Siyasət

Vilyam Hacıyevin 2,5 milyon dolları: “Həyat yoldaşımın babasından qalıb”

27 May, 2022
2496

açıq mənbədən götürülüb

Korrupsiyada ittiham olunan icra başçısı İmişlinin abadlığına qohumlarından qalan mirası xərclədiyini deyir

“Dövlət büdcəsindən abadlıq üçün ayrılmış vəsaitdən əlavə mənə miras qalan puldan İmişlinin abadlıq işləinə 8 milyon manat xərcləmişəm. İndi mən burda vəsatət qaldırıram, rayonda mənim büdcədənkənar gördüyüm işlər dəqiqliyi ilə hesablansın. Görək mən büdcədənkənar nə qədər işlər görmüşəm? Bayraq meydanı, Bayraq muzeyi, şahmat məktəbi, uzunluğu 12 kilometr olan prospektin təmir- bərpası, işıq dirəklərinin quraşdırılması, bəzi məktəblərin tikintisi, təmiri... Bu və digər bir çox işlər mənim şəxsi vəsaitimlə görülüb”.

Toplum Tv-nin xəbərinə görə, bunu mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev deyib. Məhkəmə iclasına hakim Azər Paşayev sədrlik edir.

Cinayət Məcəlləsinin bir neçə maddəsiylə ittiham olunan Vilyam Hacıyev hələ məhkəmə prosesi başlayan ilk gündən bildirmişdi ki, ifadəsini zərərçəkmiş və şahidlərin ifadələri dinlənilib bitdikdən sonra verəcək. Nəhayət, bu gün o ifadə verdi.

Keçmiş icra başçısı məhkəməyə özünü “42 il xalqına, dövlətinə xidmət edən” bir məmur kimi təqdim etdi. O, bundan əvvəlki məhkəmə iclaslarında keçmiş işçilərinin, İmişlinin digər sahələrində çalışanların ona qarşı verdiyi ifadələrdən təəssüf hissi keçirdiyini də dilə gətirdi: “Çox təəssüf ki, mən belə bir situasiyayla qarşılaşmışam. Vəzifədə olarkən qabağıma qaçan bəzi məxluqlar gəlib burda çox ucuz danışdılar, yalan danışdılar. Niyə vaxtında danışmırdılar? 8 il ərzində niyə onlar hüquq-mühafizə orqanlarına məlumat vermirdilər?”

Keçmiş başçının ifadəsi əvvəlcədən hazırlanmışdı və o, ifadəsini kağızdan bir qədər çətinlikliklə oxuyurdu.

Vilyam Hacıyevin ifadəsində diqqəti çəkən məqamlardan biri İmişlidəki abadlıq işlərinə şəxsi cibindən vəsait ayırmasıyla bağlı dedikləri oldu: “Dövlət büdcəsindən abadlıq üçün ayrılmış vəsaitdən əlavə mənə qohumlarımdan (?) miras qalan puldan İmişlinin abadlıq işləinə 8 milyon manat xərcləmişəm. İş adamı olan dostlarımın, yaxın qohumlarımın köməyindən də istifadə etmişəm. Ancaq burada yalnız iki-üç nəfər insaflarına sığınıb mənim dövrümdə rayonda aparılan abadlıq işlərindən danışdı. Bu barədə cənab prezident İlham Əliyev özü də kameralar qarşısında cıxış edərək şəxsən mənim fəaliyyətimə yüksək qiymət verib. Həmin o çıxışda prezident qeyd edirdi ki, (bu yerdə təqsirləndirilən şəxs səsinin tonunu qaldırır) dövlətə, dövlətçiliyə, hakimiyyətə sədaqət bu cür olmalıdır”.

Keçmiş başçı rayonda öz vəsaiti hesabına gördüyü işlərin həcminin qiymətləndirilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırdı:

“İndi mən burda vəsatət qaldırıram, rayonda büdcədənkənar gördüyüm işlər dəqiqliyi ilə hesablandın. Baxaq görək mən büdcədənkənar nə qədər işlər görmüşəm? Bayraq meydanı, Bayraq muzeyi, şahmat məktəbi, uzunluğu 12 kilometr olan prospektin təmir-bərpası, işıq dirəklərinin quraşdırılması, bəzi məktəblərin tikintisi, təmiri... Bu və digər bir çox işlər mənim şəxsi pulumla görülüb”.

Sonra Vilyam Hacıyev ona qarşı irəli sürülmüş ittihamlar üzrə danışdı. Bildirdi ki, əgər onu hansısa podratçı şirkətlərdən, yaxud təşkilatlardan pul almaqda, həmin şirkətlərin harasa pul ödəmələrinə məcbur etməkdə təqsirləndrilirsə, pulu verdiyi deyilən həmin şirkətlər də, şəxslər də iştirakçı hesab olunur: “Əgər mən həbsdəyəmsə, sual olunur, bəs niyə həmin iştirakçılar həbsdə deyil? Əgər onlar həbsdə deyillərsə, bəs onda mən niyə həbsdəyəm? Mən Cinayət Məcəlləsinin 179-cu maddəsiylə təhsil, səhiyyə, mədəniyyət, və digər dövlət qurumlarındakı ehtimal olunan mənimsəmələrlə ittiham olunuram. Bu, qəbuledilməzdir. Həmin təşkilatların hər birinin öz nazirliyi var və yerli icra hakimiyyətinə tabeçiliyi yoxdur. Başçıların bu qurumlara müdaxilə səlahiyyəti yoxdur”.

Vilyam Hacıyev daha sonra bildirib ki, ittiham olduğu həmin maddə üzrə dəymiş zərər kimi göstərilən 6 milyon manatı dövlət büdcəsinə köçürməyə hazırdır.

Vilyam Hacıyev sahibkarlardan rüşvət almasıyla bağlı epizodlar üzrə ifadəsində bildirib ki, sahibkarlar özləri könüllü şəkildə rayondakı hansısa abadlıq işlərinə görə pul təklif ediblər. Keçmiş icra başçısı sonda bildirib ki: “Məhkəmə zalında media işçiləri oturub, mən onların vasitəsiylə cənab prezidentə müraciət edirəm ki, yaşımı və dəymiş zərəri ödəyəcəyimi nəzərə alaraq məni bağışlayasınız”.

Sonra dövlət ittihamçısı Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1 milyon avro, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısının cibimdən 2550 manat, otaqdan isə 10 min manat aşkar edilməsi epizodları üzrə suallar verdi. Vilyam Hacıyev həmin epizodlar üzrə ilkin istintaqa verdiyi ifadəsindən imtina etdiyi üçün sualları cavablamayacağını bildirdi: “Mən heç bilmirəm orda nə yazılmışdı, mən özümdə deyildim, imza atdırdılar. Mənim qəbul etdiyim ifadəm sonradan vəkilimin iştirakıyla verdiyim ifadədir. Ona görə də dövlət ittihamçısının ilkin ifadəmə istinad edərək verdiyi sualları cavablamıram”.

Dövlət İttihamçısının mənzildə aşkar olunan 2,5 milyon dollar haradandır sualına isə Vilyam Hacıyev belə cavab verib: “Həyat yoldaşımın babasından qalıb”

Növbəti məhkəmə iclası iyunun 3-nə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo