Foto/kollaj: Toplum TV
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan siyasətə qayıtdığını açıqlayıb.
Oktyabrın 7-də mətbuat konfransı keçirən keçmiş dövlət başçısı gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyini dilə gətirib.
O, həmçinin, baş nazir Nikol Paşinyanın yenidən seçilmə "şansının sıfır" olduğunu deyib. Koçaryan inanır ki, özünün başçılıq etdiyi Ermənistan İttifaqı partiyası rusiyalı milyarder Samvel Karapetyanın quracağı yeni partiya ilə birlikdə Paşinyanın Mülki Müqavilə partiyasını parlamentdən çıxaracaq.
Siyasətçi daha sonra ölkəsi ilə Azərbaycan arasında sülh prosesindən danışıb. O, avqustun 8-də ABŞ prezidentinin şahidliyilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin bağladığı razılaşmaların ölkəsinə konkret faydalar verməyəcəyini deyib.
“Bu razılaşma Ermənistana yalnız problemlər gətirdi. ABŞ tranzit dəhlizi və faktiki olaraq Ermənistan–İran sərhədi üzərində nəzarət imkanı əldə etdi. Azərbaycan tranzit dəhlizi, ATƏT-in Minsk Qrupunun ləğvi və ABŞ-nin Azərbaycana silah tədarükünə qoyduğu qadağanın aradan qaldırılmasını qazandı. Ermənistan isə heç nə qazanmadı", - Koçaryan bildirib.
O, Paşinyanın Ağ Ev görüşündən sadəcə “Trampın imzası olan bir foto" və "hüquqi qüvvəsi olmayan bir sənəd” əldə etdiyini deyərək baş nazirin “Ağ Evdə bir alət” olduğunu bildirib.
Mətni paraflanan sülh müqaviləsinə də toxunan Koçaryan xəbərdarlıq edib ki, “əgər təminatçıları olmazsa, bu sənəd sülh üçün yox, seçkilər üçün hazırlanmış bir kağız parçası olacaq.”
İkinci Qarabağ Müharibəsindən də danışan keçmiş prezident müharibənin "təkcə Azərbaycanın hərbi əməliyyatlarının deyil, həm də Ermənistanın Rusiyaya xəyanətinin nəticəsi" olduğunu deyib. O, hesab edir ki, Moskva "geosiyasi istiqamətini Rusiya əleyhinə dəyişən bir müttəfiq üçün" hərbi müdaxiləyə meyilli olmayıb.
“Sizə xəyanət etmiş dostunuz üçün döyüşə atılarsınız? Məncə, yox", – o qeyd edib.
Koçaryan erməniləri “ruslara qarşı incikliyi dayandırmağa” və Moskvanın mövqeyini anlamağa çağırıb.
Koçaryanın bəyanatları özünün hüquqi çəkişmələri olduğu dövrə təsadüf edir. Bu ilin avqust ayında Ermənistan hakimiyyəti Koçaryan və digər keçmiş rəsmilərdən 2008-ci ildə seçki sonrası etirazlar zamanı öldürülmüş qurbanların ailələrinə kompensasiya olaraq 1,7 milyon dolların müsadirə olunmasına qərar verib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın təqiblər zamanı qurbanların hüquqlarını pozduğunu qərara alıb. Koçaryan bu hüquqi addımların siyasi motivli olduğunu və məhkəmə qərarının birbaşa onu məsuliyyətə cəlb etmədiyini iddia edib.
Bütün bu çətinliklərə baxmayaraq, Koçaryan öz siyasi alyansının 2026-cı il parlament seçkilərində iştirak etməyi planlaşdırdığını təsdiqləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Putin: AZAL təyyarəsi çox güman ki, Rusiya səmasının müdafiəsi zamanı zədələnib
Foto: Azərtac
Foto: TASS
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır