Siyasət

Ramil Babayev yazır: “Təcridxananın rəis müavini dedi ki, mən dövlət babayam, mənim sözüm qanundur”

11 İyun, 2026
114

Toplum TV

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub yazıb.
IDI-ın ictimailəşdirdiyi məktubu olduğu kimi təqdim edirik:

Əldə etdiyim məlumata əsasən, Güləliyev həmin şəxsi amansızcasına döydükdən sonra ləyaqətini alçaldan şəraitdə saxlayıb. Qanunun tələbinə görə, həmin şəxs sadəcə cərimə kamerasına salınmalı və qapı bağlanmalıdır. Güləliyev isə həmin şəxsi birbaşa qapıya, üstəlik yerdən qandallayıb.

Yəni həmin şəxs betonun üzərində hərəkətsiz vəziyyətdə uzanmağa məcbur edilib. Mənə hadisəni danışan şəxs qeyd etdi ki, bu mənzərəni görəndə gördüyünə inana bilməyib. Onun hadisə ilə bağlı şərhi belə idi: “Caviddə nə vicdan var, nə də Allah qorxusu”.

Halbuki ibadətlə məşğul olan Güləliyevin ritorikasında “Allah qorxusu” və “yetimi incitməmək” ifadələri ən çox işlədilən ifadələr sırasındadır. Bu hadisə də daxil olmaqla, qeyd etdiklərim 7 saylı korpusda baş verdiyi üçün, bunu araşdırmaq iradəsi olan qurum həmin korpusun təhlükəsizlik kamerası görüntülərində hər detalı sənədləşdirə bilər.

Yeri gəlmişkən, bir neçə gün əvvəl təcridxana rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxslərdən biri ilə Cavid Güləliyev məsələsini müzakirə edərkən o, mənə belə dedi: “Bizim təhlükəsizlik kameralarımız ağıllı kameralardır. Kiminsə döyüldüyünü görəndə çəkilişi dayandırırlar”.

Təcridxana rəhbərliyində təmsil olunan digər bir yüksək rütbəli şəxs isə aclıq aksiyamın ilk günlərində mənə, aksiyanı dayandırmağım üçün bildirdi ki, Güləliyev artıq cəzasını çəkib və dərin peşmançılıq yaşayır. Onun iddiasına əsasən, mənim bu mövzudakı məqaləm dərc olunduqdan sonra Güləliyevə o qədər çox yerdən zəng edib danlayıblar ki, təzyiqi qalxıb və burnundan qan açılıb. Mənim cavabım bu oldu ki, “Yəqin Güləliyev həmin şəxsi hamının gözü qarşısında döydüyü üçün peşmandır. ‘Kaş aparıb gizli bir yerdə döyərdim’ fikrindədir”.

Aldığım digər məlumatlara və öz müşahidələrimə əsasən, Güləliyev həmin məhbusun dəfələrlə intihar etmək niyyətini ifadə etdiyini gördükdən sonra ertəsi gün korpuslardakı imkanlı məhbuslardan siqaret və digər zəruri mallar toplayaraq ona sovqat göndərib. Onun mövqeyini yumşaltmağa çalışıb.

Cavid Güləliyev bu hadisədən sonra heç olmasa müəyyən müddət geri çəkilmək əvəzinə, mənim aclıq aksiyamı dayandırmağım üçün addımlar atmağa başladı.

Güləliyev işgəncə hadisəsinin baş verdiyi gün mənimlə insani münasibət çərçivəsində davranmış penitensiar xidmət əməkdaşını hamının gözü qarşısında qışqıraraq təhqir edib. Daha sonra iş saatları başa çatmasına baxmayaraq, həmin əməkdaşın evə getməsinə icazə verməyib və onu mənim saxlandığım kameraya göndərib.

O, əməkdaşa bildirib ki, mən aclıq aksiyasını dayandırana qədər evinə gedə bilməyəcək. Əgər aksiya dayandırılmasa, ertəsi gün ərizəsini yazıb işdən çıxmalıdır.

Bu hadisədən sonra təcridxananın rəisi vəzifəsini müvəqqəti icra edən Ceyhun Hacıyevə ərizə ilə müraciət etdim. Ərizədə bildirdim ki, Cavid Güləliyevin öz əməllərinə görə məsuliyyəti digər şəxslərin üzərinə yönəltmək cəhdlərinin qarşısı alınmasa, aşağıdakı addımları atacağam:

Aclıq aksiyası ilə bağlı tələblərim sırasına işçilərin pozulmuş hüquqlarının bərpası tələbini də əlavə etmək.

Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Dövlət Əmək Müfəttişliyi başda olmaqla aidiyyəti qurumlara rəsmi şikayətlər ünvanlamaq.

Bakı İstintaq Təcridxanasında mobbinq halları ilə bağlı geniş araşdırma məqaləsi ilə mediada çıxış etmək.

Həmçinin qeyd etdim ki, ilk üç addım nəticə verməyəcəyi təqdirdə, məsələ ilə bağlı daha sərt etiraz formalarına əl atacağam.

Həmin ərizədən sonra bu istiqamətdə olan təzyiqlər dayandırıldı.

“Dövlət Baba” ifadəsinin mənşəyini açıqlamaq və Güləliyevin təfəkkürünü daha aydın şəkildə ortaya qoymaq üçün 11 ay əvvələ qayıdaq. Müəssisə rəisi Elnur İsmayılovun istirahət günündə olduğu və təcridxanada müavin kimi Cavid Güləliyevin cavabdeh qaldığı 13.07.2025-ci il tarixində mənim sağlamlıq vəziyyətim çox pisləşmişdi. Boğazımdakı şişlər səbəbindən sözün həqiqi mənasında danışa bilmirdim, nitqim tutulmuşdu, temperaturum çox yüksək idi və titrəyirdim. Mən bu vəziyyətdə kameraya girmək istəmədim və Cavid Güləliyevə yazılı müraciət edərək müvəqqəti olaraq təcridxananın tibb məntəqəsinə keçirilməyimi istədim.

Güləliyev müraciətimi gətirib üzərimə tulladı.

Mənə “Mən dövlət babayam, mənim sözüm qanundur” dedi və özü ilə gətirdiyi problemlər şöbəsinin əməkdaşlarına göstəriş verdi ki, məni əllərimdən və ayaqlarımdan tutaraq zorla kameraya salsınlar.

Mən çıxmayan səsimlə son gücümü toplayıb ona dedim ki, sizin siyasi məhbusları öldürmək səyinizi ictimailəşdirəcəm. Növbəti gün Elnur İsmayılov hadisə ilə bağlı mənim və Güləliyevin yazılı izahatlarını aldı və mənim iştirakımla Güləliyevin bu davranışını ciddi şəkildə tənqid edərək ona xəbərdarlıq etdi. Daha sonra onun istəyi bu oldu ki, məsələ bu dəfəlik aramızda həll olunsun, ictimailəşməsin.

Buradan Elnur İsmayılovun hüquqa ciddi riayət edən bir obraz olduğu nəticəsi çıxarılmamalıdır. Güləliyevin Elnur İsmayılovun iradəsindən kənar bu dərəcədə sərbəst hərəkət etdiyinə inanmaq mümkün deyil.

Qeyd etdiyim yazılı izahatımdan bir hissəni sitat gətirəcəyəm:

“... Bundan əlavə, Cavid Güləliyevin təqsirləndirilən şəxslərə qarşı fiziki zorakılıq tətbiq etməklə canfəşanlıq etdiyi, zorakılıqdan həzz alan sadist təbiətli bir insan olduğu təcridxanadakı bütün təqsirləndirilən şəxslər üçün aydın olan faktdır. Hətta onun bir çox zorakılıq aktını xüsusi şouya çevirməsi bu şəxsdə ciddi psixiatrik pozuntuların mövcud olması şübhəsi yaradır. Rasional təfəkkürdən uzaq, absurd fərziyyələr irəli sürən bu psevdo-intellektual şəxs barəsində müvafiq addımlar atmağınızı ərz edirəm. İdarəetmənin güc tətbiqindən əvvəl başa düşmək və həll yolu axtarmaq mərhələsinin gəldiyini dərk etməyən Cavid Güləliyevin qanuna zidd davranışlarının nümayişkaranə şəkildə davam edəcəyi təqdirdə, onun barəsində Cinayət Məcəlləsinin 113-cü (işgəncə) və digər maddələri üzrə məhkəmə qaydasında şikayət verəcəyimi diqqətinizə çatdırmaq istəyirəm”.

Yanlış anlaşılmaması üçün bildirim ki, mənim Güləliyevə şəxsi ədavətim yoxdur. Yuxarıdakı hadisəni qeyd etməyi onun üçün zəruri saydım ki, media çıxışı olan siyasi məhbuslara belə bu cür qəddar rəftardan çəkinməyən, gücdən zəhərlənmiş Güləliyevin heç kimi olmayan təqsirləndirilən şəxslərə nələr edə bildiyi ilə bağlı heç bir şübhə yeri qalmasın.

Onun müdafiəsiz şəxslərə münasibətinin bir nümunəsi kimi əcnəbilərlə rəftarını misal çəkmək olar. 8 nəfər üçün nəzərdə tutulan kamerada 16 nəfər saxlanıldığı üçün narazılıq etmiş və əksəriyyəti Pakistan vətəndaşlarından ibarət olan bir kameraya Güləliyev rezin dəyənəklə girərək, narazılıq edənlərə görə kameradakı o cüssəsiz insanların hamısını döyüb, bədənlərini göyərdərək çıxmışdı.

Bu hadisələr baş verərkən Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun idarəsi nə ilə məşğul idi? Cavid Güləliyevi yeni yüksək rütbə ilə təltif etməklə məşğul idi.

Cənab generalın idarəsi siyasətçi Tofiq Yaqublu ilə hüquq müdafiəçisi Rüfət Səfərov 30 saniyə sağlamlıq mövzusunda söhbət etdiyi üçün gəlib təhlükəsizlik kameralarını araşdırmaqla və nəticədə yenicə işə başlamış gənc bir nəzarətçiyə yazılı töhmət verməklə məşğul idi. Nəzarətçinin qəbahəti yəqin ki, əlləri ilə Rüfət bəyin və Tofiq bəyin ağızlarını bağlamamaq olub.

Bu hadisələr baş verərkən cənab general “Mirsaleh gələndən qazamat düzəlib” dezinformasiyasını penitensiar müəssisələrdə yaydırmaqla məşğul idi.

Bu yazdıqlarımın üzərinə Güləliyevin “Meydan TV” əməkdaşlarına qarşı rəftarını və “Abzas Media” əməkdaşlarının onun barəsində yazdıqları məqalələri də əlavə edin. “Dövlət baba” budur. Bütün çılpaqlığı ilə.

Sual ortaya çıxır: belə xüsusiyyətlərə malik bir zabit kimə və nəyə lazımdır?”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”

20 İyun 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik: Hakimiyyət bizim işdə iddianı üç əsas üzərində qurmuşdu. Polisin öz əli ilə ofislərə və evlərə qoyduğu pullar guya qaçaqmalçılığın sübutudur. Təqsirləndirilən şəxslərdən və şahidlərdən məcbur edilməklə alınan və həqiqəti əks etdirməyən ifadələr digər ittihamlara sübut kimi göstərildi. Sonrakı məhkəmə iclaslarında həm təqsirləndirilən şəxslər, həm də şahidlər ittihamın iddialarını alt-üst etdilər. İlkin ifadələrdə yazılanların onların öz iradələri olmadığını açıq şəkildə ortaya qoydular. Ofislərdən, evlərdən götürülən...
Siyasət

AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib 

18 İyun 2026

Açıq mənbə

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni hərbçinin ailə üzvlərinin şikayətləri ilə bağlı iş üzrə qərar verib.  Ərizəçilər həmin vaxt keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni ordusunda mayor rütbəsi daşımış hərbçinin ailə üzvləri olub. Onlar ərizələrində iddia edib ki, hərbçi Talış kəndinə daxil olmuş azərbaycanlı əsgərlər tərəfindən güllələnib, sonra isə əlləri və başı kəsilib. Azərbaycan hökuməti iddia ilə bağlı AİHM-ə bildirib ki, hadisənin baş verdiyi deyilən yer həmin vaxt erməni işğalı altında olub, buna görə də Azərbaycanın hadisəni araşdırmaq imkanları olmayıb.  Ərizəçilər ailə üzvlərinin işgəncəyə məruz qaldığını və qanunsuz şəkildə öldürüldüyünü, özlərinin isə buna görə...

Seçilmiş Videolar

Toplum TV loqo