Toplum TV
"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev 10 gündür keçirdiyi aclıq aksiyasını dayandırıb.
Bu barədə o, ailə üzvləri vasitəsilə "Toplum TV"-yə xəbər verib.
R.Babayevin müraciətini olduğu kimi təqdim edirik.
"Aclığın onuncu günü tamam olduqda məqsədimə çatmadan aksiyanı dayandırmalı oldum. Bu yazıda aclığı davam etdirməyimi çətinləşdirən amilləri, onu dayandırmağa məcbur edən səbəbləri və aclıq nəticəsində əldə etdiyim bəzi kiçik nailiyyətləri qeyd etmək istəyirəm.
Aclığa qarşı fiziki müqavimətimin təxminən 25 gün davam edəcəyini hesablayırdım. Lakin sağlamlıq vəziyyətim və yalnız adi su ilə (şərbət, çay və ya digər mayelər qəbul etmədən) aclıq etməyim bu hədəfə çatmağımı xeyli çətinləşdirirdi. Son bir ay ərzində əvvəlcə uzunmüddətli quru aclıq keçirmiş, daha sonra isə yalnız su ilə aclığı davam etdirmişdim. Buna görə də orqanizmim quru aclıqdan sonra yaranmış mədə yarasının tam sağalmamasının və bərpa üçün kifayət qədər vaxt keçməməsinin fəsadlarını göstərməyə başladı.
Aclığın son iki günündə qan qusmaqla yanaşı, bütün bədənimdə səpkilər əmələ gəlmiş, ayaqlarımda isə göyərmələr müşahidə olunmuşdu.
Yalnız su ilə aclıq etməyin çətinliyi ilə bağlı təcridxananın aclıq kamerasının yerləşdiyi korpusa cavabdeh şəxslərdən biri mənimlə bir fikir bölüşmüşdü:
“Aclığın adını dəyərdən salıblar. Son on ildə bura 500 nəfər aclıq aksiyasına gəlibsə, onlardan cəmi üç nəfər həqiqətən aclıq edib. Onlardan biri sənsən, biri ..., biri də ... [Ramil Babayev özü həmin şəxslərin adlarını açıqlamamağa qərar verib - red.] Qalanları əllərinə keçəni yeyib, sonra da deyiblər ki, aclıq edirlər”.
Əlbəttə, bu sözləri mütləq həqiqət kimi təqdim etmirəm. Aclıq kamerasına keçmədən öz kameralarında qalaraq həqiqi aclıq aksiyası keçirən bəzi siyasi məhbusları da bu siyahıya əlavə etmək olar.
Məni aclığı dayandırmağa vadar edən əsas səbəblərdən biri [eyni iş üzrə həbs olunmuş, IDI rəhbəri] Akif Qurbanovun və ["Toplum TV" əməkdaşları] Fərid İsmayılov və Müşfiq Cabbarın mənə dəstək məqsədilə aclığa qoşulması, eləcə də ailəmin, ["Toplum TV" həmtəsisçisi] Ələsgər Məmmədlinin və Akif Qurbanovun təkidli xahişləri oldu. Mən öz etirazımı davam etdirmək naminə digər insanların sağlamlığını riskə atmağa mənəvi haqqımın olmadığını düşünürdüm. Buna görə də, yoldaşlarımın aclığa başlaması və digər şəxslərin də bu istiqamətdə niyyət bildirməsi aksiyanı dayandırmaq qərarıma təsir göstərən əsas amillərdən biri oldu.
Aclığı dayandırmağıma səbəb olan daha bir məqamı da qeyd etmək istəyirəm. Quru aclıq keçirdiyim dövrdə veqan dostlarımdan biri mənə geniş məzmunlu bir məktub göndərmişdi. Həmin məktuba cavabımda yazmışdım:
“Doğru deyirsən. Aclıq özünə qarşı fiziki işgəncə həddinə çatdıqda, buna veqanizmin dünyaya zorakılıqsız yanaşma prinsipi çərçivəsində yenidən baxmaq lazımdır”.
Mən ona növbəti aclıq aksiyasında bu fikirləri nəzərə alacağıma dair söz vermişdim. Həmin xanım hazırda ailə və dövlət təzyiqlərindən xilas olmaq üçün ağır şəraitdə mühacir həyatı yaşadığına görə adını qeyd etməyəcəyəm. Lakin məktubundakı bəzi fikirləri sizinlə bölüşmək istəyirəm:
“Bu məktubu sənə yalnız şəxsi tanış kimi deyil, eyni zamanda dünyanı istismar, zorakılıq və susdurma üzərində quran sistemə qarşı mövqe tutan bir insan kimi yazıram.
Səsinin bloklandığı, özünü ifadə imkanlarının sistemli şəkildə məhdudlaşdırıldığı bir şəraitdə insanın bədəni sonuncu siyasi vasitəyə çevrilir. Bu, sadəcə fərdi seçim deyil, sistemli zorakılığın yaratdığı məcburi siyasi etiraz formasıdır... Kapitalist və avtoritar sistemlər təkcə insan əməyini deyil, ümumilikdə canlılığı bir resurs kimi görür. İnsan bədəni istismar edilir, cəzalandırılır və nəzarət altına alınır. Heyvanların bədənləri isə sənayeləşmiş zorakılığın obyektinə çevrilir... Torpaq, su, ekosistem - hamısı eyni məntiq çərçivəsində istismar olunur.
Bu baxımdan mənə elə gəlir ki, sənin aclıq aksiyan da həmin sistemə qarşı yönəlmiş çox sərt bir cavabdır. Sən öz bədənini bu zorakılığın qarşısına qoyursan. Düzünü desəm, aclıq aksiyaları ilə bağlı xəbərlər oxuyanda həmişə ziddiyyətli hisslər keçirirəm. Bir tərəfdən həyatın dəyərini müdafiə edirik, digər tərəfdən isə bu mübarizə bəzən bizi öz həyatımızı riskə atmağa qədər aparır. Açığı, yanlış bir fikir ifadə etməkdən çəkinirəm. Çünki sənin iradəni qırmaq istəmirəm. Əksinə, bunu çox ciddi və güclü bir mövqe hesab edirəm. Amma məhz buna görə deyirəm ki, bu iradənin davam etməsi üçün sənin yaşamağın lazımdır. Qan qusmaq bədənin artıq “dayan” deməsidir. Bizim mübarizəmiz ölüm üzərində qurula bilməz. Biz həyatın tərəfindəyik. Həyatın alçaldılmasına və dəyərsizləşdirilməsinə qarşı çıxırıqsa, o zaman öz həyatımızı qorumaq da bu mübarizənin ayrılmaz hissəsi olmalıdır. Bir veqan kimi dünyagörüşümüz həyatın qorunması və yaşadılması prinsipinə əsaslanır. Sənin nəfəsin, sənin nitqin, gələcəkdə deyəcəyin sözlər – bunların hamısı bu mübarizənin bir hissəsidir. Və bu mübarizə sənin yaşamağınla daha güclü olur.
Özünü qoru. Yaşa ki, mübarizə yaşasın.”
Yekunda aclıq nəticəsində əldə etdiyim bəzi kiçik nəticələri də qeyd etmək istəyirəm.
1. [Bakı İstintaq Təcridxanasının rəisi] Elnur İsmayılov [rəis müavini] Cavid Güləliyevin bir daha təcridxanada heç kimi döyməyəcəyi ilə bağlı söz verdi.
2. Cavid Güləliyevin səlahiyyətlərinin əsas hissəsi onunla müqayisədə daha humanist və adekvat bir şəxs olan Vahid Atakişiyevə ötürüldü.
3. Ötən ay etdiyim quru aclığın tələblərinin təmin olunması ilə bağlı real addımlar atıldı.
4. Əksər sahələrdə olduğu kimi, ədliyyə sistemində də cəzasızlıq mühitinin hökm sürdüyü təkzibolunmaz şəkildə sübuta yetirildi.
5. Azərbaycanda Ombudsman adlandırılan qurumun disfunksional və iflic vəziyyətdə olduğu bir daha sübuta yetirildi.
Ailə üzvləri və ya yaxınları penitensiar müəssisələrdə olan şəxslərdən xahiş edirəm ki, penitensiar müəssisələrdə baş verən işgəncə faktları ilə bağlı Penitensiar Xidmətin Çağrı Mərkəzinə (889) və ya müstəqil media orqanlarına məlumat versinlər.
İndiki mərhələdə zorakılıqla mübarizənin yeganə effektiv üsulu kimi zorakılıq qurbanlarının öz hüquqlarını bilməsi və etirazlarını dilə gətirməsi görünür."
Daha öncə aprelin sonunda aclıq aksiyasına başlamış R.Babayev 8 gün sonra aksiyasına müvəqqəti fasilə vermişdi. Babayev bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin tələblərinin yarıdan çoxunu yerinə yetirməsi ilə izah etmişdi.
Lakin onun sözlərinə görə, rəis müavini Cavid Güləliyevin bir məhbusa işgəncə verdiyinin şahidi olduqdan sonra aksiyanı bərpa edib.
Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var idi.
O, həmçinin, Cavid Güləliyev barəsində Cinayət Məcəlləsinin işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və başqa bir neçə maddəsi üzrə araşdırma aparılmasını tələb edirdi.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”
sosial media
AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”