Siyasət

Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"

20 İyul, 2025
1009

Foto: president.az

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin dekabrında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulduğunu və Azərbaycanın beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyini deyib. 

O, bunu iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib. 

Əliyev bildirib ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, Azərbaycan Rusiyadan heç bir cavab almayıb. 

O, həmin vaxt AzTV-yə müsahibəsində Rusiyanın hadisəyə görə üzr istəməsini, məsul şəxsləri cəzalandırmasını və qurbanların ailələrinə təzminat ödəməsini tələb etmişdi. 

"Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi", - Əliyev qeyd edib. 

Dövlət başçısı, həmçinin, Baş prokuror Kamran Əliyevin Rusiya İstintaq Komitəsinə "mütəmadi olaraq" məktub ünvanladığını, lakin bir qayda olaraq "hələ də araşdırma aparıldığı" cavabını aldıqlarını deyib. 

"Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq", - o əlavə edib. 

Əliyev mövzu ilə bağlı danışarkən ötən ayın sonunda Yekaterinburq şəhərində azərbaycanlıların ölümü və həbsləri ilə başlayan son gərginliyə isə münasibət bildirməyib. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.

Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

Azərbaycanın hökumətyönlü media orqanları isə yazıb ki, təyyarənin vurulduqdan sonra Rusiya ərazisində qəza enişi etməsinə icazə verilməyib ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itirilsin. 

Bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin hadisənin Rusiya ərazisində baş verməsinə görə üzrxahlıq edib, lakin üzərinə məsuliyyət götürməyib. 

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib

20 İyul 2025

Foto: VOA

“Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib. Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, qərar hələ də icra olunmayıb. “Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını saymır və özünü məhkəmədən üstün tutur”, – deyə Həsənli qeyd edib. Ülvi Həsənli daha əvvəl 9 günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona...
Siyasət

İsrail Qəzzada katolik kilsəsinə etdiyi hücumdan “xeyli təəssüflənib” 

18 İyul 2025

Foto: Getty Images

İsrail Qəzza zolağında yeganə katolik kilsəsi olan Müqəddəs Ailə Kilsəsinə etdiyi hücumdan “xeyli təəssüflənib”.  Bu barədə iyulun 17-də İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən bəyanatda bildirilib.  Bəyanatda əlavə olunub ki, hücumla bağlı araşdırma aparılır və İsrail “mülki şəxslərin və müqəddəs yerlərin qorunmasına sadiqdir”.  Kilsə iyulun 17-i səhər saatlarında tank atəşi ilə vurulub, nəticədə 3 nəfər ölüb və kilsənin keşişi də daxil olmaqla bir neçə nəfər yaralanıb.  Ağ Ev sözçüsü Karolayn Levit jurnalistlərə bildirib ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa telefon zəngində kilsənin vurulmasının “bir səhv” olduğunu deyib.  Müqəddəs Ailə Kilsəsi 2023-cü ilin oktyabrından, İsrail Qəzzanı bombalamağa başlayandan bəri zolağın...

Seçilmiş Videolar

Toplum TV loqo