinin nə qədər ödəməsinin əhəmiyyəti yoxdur, əsas məsələ cəmi 79 min 89 manatın ödənilməsidir:
“Bu məbləğlə bağlı 12 nəfərin arasında bölgü etmək mənim səlahiyyətimdə deyil. Mən mülki iddiada göstərilən məbləği müdafiə edirəm”.
Hüquqşünas bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsindən göndərilən materiallar əsasında audit şöbəsi bu məbləği hesablayıb. Onun sözlərinə görə, tələb olunan vergi qrant müqavilələrinə əsaslanır.
“Siz deyirsiniz ki, işdəki qrant müqavilələrinə əsaslanaraq bu məbləğ hesablanıb. Qrant ianə deməkdir. Qanuna görə isə ianələr mənfəət vergisindən azaddır”, - vəkillər bildiriblər.
Nümayəndə isə bu məsələnin onun səlahiyyətinə aid olmadığını, Dövlət Vergi Xidmətinin tələbini müdafiə etdiyini vurğulayıb.
Ardınca şahidlərin dindirilməsi mərhələsi başlayıb. Məhkəmədə məlum olub ki, çağrılan şahidlərdən ikisi - Ülviyyə Məmmədova və Fərəh Əliyeva teleqram göndərib. Onlar teleqramda istintaqdakı ifadələrini təsdiqlədiklərini yazıblar.
Təqsirləndirilən jurnalistlərdən Ramin Deko (Cəbrayılzadə) 2024-cü il dekabrın 6-da Gürcüstandan qayıdarkən Bakı hava limanında taksiyə əyləşib və bir qədər getdikdən sonra saxlanılıb. Cinayət işində iddia olunur ki, saxlanılarkən jurnalistdən 38 min avro pul tapılıb.
Məhkəmədə həmin taksi sürücüsü Mirpaşa Həşimov şahid qismində dindirilib. O bildirib ki, hava limanında bir müştərini düşürüb, sonra gələn sifariş əsasında başqa bir müştəri götürüb. Bu müştəri də R.Deko olub:
“Hava limanından çıxıb heç bir kilometr getməmişdik, yol polisi saxladı. Arxadan qara rəngli başqa maşın gəldi, içindən yeddi polis düşdü. Axtarış apardılar...”
Sürücü ifadəsində deyib ki, 30 min avronu çamadandan, 8 min avronu isə jurnalistin əl çantasından çıxarıblar.
M.Həşimov R.Dekonun suallarını cavablandırarkən təsdiqləyib ki, onları saxlayandan 10 dəqiqə sonra çəkiliş başlayıb. Həmin müddətdə nələr baş verməsi barədə soruşulduqda isə “yadımda deyil” deməklə kifayətlənib.
R.Deko isə bu məsələyə belə aydınlıq gətirib:
“Həqiqətən, yol polisi saxladı, sürücü dedi ki, ‘yəqin 100 manat cəriməm var, ona görədir’. Dərhal qara ‘Vita’ gəldi. Üç nəfər sürücünü apardı, nəsə dedi, dörd nəfər isə məni zorakılıqla aparıb ‘Vita’nın içinə basdılar. Sürücüdən açarı alıb yük yerindən çantanı götürdülər. Orada 10 dəqiqə işlərini görüb qurtarandan sonra çəkilişə başladılar”.
Jurnalist vurğulayıb ki, əl çantasını könüllü təhvil verib və içində 8 min avro olub. Yük çantasından çıxarıldığı iddia olunan 30 min avronu isə polislərin özlərinin yerləşdirdiyini bildirib.
Çəkiliş zamanı R.Deko 30 min avronun da ona məxsus olduğunu söyləyib. Jurnalist bunu təzyiq altında ifadə verməsi ilə izah edib.
Məhkəmədə təqsirləndirilənlərdən fotojurnalist Əhməd Muxtarla birlikdə Gürcüstana gedib-gəldiyi bildirilən iki nəfər də şahid qismində dindirilib. Cinayət işində iddia olunur ki, Ə.Muxtar ölkəyə qayıdarkən üzərindəki pulun bir hissəsini Elmir Kərimov və Elvin Aşirov adlı tanışlarına verib. Onlardan biri 3 min 500, digəri isə 5 min avronu gömrükdən keçirib.
Elmir bildirib ki, Ə.Muxtarın ona verdiyi pul fotoaparat üçün lazım olan linzanın pulu idi. Elvin isə təsdiqləyib ki, Ə.Muxtarın hava limanında ondan belə bir xahişi olub, lakin pulu keçirib-keçirmədiyini xatırlamır. O, bunun üzərindən xeyli vaxt keçdiyini deyib.
“Meydan TV işi” üzrə məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.
Bu iş üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs ediliblər.
Onlar əsasən qaçaqmalçılıq olmaqla bir neçə maddə üzrə ittiham olunurlar.
Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Praqada Azərbaycanda həbsdə olan qadın jurnalistlərə həsr olunmuş sərgi açılıb
“Free Voices Collective e.V.”
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır