Siyasət

Azərbaycan və Rusiya: ayrılsaq da, bərabərik... 
 

8 İyul, 2025
88

Foto: AP

Yaranmış gərginlik iki ölkə arasında qırılma və toqquşma ilə nəticələnə bilməz

Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin tədricən səngiməsi müşahidə edilir. Hələ ki Bakı və Moskva arasında bu mövzuda rəsmi təmas və müzakirə olmayıb, amma Azərbaycan tərəfinin media müstəvisində antirusiya təbliğatının “doza”sını aşağı saldığı göz önündədir.

Bu səngimədə İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycandakeçirilən 17-ci zirvə görüşü də rol oynadı. 
 
Rəsmi və iqtidara yaxın mediada məhz Xankəndidəki 4 iyul tarixli toplantı və görüşlər xüsusi qabardılaraq Rusiya ilə yaşanan problem arxa plana atıldı – şübhə yoxdur ki, “yuxarı”dan belə bir təlimat verilmişdi.
Sosial mediada eyni və bənzər cümlələrlə o qədər çox paylaşım var idi ki, bunların bir mərkəzdən gələn tezislər əsasında yazıldığını anlamaq çətin deyildi. Çox qısa müddət əvvəl – İsrail və İranın müharibəsi zamanı İsrailə açıq dəstək verib İran rejimini lənətləyən, bu dövlətin parçalanması və bütöv Azərbaycan yaranması arzusunu böyük həyəcanla dilə gətirən adamların (jurnalistlər, QHT nümayəndələri, siyasətçilər) məhz elə İranın birliyini, bütövlüyünü təmin etmək missiyası ilə vəzifəyə gətirilmiş türk əsilli prezident Pezeşkianla bağlı romantik-sentimental sətirlərini görmək maraqlı mənzərə idi, amma təəccüblü deyildi. Çünki elektron poçt qutularına və ya daxil edildikləri “WhatsApp” qruplarına gündəlik rejimdə gələn tezislər əsasında yazı yazanlardan, rəy bildirənlərdən siyasi əqidə, müstəqil mövqe, fikirlərində məntiqi ardıcıllıq gözləmək əbəsdir. 
 
Təkrar Rusiya mövzusuna qayıdaq. 
 
İki ölkə münasibətlərində problem ilk növbədə ondan qaynaqlanır ki, Moskva Azərbaycan Respublikası da daxil olmaqla, özünün keçmiş müstəmləkələrinin müstəqilliyini və suverenliyini hələ də həzm edə bilməyib. Əsrlər boyu formalaşmış idarəçilik refleksləri əvvəl rus imperiyasının ərazisi, sonra SSRİ-nin subyektləri olmuş yeni müstəqil dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağı əngəlləyir. Rusiya prezidenti Putin postsovet ölkələrindən olan tərəf müqabilləri ilə zahirən nə qədər səmimi, mehriban, nəzakətli davransa da, o, imperialist-ekspansionist rus dövlət ənənələrini dəyişə, yox edə bilməz. 
Kolonial baxış konkret situasiyalarda özünü göstərir. Məsələn, 2024-cü ilin dekabrında Azərbaycan sərnişin təyyarəsinin Rusiya səmasında vurulması zamanı olduğu kimi. Bu hadisədən sonra Azərbaycan hakimiyyətinin etirazının kökündə dayanan əsas səbəb təyyarənin vurulması faktından çox təyyarə vurulduqdan sonra Rusiya dövlət orqanlarının laqeyd və aşağılayıcı davranış tərzi idi. Hətta rəsmi təsdiqini tapmayan bəzi iddialara görə, həmin gün Rusiyaya səfərə gedən Azərbaycan prezidentinin təyyarəsinə də hansısa təhlükə olub və Bakının qəzəbi məhz bununla əlaqədardır. Bu iddiaların doğru olub-olmamasından asılı olmayaraq, Rusiya ilə əlaqələrin o vaxtdan bəri istiləşmədiyi və qarşılıqlı etimadın ciddi şəkildə sarsıldığı göz qabağında idi. 
Müttəfiqlik sənədi imzalanmasına baxmayaraq, Rusiyanın onlara gerçək baxışı həmin olaydan sonra Azərbaycan rəhbərliyinə sanki bir daha əyan oldu. İlham Əliyev atdığı addımlar, verdiyi açıqlamalarla özünə bu cür münasibəti qəbul etməyəcəyini, kiçik qardaş rolunu oynamaq istəmədiyini qarşı tərəfin nəzərinə çatdırmağa çalışdı. O, Rusiyanın əndazəsini aşmış davranışlarından sonra münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət çəriçivəsinə oturtmağa cəhd etdi. Putinin üzrxahlığı Bakını tam qane etməsə də, hər halda, əhəmiyyətsiz deyildi və Moskvanın hərarəti azaltmaq, Azərbaycanla əlaqələri qorumaq niyyətini göstərirdi. Lakin Yekaterinburq olayı, necə deyərlər, bir çuval ənciri yenidən bərbad etdi. 
 
Hamıya məlum olduğu kimi, Rusiyada bu cür hadisələr ilk dəfə baş vermir. 90-cı illərdən bu yana orada dəfələrlə azərbaycanlı və digır əmək miqrantlarına qarşı zorakılıq, yaralama, qətl hadisələri törədilib. Üstəlik, nəzərə alınmalıdır ki, Yekaterinburqda vəhşiliyə məruz qalan azərbaycanlılar Rusiya vətəndaşıdır. Azərbaycan hakimiyyətinin ənənəvi nöqteyi nəzəri ilə yanaşsaq, baş verənlərə Rusiyanın daxili işi kimi də baxmaq olar. Lakin Bakının reaksiyası çox sərt oldu. Hətta dövlət televiziyasında və digər rəsmi media orqanlarında birbaşa Putin özü hədəf alındı, onun və rus dövlətinin ünvanına daha əvvəl görünməmiş şəkildə ağır ittihamlar yazıldı, səsləndirildi. Bakı Yekaterinburq hadisəsini adi kriminal olay və Rusiya güc strukturlarının ənənəvi zorakılığı kimi yox, təyyarə hadisəsinin davamı və siyasi mesaj kimi qəbul edib. Bunu Azərbaycan, Ermənistan və Türkiyə arasında regional sülh və əməkdaşlıq, o cümlədən Zəngəzur nəqliyyat kommunikasiyası ilə bağlı gizli razılaşma olması ilə izah edənlər, Moskvanın eyni anda həm Əliyevə, həm də Paşinyana təzyiq edərək onları bu anlaşmadan vaz keçirməyə çalışdığını söyləyənlər də var. Mümkündür, amma yaranmış vəziyyəti iki ölkə arasında qırılma, qopma ilə nəticələnəcək çox ciddi qarşıdurma kimi qiymətləndirmək doğru olmaz. Hər iki ölkənin mediasında jurnalistlərin və şərhçilərin bir-birinə alov püskürmələri heç də real durumu əks etdirmir. Sadəcə olaraq, Azərbaycan tərəfi Rusiyanın addımlarına güzgü effekti ilə cavablar verərək “Qafqazın Belarusu” olmaq istəmədiyini, müttəfiqliyi də, strateji tərəfdaşlığı da iki bərabər tərəfin münasibətləri kimi təsəvvür etdiyini bir daha Moskvanın nəzərinə çatdırmaq istəyir. Təyyarənin vurulmasından sonrakı analoji cəhd qarşı tərəfdən lazımi səviyyədə diqqətə alınmadığı üçün Bakı bu dəfə daha sərt ritorika və praktik addımlara üstünlük verib. 
 
Görünən odur ki, media müstəvisindəki gərginlik eyni şəkildə rəsmi müstəviyə proyeksiya edilmədi. Prezidentlər səviyyəsində hələ ki, hər hansı açıqlama yoxdur. Rusiya rəsmi sözçüləri təmkinli açıqlamalar verirlər. Putinin sözçüsü Peskov Azərbaycanla yaxın tərəfdaşlıq və müttəfiqliyi qorumaq istədiklərini söyləyib. Bütün bunlar Rusiyanın Azərbaycana qarşı mümkün destruktiv addımları ilə bağlı ictimaiyyətdə mövcud olan narahatlıqların əsaslı olmadığını göstərir. Əslində Azərbaycan rəhbərliyi gərginliyin dərəcəsini bilavasitə özü tənzimləyərək prosesi nəzarətdən çıxmayacaq şəkildə idarə etdi və edir. Şübhə yoxdur ki, Rusiyanı çox yaxşı tanıyan prezident Əliyev qarşı tərəfin mümkün reaksiyalarını qabaqcadan hesablayaraq addımlar atır. Aydındır ki, o, Rusiyanın Azərbaycanda 90-cı illərdəkinə bənzər qorxunc əməllər (terror, qiyam, qətl və s.) törətməsinə səbəb olacaq qərarlar qəbul etməz, situasiyanın o həddə çatmasına yol verməz. Rusiya tərəfinin təmkini isə onun göstəricisi ola bilər ki, Moskva yaranmış gərginliyinAzərbaycanın onun əleyhinə - Qərbin xeyrinə geosiyasi seçim etməsinə səbəb olmayacağına və Bakının hər zaman olduğu kimi, Moskvanın regional maraqlarını diqqətə almağa davam edəcəyinə inanır. 
 
Rusiya-Azərbaycan münasibətlərində qarşılıqlı etimad ola bilsin ki, aradan qalxıb, lakin belə bir etimadın olması zəruri şərt deyil, tərəflərin tamamilə praqmatik maraqlardan çıxış etdiyi məlumdur. Başqa bir amil də budur ki, avtoritar rejimlər bir-birinin dilini yaxşı başa düşür və zaman-zaman aralarında mübahisələr, gərginliklər baş versə də, masaya oturub razılıqəldə etmək onlar üçün problem deyil. İllər öncə Türkiyə televiziyalarında yayınlanan “Ayrılsak da beraberiz” adlı serial var idi. Azərbaycan-Rusiya münasibətlərinin xarakterini də buoksimoron serial adına bənzətmək olar.

“Toplum TV”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır 

8 İyul 2025

Foto: Getty Images

Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.  Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.  Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir. "Bu, o demək ola bilər ki, Azərbaycanla yeni gərginliklər Kremlin tərəfindən süni şəkildə yaradılıb. Kremlin Yerevandakı Paşinyan hökumətini devirmək və onun yerinə Rusiyanın diktəsi ilə formalaşdırılmış yeni bir hökumət gətirmək, daha sonra isə bu hökuməti Azərbaycana qarşı hərbi əməliyyata cəlb etmək planı qurur", - siyasətçi iddia edib.  Saakaşvili Rusiyanın həm Ermənistana, həm də Azərbaycana...
Siyasət

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

4 İyul 2025

Foto: APA

Moskva vilayəti Azərbaycanlıları Regional Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığı ləğv olunub. O, APA-ya məlumatı təsdiqləyib. Məlumata görə, vətəndaşlıqdan məhrumetmə “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə” baş verib. E.İbrahimov bildirib ki, bir neçə gündən sonra Azərbaycana qayıdandan sonra bu barədə açıqlama verəcək. Elşən İbrahimov vətəndaşlığının ləğvinin səbəbini bir neçə gün sonra Azərbaycana qayıdanda açıqlayacağını bildirib. Rusiya ilə Azərbaycan arasında münasibətlər Yekaterinburqda polisin bir neçə etnik azərbaycanlının həbsi və illər əvvəl törədilmiş qətl ittihamı ilə nəticələnən reydindən sonra kəskin şəkildə pisləşib. Gərginlik fonunda Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus vətəndaşları zorakılıqla həbs edilib.

Seçilmiş Videolar

Toplum TV loqo