Putin: AZAL təyyarəsi çox güman ki, Rusiya səmasının müdafiəsi zamanı zədələnib
Foto: Azərtac
Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında qəzaya uğramış AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən zədələndiyini etiraf edib.
Putin görüşün mətbuat üçün açıq hissəsinə məhz təyyarə qəzası haqqında danışaraq başlayıb.
O bildirib ki, həmin gün Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın üç pilotsuz uçuş aparatını hədəfə alıb, daha sonra isə iki raket atıb və onlar “AZAL-a məxsus təyyarədən bir neçə metr məsafədə partlayıb”. Putin əlavə edib ki, təyyarə “çox güman ki, birbaşa mərmidən deyil, qəlpə parçalarından” zədələnib.
Onun sözlərinə görə, ekipaja Maxaçqalada eniş etmək imkanı təklif olunub, lakin onlar nəticədə Bakı hava limanına qayıtmağa qərar veriblər.
“Bizim borcumuz - bir daha təkrarlayıram, bunu lap əvvəldən razılaşdırmışdıq – baş verən hər şeyə obyektiv qiymət vermək və hadisənin əsl səbəbini açıqlamaqdır. Təbii ki, Rusiya bu cür faciəvi hallarda tələb olunan bütün addımları atacaq, zərərçəkənlərə kompensasiya veriləcək və bütün rəsmilərin hərəkətlərinə hüquqi qiymət veriləcək", - o qeyd edib.
Əliyev isə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı "vəziyyəti şəxsən nəzarətdə saxladığına görə" Putinə təşəkkür edib.
"Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - dövlət başçısı bildirib.
AZAL-ın sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə xilas edilib.
Ertəsi gün "Reuters" və "Euronews" Bakıdakı rəsmi mənbələrə istinadən xəbər vermişdi ki, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulub və pilotlara Rusiyanın hava limanına eniş etməyə icazə verilməyib, əvəzində Qazaxıstana uçmaq əmri verilib.
Təyyarə qəzasından üç gün sonra Kremlin mətbuat xidməti Putinin Əliyevdən “Rusiya hava məkanında baş vermiş faciəvi hadisəyə” görə üzr istədiyini, lakin təyyarə qəzasına görə məsuliyyəti qəbul etmədiyini açıqlayıb. Azərbaycan prezidenti isə bir neçə dəfə ictimai şəkildə Rusiyanı qəza üçün günahlandırıb və onun rəhbərliyindən hesabat tələb edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Foto: TASS
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır