Siyasət

Laçın dəhlizi ilə bağlı təzyiqlər: “Qərbin bəyanatları hökuməti narahat etmir”

1 Avqust, 2023
2519

Açıq mənbələrdən götürülüb

Laçın dəhlizi

"Əgər doğrudan da Ermənistanı Qarabağdakı ermənilərin aclığı narahat edirsə, hansı yoldan istifadə etməyin önəmi olmamalıdır".

Bunu siyasətçi Seymur Həzi Azərbaycan tərəfinin rəsmi Yerevana Laçın yoluna Ağdam-Xankəndi yolunu alternativ kimi təklif etməsi ilə bağlı deyib.

Rəsmi Bakı iyulun 26-da Ermənistandan göndərilən 360 ton humanitar yardımı daşıyan konvoyun Laçın buraxılış məntəqəsindən keçməsinə icazə verməyərək alternativ yol kimi Ağdam-Xankəndi marşrutnu təklif edib.

Azərbaycanın Qarabağda humanitar böhran yaratması ilə bağlı iddialarla çıxış edən ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının nümayəndəsi Josep Borel isə Laçın dəhlizinin açılmasının zəruriliyini vurğulayan açıqlamalar veriblər.

Azərbaycan Xarici İşlər Nazirliyi iddialarla razılaşmayaraq, iyulun 27-də Josep Borelə cavab olaraq verdiyi bəyanatda Ermənistanı təxribatda ittiham edib:

“Laçın buraxılış məntəqəsinə qarşı 15 iyun tarixində silahlı hücuma, qaçaqmalçılıq cəhdlərinə, eləcə də 26 iyul tarixində “humanitar yük” adı altında avtomobil konvoyları göndərilməsi təxribatına baxmayaraq, Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən BQXK ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidini təşkil edib, BQXK vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.”

“Sülhməramlı qoşunların nəzarətdə saxlanılmasına hesablanıb”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ağdam-Xankəndi yolu təklifini hökumətin həm bölgədəki Rusiya qoşunlarının, həm də separatçıların hərəkətini tam nəzarəti altına almağa çalışması kimi qiymətləndirir:

"Birincisi, hökumət sübut etmək istəyir ki, öz ərazisində qərarlar qəbul edən yalnız Azərbaycan tərəfidir. İkincisi isə Ağdam-Xankəndi yolu təklifi sülhməramlı qoşunların və onların bölgədə hərəkətinin Azərbaycan tərəfinin tam şəkildə nəzarətində saxlanılmasını təmin etməyə hesablanıb. Konvoy problemi isə bu məsələyə qarşı təşkil olunub”.

Tofiq Zülfüqarov - Açıq mənbələrdən götürülüb

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel iyulun 27-də verdiyi bəyanatda Ağdam-Xankəndi yolunu alternativ hesab etməmişdi:

"Biz Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə də yüklərin çatdırılmasına hazır olduğunu qeyd etmişik. Amma buna Laçın dəhlizinin açılmasına alternativ kimi baxmaq olmaz".

Tofiq Zülfüqarov isə bildirir ki, Qərb siyasi dairələrinin bəyanatları hökuməti narahat etmir:

"Azərbaycan tərəfini hansısa diplomatik təzyiq narahat etmir, ümumiyyətlə belə halın yaşanacağına inanmıram. Təzyiqlərdə isə təkcə Fransaya yaxın dairələr iştirak edirlər, ABŞ tərəfi isə alternativ yolu istifadəsinə mümkün hal kimi baxır. Humanitar ehtiyacları olan üçün yolun nə fərqi var?”

“Ərzaqlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmayıb”

Milli Məclisin deputatı Fazil Mustafa hesab edir ki, hökumət Yerevandan göndərilən ərzaqların təhlükəsiz olduğuna əmin olmadığı üçün konvoyun hərəkətinə icazə verməyib:

"Burda dövlətin suverenlik prinsipi var. Dünya praktikasında bu var, məsələn, İranda zəlzələ baş verəndə bəzi dövlətlərin yardımlarını ölkəyə buraxmamışdı. Bizim Ermənistanla qonşuluq münasibətlərimizi tənzimləyən hər hansı müqavilə yoxdur.  Ən böyük ehtimal da Qarabağda ermənilərin zəhərlənmə ehtimalıdır ki, göndərilən ərzaqlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmayıb. Niyə icazə verməliyik ki, inteqrasiyasını düşündüyümüz erməni vətəndaşlarımız sağlamlıq problemi yaşasın? Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu isə birbaşa dövlətin hüdudları ilə bağlı məsələdir." 

Fazil Mustafa - Açıq mənbələrdən götürülüb

İyulun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa yüklərin başqa yollarla çatdırılmasını müzakirə etmək üçün heç bir səlahiyyəti yoxdur. Nazir həmçinin Azərbaycanın "Laçın dəhlizini bağlamaqla Dağlıq Qarabağda humanitar böhran" yaratmaqda ittiham etmişdi.

Seymur Həzi Qarabağdakı humanitar böhran iddiaları ilə razılaşmır. Onun sözlərinə görə, Ermənistanın məhz Laçın dəhlizi ilə hərəkət etmək istəməsi şübhə doğurur:

"Düşünürəm ki, Azərbacan hökumətinin məhz Ağdam-Xankəndi marşrutunu təklif etməsi separatçıların həmin yolu minalamasının qarşısı almaq məqsədi daşıyır. ABŞ və Avropa İttifaqının alternativ yol təklif olunduğu halda Azərbaycana diplomatik təzyiq göstərəcəyini isə gözlənilən hesab etmirəm".

Seymur Həzi - Sosial Media

Ağdam-Xankəndi yolunun əhəmiyyəti

Hərbi ekspert Üzeyir Cəfərovun dediklərinə görə, Ağdam-Xankəndi yolunu Qarabağ separatçılarının silahlandırılmasının qarşısını alacaq:

"Ağdam-Xankəndi yolunun istifadəsi birbaşa olaraq Qarabağa silah daşınmasının qarşısını alacaq. Azərbaycanın təklif etdiyi marşrut həm vəziyyəti daha rahat nəzarət etməyinə imkan yaradacaq, həm də Qarabağ erməniləri ilə kommunikasiya əlaqələrini normallaşdıraraq, gələcək inteqrasiyanı rahatlaşdıracaq”.

Ekspert əlavə edir ki, yol Xocalı aeroportuna da alternativdir:

"Strateji əhəmiyyətli Ağdam-Xankəndi yolu rus qoşunlarının istifadəsində olan Xocalı aeroportunun əvəzidir demək də olar. Avropa İttifaqının, yaxud ABŞ-ın verdiyi bəyanatlar Azərbaycanı təhlükəsizliyi bahasına bundan imtina etməyinə əsas verməməlidir." - , deyə o qeyd edib.

Üzeyir Cəfərov - Açıq mənbələrdən götürülüb

Bu gün, avqustun 1-də Dövlət Departamenti açıqlamasında növbəti dəfə "Azərbaycanın Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələri üçün blokadada saxlanmasını davam etdirməsindən dərin narahatlığını" dilə gətirib.

Bu barədə "Amerikanın Səsi"nin erməni xidmətinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.

"Hərəkətin dayandırılması humanitar vəziyyəti daha da pisləşdirir və sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır.

Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst hərəkəti dərhal bərpa edilməlidir", - açıqlamada vurğulanıb. 

Dövlət Departamenti regionda sülhün "Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını ehtiva etdiyini" bildirib. Həmçinin bu çərçivədəki "dialoqda irəliləyişi alqışladığını" qeyd edib.

Azərbaycan tərəfi hələlik bu bəyanata cavab verməyib. 

Mirzəbəy Əzimli 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Metyu Miller: “Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki…”

21 Noyabr 2024

Amerikanınsəsi

Vaşinqton siyasi məhbusların azad edilməsi üçün Azərbaycana təzyiqləri davam etdirəcək.  Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə belə deyib. Turan xəbər agentliyinin Vaşinqton müxbiri ondan “COP29 Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün "itirilmiş fürsət" oldumu?” deyə soruşub. MetyuMiller belə cavab verib:  "Bizim insan hüquqlarını müdafiə etməmiz heç bir konfransla bağlı deyil. Bu gündəlik baş verən bir şeydir; COP29-dan əvvəl başlayıb və ondan sonra da davam edəcək". Azadlıq Radiosu ilə əməkdaşlıq edən və beş aydır həbsdə olan Fərid Merhalizadə haqqənda isə Dövlət Departementinin nümayəndəsi bunları deyib: "Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işlərilə məşğul olmaq hüquqlarına hörmət...
Siyasət

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib

21 Noyabr 2024

Qafqazinfo

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə riskinin artması ilə bağlı xəbərdarlıq edib.  Səfirlik Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarından yerli dövlət orqanlarının bütün tövsiyələrinə əməl etməyə, hava həyəcanı siqnalı zamanı sığınacaqlara keçmələrini xahiş edir. Bundan başqa bidlirilir ki, bu ölkədə təhlükəsizlik riskləri artması haqda  yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq. Noyabrın 20-dən Kiyevdə fəaliyyət göstərən bir sıra səfirliklər, o cümlədən ABŞ, İtaliya, İspaniya, Yunanıstan öz səfirliklərini bağlayıb. Xəbərdarlıq Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki silah anbarını vurarkən ABŞ-ın uzaqmənzilli raketlrkənərindən istifadə etdiyi xəbəri yayıdıqdan sonra edilib.    

Seçilmiş Videolar

Toplum TV loqo