Siyasət

Britaniya Rusiyanın iki ən böyük neft şirkətinə sanksiya tətbiq edib

16 Oktyabr, 2025
102

Foto: Reuters

Böyük Britaniya Rusiyanın iki ən böyük neft şirkətləri "Lukoil" və "Rosneft"ə sanksiya tətbiq edib. 

Şirkətlərin adları Britaniya hökumətinin oktyabrın 15-də dərc etdiyi yeni sanksiya paketində yer alıb. Paketdə ümumilikdə 90 fərd, şirkət və neft tankeri hədəfə alınıb. 

"Putinin müharibəsinin əsas maliyyə mənbələrinə zərbə vuran 90 yeni sanksiya birbaşa olaraq dünyanın ən böyük enerji şirkətlərindən olan “Rosneft” və “Lukoil”i hədəf alır", - hökumət bəyanatda bildirib. 

Hökumətin məlumatına görə, bu iki şirkət birlikdə gündə 3,1 milyon barel neft ixrac edir. Təkcə “Rosneft”in qlobal neft hasilatının 6 faizinə və Rusiyanın ümumi hasilatının təxminən yarısına cavabdeh olduğu bildirilir. 

Sanksiyaya məruz qalanlar siyahısında Çindəki dörd neft terminalı, Rusiya neftini daşıyan “kölgə donanması”na aid 44 tanker və təkcə 2024-cü ildə 5 milyard dollardan çox dəyərində 100 milyon barel Rusiya xam nefti idxal etmiş “Nayara Energy Limited” şirkəti də var. 

"Bugünkü addım hökumətin Putinin gəlir mənbələrini kəsmək əzmində olduğunu göstərir – hədəfdə həm rus şirkətləri, həm də onların beynəlxalq tərəfdaşları var", - deyə qeyd olunub.  

Britaniya xarici işlər naziri İvet Kuper oktyabrın 15-də parlamentdə çıxışı zamanı Rusiya Ukraynanın işğalını dayandırmayana qədər ölkəsinin sanksiyalardan çəkilməyəcəyini deyib. 

"Ukrayna üçün bu həlledici anda Avropa addımlarını gücləndirir. Böyük Britaniya olaraq müttəfiqlərimizlə birlikdə Putinə təzyiqi artırırıq,  onun neftinə, qazına və “kölgə donanmasına” qarşı çıxırıq və o, uğursuz işğal müharibəsindən imtina edib sülhə ciddi yanaşana qədər geri çəkilməyəcəyik.
Müharibə iqtisadiyyatı çökməkdə, xalqı əzab çəkməkdə və ordusu ağlasığmaz itkilər verməkdə olsa da, o, hələ də günahsız mülki şəxslərə qarşı dronlar və raketlər göndərməkdə davam edir"
, - o qeyd edib. 

"Ukraynanın təhlükəsizliyi bütövlükdə Avropanın, eləcə də Böyük Britaniyanın təhlükəsizliyi və sabitliyi üçün mühümdür. Bu gün atılan addım Ukraynada ədalətli və davamlı sülhə, həmçinin daha təhlükəsiz bir Böyük Britaniyaya doğru növbəti addımdır. Avropa ölkələri ilə birgə Rusiya təcavüzünə qarşı gördüyümüz tədbirlər bizi öz evimizdə daha güclü edir", - Kuper əlavə edib. 

Böyük Britaniya oktyabrın 15-də, həmçinin, mayeləşdirilmiş təbii qaz ("LNG") daşınması üzrə ixtisaslaşmış yeddi tankeri və Çinin Beyxay limanındakı "LNG" terminalını sanksiya altına alıb. Beyxay terminalı Rusiyanın "Arctic LNG2" terminalından "LNG" idxal edir. Bu terminal özü 2024-cü ilin fevralında Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. 

"Kremlə gedən maliyyə axınını daha da məhdudlaşdırmaq üçün bu gün elan edirik ki, rus mənşəli xam neftdən emal olunmuş neft məhsullarının üçüncü ölkələrdən idxalı qadağan olunacaq", - bəyanatda deyilir. 

Yeni sanksiyalar neft sənayesi ilə məhdudlaşmayıb. Rusiya dronları və raketləri üçün vacib elektronik hissələr təmin edən, Tailand, Sinqapur, Türkiyə və Çində  yerləşən şirkətlər də hədəfə alınıb. 

Britaniya daha öncə də Rusiyanın üçüncü və dördüncü böyük neft şirkətləri olan "Gazprom Neft" və "Surgutneftegas"-ı bu ilin yanvarında sanksiyaya məruz qoyub. 

"Lukoil"in təsisçisi və səhmlərinin böyük hissəsinə sahib olan azərbaycanlı milyarder Vahid Ələkbərov özü isə hələ 2022-ci ilin aprelində sanksiyaya məruz qalıb. 

Böyük Britaniya "Böyük Yeddilik ölkələri" arasında “Lukoil”a sanksiya tətbiq edən ilk ölkə olub. Avropa İttifaqı isə hazırda bu şirkətə qarşı sanksiya tətbiqini müzakirə edir. ABŞ isə hələlik bu şirkətlərin heç birinə sanksiya tətbiq etməyib.

Britaniyanın daha əvvəl sanksiya tətbiq etdiyi azərbaycanlılar arasında "Kiyevskaya Ploşad” şirkətinin direktorlar şurasının sədri Qod Nisanov, "Coral Energy Group" neft ticarəti şirkətinin direktorları Əhməd Kərimov, Anar Mədətli, Tələt Səfərov, Etibar Eyyub, Tahir Qarayev, Türkiyənin “Mastel Makina” şirkətindən Şanlık Şükürov var. Hökumət, həmçinin, Azərbaycana məxsus "Zəngəzur" neft tankerini sanksiyaya məruz qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İsrail mətbuatı: "Erməni soyqırımının tanınmasına Hikmət Hacıyev mane olub"

20 İyul 2026

AzEmbTelAviv/X

İsrail mətbuatı bu ölkədə "erməni soyqırımı"nın tanınması prosesinin Azərbaycanın müdaxiləsindən sonra dayandırıldığını yazıb.  "Haaretz" qəzeti iyulun 19-da İsrail hökumətindəki mənbəyə istinadən yazıb ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məsələ ilə əlaqədar İsrail baş nazirinin ofisi ilə əlaqə saxlayıb. Mənbənin dediyinə görə, bundan sonra İsrail hökuməti Azərbaycan tərəfini "erməni soyqırımı" məsələsinin parlamentin gündəliyindən çıxarılması barədə əmin edib.  Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahu şəxsən "erməni soyqırımı"nın tanınmasının parlamentdə səsverməyə qoyulmasını bloklayıb.  "Haaretz"in sorğusuna cavab verən İsrail Xarici İşlər Nazirliyi prosesə Azərbaycanın müdaxiləsini təkzib edib, lakin səsvermənin nəyə görə gündəlikdən çıxarıldığına da başqa izah verməyib.  İsrail hökuməti iyunun 28-də "erməni...
Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...

Seçilmiş Videolar

Toplum TV loqo