Ramil Babayev ədliyyə nazirinə: “Təcridxananın rəis müavininin qanundan kənara çıxmasının qarşısını alın”
Toplum TV
"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.
Müraciəti olduğu kimi təqdim edirik.
Hörmətli Fərid bəy, mən Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin təcridxanada təqsirləndirilən şəxsləri vəhşicəsinə döyməyinə etiraz olaraq 5 gün quru aclıq olmaqla, ümumilikdə 17 gün aclıq etmişəm. Yekunda təcridxananın rəisi Elnur İsmayılov Cavid Güləliyevin bir daha təcridxanada heç kimi döyməyəcəyi ilə bağlı söz verib.
Bundan əlavə, Penitensiar Xidmətin rəisi general Mirsaleh Seyidov da "Niyə təcridxanadan olan şikayətlərin hamısı səninlə bağlıdır?" sualı ilə Güləliyevə qanunsuz davranışları ilə bağlı iradını bildirib. Buna baxmayaraq, Güləliyev öz rəisinin verdiyi sözü heçə sayır.
Onun göstərişlərinə zidd hərəkət edərək Elnur İsmayılovun təcridxanadakı nüfuz sahəsini qəbul etmir (və bu, ilk belə hal deyil). Həmçinin o, general Mirsaleh Seyidovun da iradına məhəl qoymur. Belə ki, yaxın günlərdə şəxsi tanışlığım olan, ictimaiyyətin də yaxından tanıdığı, lakin siyasi məhbus olmayan bir şəxs Güləliyevin ötən həftə ona qarşı fiziki zorakılıq etməsi ilə bağlı mənə məlumat çatdırıb.
Həmin şəxsin təhlükəsizliyi baxımından kimliyini açıqlamıram, lakin təcridxana xaricindən hansısa bir qurumun bu hadisəni araşdırmaq istəyəcəyi halda onlarla dəqiq tarix də daxil olmaqla bütün təfərrüatları bölüşməyə hazıram. Mən artıq bilmirəm ki, bu mağara insanı aqressivliyi ilə hansı üsulla mübarizə aparmaq mümkündür.
Güləliyevi nə aclıq aksiyaları, nə BMT-nin insan hüquqları ilə məşğul olan qurumlarına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinə ünvanladığım şikayət ərizələri dayandıra bilir, nə də generallar və polkovniklər tabeliklərindəki bu şəxsə söz keçirə bilir. Əgər səlahiyyətləriniz daxilindədirsə, rəislərini dinləməyən bu şəxs tabe olduğu naziri dinləyəcəksə, təcridxanadakı təqsirləndirilən şəxslər adından xahiş edirəm, Cavid Güləliyevin qanunun tələbləri çərçivəsində hərəkət etməsini təmin edin.
"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”
sosial media
AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib