Dünya

Paşinyan və düşmənləri arasında son döyüş

30 İyun, 2025
468

Foto/kollaj: Toplum TV

“Real Ermənistan” özünü “Tarixi Ermənistan”ın aqressiv revanş cəhdindən qoruya biləcəkmi?  

Dünyanın qaynar gündəmi arasında kiçik Cənubi Qafqazın ən kiçik ölkəsi Ermənistanda baş verənlər bir qədər arxa planda qalıb. Halbuki bu hadisələrin nəticələrinin həm Ermənistan, həm də bölgə üçün uzunmüddətli təsirləri olacaq, Cənubi Qafqazda sülh və əməkdaşlıq prosesinin taleyi də o nəticələrdən asılıdır. Bu baxımdan olaylar daxili siyasi rəqabət çərçivələrini çoxdan aşaraq iki konseptual vizyonun həlledici toqquşmasına çevrilib: Paşinyanın ortaya qoyduğu praqmatik-realist “Real Ermənistan” konsepsiyası ilə tradisional-konservativ və revanşist “Tarixi Ermənistan” konsepsiyası qarşı-qarşıya gəlib.      

İyunun 25-də Ermənistan İstintaq Komitəsi məşhur din adamı Baqrat Qalstanyanın rəhbərik etdiyi “Müqəddəs mübarizə”adlı hərəkatın dövlət çevrilişinə cəhd hazırlığının ifşa olunduğuna dair rəsmi açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, hərəkat 2024-cü ilin noyabrından etibarən hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirməyi qarşısına məqsəd qoyub. Hərəkat iştirakçıları keçmiş hərbçilərdən və güc strukturlarının sabiq əməkdaşlarından ibarət, hər birinin tərkibində 25 nəfər olmaqla, 200-250 qrup formalaşdıraraq terror aktları törətməyi, xaos və idarəolunmaz vəziyyət yaradaraq hakimiyyəti uzurpasiya etməyi planlaşdırıb. 

Hökumətə yaxın “civic.am“ saytı xalqın, kilsənin, diasporanın və digər strukturların cəlb edilməsi ilə ölkədə zorakı hakimiyyət dəyişikliyi həyata keçirməyə dair hazırlanmış gizli planı dərc etdi və baş nazir Paşinyan “bu proses əclafların uğursuz dövlət çevirlişi cəhdi kimi tarixəkeçəcək” yazaraq bu materialı sosial mediada paylaşdı. 

Postsovet məkanında siyasi rejimlərin öz opponentlərini,təhlükə hesab etdikləri çeşidli qrupları dövlət çevrilişi və ya başqa ağır cinayət əməllərində ittiham edərək neytrallaşdırması yayılmış praktikadır. Dövlət çevrilişi şoularından çox vaxt repressiyalara legitim zəmin hazırlamaq və rejimi sərtləşdirmək üçün əlverişli vasitə kimi istifadə olunub. Lakin Ermənistan İstintaq Komitəsi öz yazılı açıqlamasını dəlil-sübutlarla əsaslandırıb.

Belə ki, keşiş Baqrat və ətrafındakı adamların səs yazıları ictimaiyyətə təqdim olunub. Bu səs yazıları irəli sürülən ittihamları tamamilə təsdiqləyir. Hətta bir audiomaterialda Baqrat erməniləri “qoyun sürüsü” adlandırır. 

Baqrat Qalstanyan ilk dəfə siyasi meydana 2024-cü ilin aprelində çıxıb. O zaman sərhədlərin delimitasiyası çərçivəsində Qazax rayonunun işğal altındakı dörd kəndi Azərbaycana qaytarılmışdı. 

Azərbaycanla həmsərhəd Tavuş Yeparxiyasının arxiyepiskopu olan B.Qalstanyan buna etiraz olaraq “Vətən naminə Tavuş” adlı hərəkat yaratdığını elan edərək Yerevana doğru yürüşə başçılıq etmişdi. Keçmiş prezidentlər Koçaryan və Sarkisyan tərəfindən açıq, Eçmiədzin tərəfindən isə gizli şəkildə dəstəklənən bu hərəkat paytaxtda bir müddət destabilizasiya yaratmağa çalışsa da, ətrafına böyük xalq kütlələri toplaya bilmədiyi üçün revanş cəhdi nəticəsiz bitdi.

Tarixdən bəri ermənilərin ən mühüm institutu olan kilsə müasir Ermənistanın ictimai-siyasi həyatında hər zaman mühüm rol oynayıb. Amma ilk dəfədir ki, bir din xadimi müxalifət lideri rolunda önə çıxaraq siyasi proseslərə yön verməyə çalışır. Bunu ölkədəki institusional müxalifətin deqradasiyası ilə izah etmək olar. 

İkinci Qarabağ savaşındakı ağır məğlubiyyətdən sonra müxalifətin ölkədə kütləvi etirazlar təşkil edərək Paşinyanı uzaqlaşdımağa yönəlmiş bir neçə cəhdi uğursuzluqla nəticələnmişdi. 

Məlum olmuşdu ki, ənənəvi siyasi simalar, partiyalar ictimai dayaqlara malik deyil və mövcud hökumətə real siyasi alternativ yoxdur. Məhz bu səbəbdən kilsə öz içindən birini önə çıxarıb, onun təmiz reputasiyasına və keçmişinə (ən azı daha öncə siyasətin çirkabına bulaşmadığı üçün) istinadən keyfiyyətcə yeni bir etiraz dalğası təşkil etməyə çalışdı. 

Bu məsələdə Ermənistan daxili siyasətinə təsir imkanlarını hələ də saxlayan Rusiya faktorunu da gözardı etmək olmaz. Katolikos-patriarx II Qareginin Rusiyaya yaxınlığı sirr deyil. Bu səbəbdən Paşinyan son həftələrdə həm katolikosu, həm də Ermənistanın strateji əhəmiyyətli infrastrukturunun idarəetməsini öz əlində saxlayan Rusiya agenturasını hədəf alıb. 

Baz nazir Nikol Paşinyan 7 ildir hakimiyyətdə olsa da, onun Ermənistana tamamilə hakim olduğunu söyləmək yanlış olar. Necə deyərlər, o, iqtidar olsa da, müqtədir (güc, qüdrət sahibi) ola bilməyib. Paşinyanın müqtədirliyini əngəlləyən 2 başlıca amil var: Eçmiədzin və Rusiyanın ölkə iqtisadiyyatındakı ağırlığı.

Kilsənin daxili siyasətə birbaşa, kobud müdaxilə edərək ölkədə sabitliyi pozmağa çalışması, eyni zamanda katolikos II Qareginin Azərbaycan və Türkiyə ilə aparılan sülh və əməkdaşlıq siyasətinə qarşı çıxaraq dünya ermənilərini də bu istiqamətdə yönləndirməyə çalışması Paşinyan üçün çox ciddi təhdiddir. 

Bu səbəbdən hökumət II Qaregini ictimai rəydə tam diskreditsiya edərək onu kilsənin başından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Lakin bu, yetərli deyil. Rusiya kapitalının və agenturasının ölkə içərisindəki destruktiv rolunu məhdudlaşdırmağa da ehtiyac var.

İş adamı, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbsi də bu ehtiyacdan irəli gəlir. S.Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”şirkətinin sahibidir. Ölkənin elektrik enerjisi ilə təchizatında bu şirkətin önəmli payı var. Məsələn, baş nazir iyunun 25-də “Complex” adlı hipermollun açılışında iştirak edərkən işıqlar sönüb. Paşinyan bunu sabotaj kimi qiymətləndirərək “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi(dövlətləşdirilməsi) məsələsini qaldırıb. Bu barədə qanun layihəsi hazırılanaraq parlamentiə təqdim ediləcək. 

Şübhəsiz ki, baş verənlərə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri kontekstində yanaşmaq lazımdır. Paşinyan onun hakimiyyətinin davam edib-etməyəcəyinə xalqın qərar verəcəyi bu vacib siyasi kampaniyaya ciddi hazırlaşır. Seçki ərəfəsində ölkədə vəziyyətin nəzarətdən çıxması və hökumətin zəifliyinə dəlalət edəcək hadisələrin baş verməsi Paşinyan üçün ölümcül nəticələrə səbəb ola bilər. 

Bura Qafqazdır: zəiflərə simpatiya olmur və ayağı büdrəyəni təpik vurub aşıranlar çox olur. Ona görə də, Paşinyanın son addımları – kilsə rəhbərliyi və Rusiyanın adamları ilə “həlledici döyüş”ə girməsi böyük risklər ehtiva etsə də, seçki ərəfəsində həm “məntəqə təmizliyi”, həm də qətiyyət və güc nümayişidir.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İran Hörmüz boğazını açıb

17 Aprel 2026

Açıq mənbə

İran atəşkəs dövrünün sonuna qədər Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açdığını bəyan edib. Bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçi məlumat verib. Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Araqçinin sözlərinə görə, gəmilər bundan əvvəl İranın Limanlar və Dənizçilik Təşkilatının açıqladığı razılaşdırılmış marşrut üzrə hərəkət edə bilərlər. İran fevralın 28-də ABŞ və İsrailin hücumundan sonra boğazı bağlamışdı. ABŞ prezidenti Donald Tramp qərara münasibət bildirərək özünün “Truth Social” hesabında İrana təşəkkür edib. Bununla belə, o qeyd edib ki, İranla bağlı məsələlərə görə dəniz blokadası qüvvədə qalacaq və yalnız İranla aparılan əməliyyatlar tam başa çatdıqdan sonra ləğv olunacaq. Tramp...
Dünya

Tramp İsrail və Livan arasında 10 günlük atəşkəs elan edib

17 Aprel 2026

Getty Images/Andrew Harnik

ABŞ prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. O, özünün “Truth Social” hesabında yazıb ki, Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlardan sonra tərəflər rəsmi atəşkəs elan etməyə razılaşıblar. Atəşkəs rejiminin aprelin 17-nə keçən gecə qüvvəyə mindiyi bildirilir. ABŞ prezidenti həmçinin hər iki ölkənin liderini Vaşinqtona danışıqlara dəvət etdiyini qeyd edib. İsrail mediasının məlumatına görə, hökumətin bəzi nazirləri Netanyahudan Livanla atəşkəs məsələsini səsverməyə çıxarmağı tələb etsələr də, baş nazir bunun baş tutmayacağını deyib. Netanyahu İsrail qüvvələrinin atəşkəs günlərində strateji mövqelərdə qalacağını bildirib və məsələ ilə bağlı əlavə müzakirələr...

Seçilmiş Videolar

Toplum TV loqo