Ramil Babayev: “İstintaq təcridxanalarında yarım əsrdir dəyişməyən sahələr var”
İllüstrasiya: Toplum TV
"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev Ədliyyə Nazirliyinə, Milli Məclisə və Ombudsmana açıq məktub yazıb.
O, məktubunda istintaq təcridxanalarında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması zərurətindən danışıb.
Məktubu olduğu kimi təqdim edirik.
XXI əsrin ikinci 25 illiyinə daxil olarkən insanların ehtiyaclarının dəyişdiyini, tələbatlarının artdığını nəzərə aldıqda, Penitensiar Xidmət müəssisələrinin, xüsusilə istintaq təcridxanalarının işində təkmilləşdirilmələrə ehtiyac duyulur. Penitensiar Xidmətdə dövrün çağırışlarına cavab verməyə istintaq təcridxanalarından başlamağı 3 məsələ şərtləndirir.
1. Buradakı şəxslər cəzaçəkmə müəssisələrindən fərqli olaraq təqsirsizlik prezumpsiyasının əhatəsindədirlər.
2. Müdafiə hüququ təcridxanada keçən dövrdə həyata keçirilir.
3. Bu dövr azadlıqdan məhrumetməyə adaptasiya dövrüdür.
Bakı İstintaq Təcridxanasında keçirdiyim 2 illik dövrdəki müşahidələrim əsasında yarım əsrdən çoxdur olduğu kimi davam edən, artıq dəyişiklik tələb edən 10 əsas sahə ilə bağlı təkliflərimi diqqətinizə çatdırıram.
1. Reabilitasiya proqramı.
Təcridxanalardakı təqsirləndirilən şəxslərin yarısından çoxu narkotik vasitə istifadəsi ilə əlaqəli cinayətlərdə ittiham olunurlar. Bu şəxslərdən bəziləri təcridxanadakı ilk günlərini keçirdikləri karantin binasında gün boyu və gecə saatlarında ağrıların təsiri altında bağırırlar, kamera şəraitinə keçdikdən sonra da şiddətli titrəmələr keçirirlər, aqressiv vəziyyətdə mübahisələrin yaranmasına səbəb olurlar. Bu şəxslərin təsvir etdiyim vəziyyətdən çıxması üçün istintaq təcridxanalarının reabilitasiya proqramlarına inteqrasiya edilməsi labüddür. Reabilitasiya proqramlarında istifadə olunan dərman preparatlarının istintaq təcridxanalarında qadağan olunmuş predmetlər siyahısında olduğunu nəzərə aldıqda, bu məsələ ilə bağlı hüquqi tənzimləmələr zərurəti ortaya çıxır. Reabilitasiya proqramlarının yalnız müsbət təcrübələrinin (bu şəxsləri "ayıltmaq" üçün üzərilərinə soyuq su tökülməsi, proqrama əməl etmədikdə zorakılıq tətbiqi kimi reabilitasiya müəssisələrində geniş yayılmış bəzi təcrübələr istisna olmaqla) könüllülük əsasında təqsirləndirilən şəxslərə təklif edilməsi insan haqlarının təmin edilməsi kontekstində qarşıda duran aktual məsələlərdən biridir.
2. Texnologiyadan istifadə.
Elektron məhkəmə sistemi islahatlarından bəhs edildiyi bir dövrdə, erməni əsilli şəxslərin məhkəməsində təqsirləndirilən şəxsin planşetdən istifadəsi də daxil olmaqla bütün texnoloji imkanlardan istifadənin mümkünlüyünün ortaya qoyulduğu bir mərhələdə kompüter istifadəsinə ən çox ehtiyacın olduğu istintaq təcridxanalarında texnoloji vasitələrdən istifadənin təqsirləndirilən şəxslərə birmənalı olaraq qadağan edilməsi kəskin disbalans yaradır. Belə ki, təcridxanalarda saxlanılanlar ibtidai istintaq və məhkəmə istintaqı dövründə olan şəxslərdir. Yəni, bu şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, arayışlarını və s. elektron formada tərtib edib elektron məhkəmə sisteminə daxil etmələri üçün kompüterdən istifadəyə ehtiyacları var. Bu mənada, kompüterə çıxış imkanının yaradılmasına müdafiə hüququnun tərkib hissəsi kimi baxılmalıdır. Həmçinin, təcridxana rəhbərliyi onlara ünvanlanan səliqəsiz xətlə yazılmış şikayət və ərizələri oxumaqda çətinlik çəkməkdən gileylənir. Ərizə və şikayətlərin də təcridxana daxilində kompüterlə təchiz olunmuş istintaq otaqlarında yazılmasına şərait yaradılması bu problemi də aradan qaldıra bilər.
3. Məhkəmə müddətləri.
İbtidai istintaq müddətinin aylarla məhdudlaşdırılması kimi həbs qətimkan tədbiri seçilməklə aparılan məhkəmə istintaqının müddəti də məhdudlaşdırılmalıdır. İllərlə təcridxanada bir neçə kvadrat metr otaqda hərəkətsiz qalmaq fiziki passivlikdən irəli gələn ürək-damar sistemi xəstəliklərinə, uzağı görmə qabiliyyətində itkilərə və stresin artması nəticəsində yaranan psixoloji sağlamlıq problemlərinə səbəb olur. Bununla yanaşı, cəzaçəkmə müəssisələrindən fərqli olaraq istintaq təcridxanalarında şəxslərin uzunmüddətli görüş və idmanla məşğul olmaq kimi hüquqlarından istifadə imkanının olmamasını nəzərə almaqla təcridxanada keçirilən müddətin minimuma endirilməsi üçün müvafiq tənzimləmələrə ehtiyac var.
4. Xarici görünüşə müdaxilə.
Təkcins insan yaratma təcrübəsinin qalığı olan saç düzümü ilə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır. Mövcud təcrübədə təcridxanada təqsirləndirilən şəxslərin qollarını zorakı formada bağlamaqla saç və saqqalının qırxılması təmin edilir. Halbuki, insanın özünü dəyərli hiss etməsinin bir komponenti də ətrafındakı insanların təsəvvüründəki obrazı ilə bağlı özünün qavrayışıdır və obrazı formalaşdıran elementlərdən biri də baş quruluşuna uyğun saç düzümünə malik olmaqdır. Bu nüansı nəzərə alaraq xarici görünüşə müdaxilə məsələsində liberallaşmaya getmək lazımdır.
5. Qadağan olunmuş əşyalar.
Təcridxana daxilində fləş yaddaş qurğularından istifadə qadağandır. Halbuki, bir çox istintaq materialları artıq elektron formada müdafiəçilərə təqdim olunur. Təqsirləndirilən şəxslərin müdafiə hüququnun bir hissəsi kimi həmin materialları elektron daşıyıcıda əldə edib kamera şəraitində televizor vasitəsilə təhlil etməsinə şərait yaradıla bilər. Bu üsul, həmçinin, kağız istifadəsini azaltmaq məqsədinə də xidmət edir. Musiqinin gərginliyi azaldan, meditativ təsirini nəzərə almaqla oxşar yanaşma kiçik həcmli musiqi pleyerlərinin qadağan olunmuş əşyalar siyahısından çıxarılmasında da tətbiq oluna bilər.
6. Fiziki zorakılıq.
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15.1.4-cü maddəsini işlək vəziyyətə gətirmək və ləyaqəti alçaldan rəftardan çəkindirmək məqsədilə fiziki zorakılıq tətbiq etmiş bir neçə ədliyyə zabiti sərt formada cəzalandırılmalıdır. Bu şəxslər artıq intizamı alternativ üsullarla tətbiq etməyi öyrənməlidirlər. Zorakılıq, əsasən, məhkumları ağrıdan əyləşə bilməyən vəziyyətə salan cəzaçəkmə müəssisələrini səciyyələndirən hal olsa da, təcridxanalarda da qolları bağlı vəziyyətdə yerə yıxıb təpikləmək, bədənin bir hissəsini yerə yıxıb göyərtmək həddinə qədər tətbiq edilir. Bunun qarşısını almaq üçün rəis müavinlərinin, rejim rəislərinin, problemlər şöbəsi əməkdaşlarının və s. təqsirləndirilən şəxslərlə təmasda ola biləcəyi hər nöqtənin kameralaşdırılması, kameraların daim işlək vəziyyətə saxlanılması və bu şəxsləri kadrdan çəkib kənara aparmağın qadağan edilməsi kimi qatı tələblər qoyula bilər. Zorakılıq məsələsinə vicdanlı davranışa məruz qalmaq konstitusion hüququnun bir parçası kimi baxılmalıdır.
7. Psixoloji yardım.
Yuxarıda qeyd etdiyim qanunun 15.1.22-ci maddəsinin tələbi yazılı sözdən praktikaya keçirilməlidir. Xüsusən də ilk dəfə həbs edilmiş şəxslərin adaptasiya dövrü sarsıntılı keçdiyi üçün təcridxanalarda ştatlı psixoloqlara ehtiyac var. İslah proqramının bünövrəsində psixoloji yardımın dayanmalı olmasına baxmayaraq, müşahidəmə əsasən, Penitensiar Xidmətin yalnız 1 peşəkar psixoloq kadrı var və o, cəzaçəkmə müəssisələrinin hamısına baş çəkdiyi üçün bir şəxsi bir neçə aydan bir qəbul edə bilir. Penitensiar Xidmətdə səriştəli psixoloq kadrlarının sayı artırılmalıdır.
8. Ünsiyyət imkanı.
Təcridxanada yalnız yaxın qohumlarla görüşmək icazəsi genişləndirilə, yaxud görüntülü danışıq imkanı yaradıla bilər. Yaxın qohumlarının (ana, ata, bacı, qardaş və s.) itirmiş şəxslər üçün bu məhdudiyyət cəzanı ağırlaşdırmaq, əlavə cəza tədbiri tətbiq etmək kimi bir nəticə doğurur. Romantik münasibətdəki partnyoru, yaxın dostu, rəfiqəni və hətta ev heyvanını vizual görmək imkanı təqsirləndirilən şəxsin çətinliyə psixoloji dözümünü artırmaqla rifahının yaxşılaşdırılmasına xidmət edə bilər. Bu kontekstə qeyd olunan məhdudiyyətin yumşaldılmasını nəzərdən keçirmək mümkündür.
9. Aclıq.
Hüquqlarının pozulması kimi gördüyü məsələdə sağlamlığını itirmək bahasına aclıq aksiyası keçirməyi seçən şəxslərin ərizələrinə Ombudsman Aparatı tərəfindən baxılmır. Bu qurum əksər hallarda həmin şəxsləri dinləmək üçün qəbul etmir, əlindəki təsir rıçaqlarından onların lehinə istifadə etmir. Bunun əksini iddia edirlərsə, aclıq edən şəxslərlə proaktiv qaydada ünsiyyət kanalı yaradan və nəticələr barədə hesabatlılığı təmin edən bir mexanizm təşəbbüsü ilə çıxış edə bilərlər.
10. Qanunvericilik.
Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun əsaslı şəkildə yenidən nəzərdən keçirilərək optimallaşdırıla bilər. Məsələn, həmin qanunun 15.1.11-ci maddəsində "mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətindən istifadə hüququ heç bir şərtlə məhdudlaşdırılmadığı halda, 15.2.5-ci maddə "nikah bağlamaq və nikahı pozmaq hüququ daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla" şərtilə məhdudlaşdırılır və konstitusion bir hüquq rəislərin iki dodağının arasından çıxan subyektiv sözə tabe etdirilir. İndiyə kimi bir çox təqsirləndirilən şəxsin bu hüququ həmin yolla, qeyri-legitim şəkildə məhdudlaşdırılıb.
Məktubun ünvanlandığı qurumlardan hər hansı biri müzakirə niyyətində olarsa, digər müşahidələrimi də onlarla bölüşməyə hazıram.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib
Foto: sosial media
Foto/kollaj: Toplum TV