"Toplum TV işi”ndə 121 il həbs: “Millət yoludur, haq yoludur tutduğumuz yol”
Toplum TV
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan proses təqsirləndirilən şəxslərin son sözlərini deməsi ilə davam edib.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ötən prosesdə yarımçıq qalan çıxışına davam edib. O, çıxışında bir daha cinayət işinin siyasi motivli olduğunu bildirib.
“Mən siyasi motivlə ittiham edildiyim bu iş üzrə özümü müdafiə etməyə lüzum görmürəm. Çünki qarşımda sözün hüquqi mənasında məhkəmə yoxdur. Mənə və bizə qarşı ittihamlar isə açıq-aşkar siyasi motivli və əsassızdır. Belə bir vəziyyətdə son söz kimi bu cür absurd ittihamlara qarşı müdafiədən danışmaq əbəsdir. Mən hazırda bir vətəndaş kimi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn öhdəliyimi idrak edərək və vicdanla yerinə yetirərək hazırkı qəsbkar hakimiyyəti ittiham edirəm”, - o qeyd edib.
“Nəticə olaraq, biz konstitusion hakimiyyətin zorla və haqsız yerə qəsb edilməsinə qarşı mübarizə aparırıq. Xülasə olaraq, bizim davamız budur: biz konstitusion hakimiyyətin əsassız mənimsənilməsinə qarşı mübarizə aparırıq. Bizim bu məhkəmə qarşısında durmağımız konstitusion vətənpərvərlik borcumuzu yerinə yetirdiyimiz üçündür. Bizim siyasi motivlə əsassız yerə ittiham edilməyimiz də konstitusion öhdəliyimizi icra etdiyimiz üçündür”, - o əlavə edib.
A. Qurbanovun sözlərinə görə, bütün siyasi gücün bir əldə cəmləşməsi nəticəsində ölkədə despotizm formalaşıb.
“Əliyev iqtidarı uzun müddət demokratikləşmənin gerçəkləşməsinə mane olan obyektiv səbəblər kimi “Qarabağ boyda dərdimiz var”, “müharibə şəraitindəyik”, “milli maraqlar”, “xalqın mühafizəkar ənənələri” kimi tezisləri irəli sürüb. Təbliğat resurslarını bu tezislərin ictimai rəydə oturuşmasına səfərbər edib. Bunun fonunda demokratiyanın boğulmasını, azad medianın, vətəndaş cəmiyyətinin və alternativ siyasi qüvvələrin zorla sıradan çıxarılmasını “milli maraq” anlayışı üzərindən siyasi manipulyasiya vasitəsinə çevirib, populizmə yuvarlanıb”, - o qeyd edib.
A. Qurbanov Azərbaycan hakimiyyətini “insan hüquqlarını pozmaqda, bərabərsizliyi və ayrı-seçkiliyi cəmiyyətin ən ağır bəlalarından birinə çevirməkdə” ittiham edib.
“Dövlət idarəçiliyində korrupsiyalaşmanın əsas səbəblərindən biri də nepotizmdir. Korrupsiyaya qarşı mübarizə haqqında qanunun və beynəlxalq öhdəliklərin açıq qadağalarına baxmayaraq, yüksək vəzifəli şəxslərin birbaşa tabeliyində ailə üzvləri və yaxın qohumları vəzifə tuturlar. Məsələn, I vitse-prezidentin, keçmiş və indiki DİN rəhbərlərinin övladları və s.”, - o əlavə edib.
IDI rəhbəri hakimiyyətin ölkədə sosial rifahı təmin etmədiyini bildirib. “Mövcud iqtidarı hər kəsin yüksək rifahını təmin edən sosial siyasət deyil, kiçik bir qrupun sərvət toplamasına və siyasi mənşəli gəlir rəqabətinə səbəb olan siyasət həyata keçirməkdə ittiham edirəm. Toplumun dayanıqlı və davamlı inkişafı yalnız makroiqtisadi sabitliyi hədəfləyən iqtisadi siyasətlə insanların yüksək rifahını təmin edən sosial siyasətin bir araya gətirilməsi ilə mümkün olur”, - o söyləyib.
A. Qurbanov çıxışını şair Tofiq Fikrətin bu misraları ilə bitirib: “Millət yoludur, haqq yoludur tutduğumuz yol, ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!”
Daha sonra təqsirləndirilən şəxslərdən IDI əməkdaşı Ramil Babayev çıxış edib. O, heç bir siyasi ambisiyasının olmadığını bildirib.
“Akif Qurbanov bu istibdad rejimində tənqidi düşüncənin közünü sönməyə qoymayanlardandır. Sabah odlar yurdunun həqiqi atəşləri bu közlərdən başlanğıc götürəcək. Akif bəyin son sözdə dediklərinin davamı kimi demək istəyirəm ki, repressiyaya baş vuran hər rejim bu əməli ilə həm də ictimai rəyi uduzduğunu etiraf edir. Bu mənada yoldaşlar məhkəməni “mükafatlandırma mərasimi”, həbsi də “medal” kimi görə bilərlər. 15-16 ilin tərcüməsi budur ki, “sivil fəaliyyətiniz faydalı olub, narahatlıq doğurub”. İstehza ondadır ki, İlham Əliyev ötən ay I Türkologiya Qurultayının 100 illiyinə ünvanladığı məktubda Stalin repressiyalarını sərt ifadələrlə pisləyirdi. Repressiyaların ölkəni inkişafdan saxladığını bəyan eləyirdi”, - o deyib.
R. Babayev çıxışında veqan olmasına da toxunub və həbs həyatının onu bu həyat tərzindən çəkindirmədiyini bildirib.
“Azər Tağıyev, mən quru aclıq edəndə siz insafsızcasına demişdiniz ki, ət yemədiyim üçün immunitetim zəifdir. Haşiyəyə çıxıb ona da qısaca cavab verim ki, əksinə, 13 illik veqanlığım dövründə bir dəfə də olsun xəstəliyə görə həkim müayinəsinə və müalicəsinə ehtiyac duymamışam. Ağrıkəsici də daxil olmaqla heç bir dərmandan istifadə etməmişəm. Həbs olunduğum dövrə qədər ətrafımda hamının qripə yoluxduğu vaxtlarda qrip bircə mənə keçmirdi. Bunu ətrafımda olmuş çox insan təsdiqləyə bilər. Yəni, veqanlığın orqanizmi zəiflətdiyi cəfəngiyyatdır. Bizi xəstələndirsə, elə həbsxana mühiti xəstələndirəcək”, - o, hakimə xitabən deyib.
R. Babayev məhkəmə tərkibini təqsirləndirilən şəxslərdən Ələsgər Məmmədlini səhhəti pis olduğu halda ev dustaqlığına buraxmadıqlarına görə də tənqid edib.
“Cenevrə Konvensiyasını misal gətirmək istəyirəm. Həmin konvensiyanın 12-ci maddəsində deyilir ki, hərbi əsirlər xəstələndikdə onların tibbi yardımdan, qayğı və himayədən məhrum edilməsi qəti qadağandır. Yəni, həmin maddəyə görə hərbi əsirlərə bütün hallarda hörmət bəslənilməli və humanist rəftar olunmalıdır. 80 il əvvəl odlu silahla döyüşən hərbi əsirlər üçün belə nəzərdə tutulan hüquqları siz bu gün günahsız həbs edilmiş, hüquq və azadlıqlar cəbhəsində əsir düşmüş Azərbaycan ziyalısı Ələsgər Məmmədliyə əsirgəyirsiniz”, - o vurğulayıb.
R. Babayev çıxışının sonunda hakimləri veqan olmağa dəvət edib. O deyib ki, yalnız bu halda onları çıxardıqları qanunsuz hökmlərə rəğmən bağışlayacaq.
“Azərbaycan son iki ildə iki böyük beynəlxalq tədbir keçirdi - COP29 və Şəhərsalma Forumu. Amma məncə, Azərbaycan bu tədbirlərin analoqu kimi real təcrübələrini bölüşdüyü başqa beynəlxalq forum da keçirə bilər. Məsələn, məhkəmə sahəsindəki təcrübəni bölüşmək üçün “Şərə-salma forumu”, yaxud media sahəsindəki təcrübəni bölüşmək üçün “GOP 29” keçirilsə, daha səmimi olar. Burada dedik, güldük, vaxtımız kifayət qədər əyləncəli keçdi. Ona görə təklif edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin müstəqil statusu ləğv edilsin və “teatr” statusunda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərsin. Hazırladıqları xüsusi şouya görə şən kloun Malışova və hoqqabaz heyətinə də təşəkkürlərimi bildirirəm”, - deyə o, çıxışını bitirib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli son sözünə saxlanma və məhkəməyə gətirilmə şəraitinin dözümsüzlüyünü təsvir etməklə başlayıb.
“65 məhkəmə prosesində iştirak etmək 65 günü işgəncə ilə keçirməyə bərabərdir. Bu, 130 dəfə “şmon” dedikləri, insan şərəfini, ləyaqətini alçaltmaqla, əsəblərini korlamaqla keçən, sonu gəlməyən şəxsi yoxlamalar, müayinələr, sənədlərinin, kağızlarının didik-didik yoxlanılması, senzuradan keçirilməsi, dərmanlarının, gigiyenik məhsullarının əllərində əlcək olmadan, barmaqları arasında siqaret tüstülənərək əllənməsi prosesidir. Bu 65 gün, azı 65 saat “boks” dedikləri, siqaret kötükləri qalaqlanmış, nəfəs almağa belə təmiz hava olmayan yerdə “voronok” deyilən dəmir tabutda hər biri 1,5 saat olmaqla toplam 200 saat davam edən ölümü gözləmək yolçuluğudur. Bu tabut ki, 70 santimetr eni, 2 metr uzunluğu olan 1,4 m² yerdə 8 nəfər insan saat yarım bir cansız əşya kimi o divara, bu divara dəyərək, bütün mədəsi ağzına gəlir, enərkən hər tərəfi dəmir olan bu tabutdan 3-4 gün getməyən qançırlar yadigar qalır. O tabut ki, qışda isidilmir, yayda hava vurmaq adı ilə motordan gələn karbondioksid qazı tam öldürmür, zəhərləyir, 1 sutka onun yaratdığı havasızlıqdan nə yemək yeyə, nə də su içə bilirsən. Mədəyə aldığın hər şeyi bədən geri qaytarır. Bu 65 gün hər məhkəmədən öncə və sonra heç bir pəncərəsi olmayan, ventilyatoru səs salır deyə işlədilməyən, 65-90 nəfərin salındığı və bunların 99 faizinin siqareti siqaretə calamaqla mavi dumanda göz-gözü görməyən, divarları nəmdən quzulayıb tökülən, havasız yerdə hər gün saatlarla, bəzən 2, bəzən 4 saat, toplam 200-250 saat ayaq üstə, heç hara toxunmadan gözləməkdir. Oksigen əvəzinə ağciyərlərinə dolan nikotin zəhəri 1 həftə təmizlənməmiş, təkrar eyni vəziyyətlə qarşılaşmaqdır. Bu 65 gün məhkəmə iclasında saatlarla ədalətdən, hüquqdan danışıb onun təmin olunmasını gözləmə işgəncəsidir. Bilə-bilə ki, bu ölkədə Ədalət sadəcə kişi adıdır, hüquqi proses deyil, dövlətin söykəndiyi sütun deyil, hüququn, haqqın təminatı heç deyil”.
Ə.Məmmədli həbsinin “çox açıq şəkildə siyasi sifariş” olduğunu əlavə edib.
“Prosessual hüquqdan sadəcə bu sifarişli həbsi imitasiya etmək üçün istifadə etməyə çalışırlar. Lakin çox bacarıqsızdırlar. Çünki siyasi sifariş o qədər bəsit, o qədər aşkardır ki, bunu malalamaq mümkün deyil. 2024-cü il martın 6-dakı həbs şousundan hələ əvvəl dəfələrlə hökumət mediası və onun əlaltıları palaz-palaz yazılar yazır, niyə bizim həbs olunmamağımızı sorğulayırdılar. Çünki narahat olurdular. Ortaya qoyduğumuz vətəndaş mövqeyi, azad media nümunəsi həm qısqanclıq yaradır, həm nifrət doğururdu. Azad, müstəqil media nümunəsi, peşəkar jurnalist işi ilə cəmiyyət qarşısına çıxmaq, bütün məhrumiyyətlərə, çətinliklərə, imkansızlıqlara baxmayaraq, hərə öz vasitəsini – kimi mobil telefonunu, kimi kamerasını, kimi projektorunu, kimi mikrofonunu ortaya qoyub ümumi işin nəticəsinə töhfə verirdi. Təsadüfi deyil ki, saxta, qondarma cinayət işi açılıb, məsum insanlar həbsə doldurulduqdan sonra da bu kin, bu qəzəb dayanmadı. Hökumətin maliyyələşdirdiyi televiziyalar - “Real TV”, “Baku TV” və s., habelə internet media resursları demək olar ki, hər gün bizim fotolarımızı ekrana yapışdırıb, olmayan cinayətdən və cinayətkarlardan danışırdılar”, - o qeyd edib.
Media eksperti xatırladıb ki, Azərbaycan 2025-ci ildə dünyanın 180 ölkəsi arasında media azadlığı indeksinə görə 171-ci yerdə qərarlaşıb.
“‘Toplum TV’ tək əldə cəmlənmiş hakimiyyət gücünün onun qarşısında qoyduğu iki variantdan birincisini – hakimiyyətin yanında durub gücün verdiyi həzzdən faydalanaraq cəmiyyətin, fərdlərin problemlərinə arxa çevirməyi yox, nə qədər mümkünsə öz rolunda – dördüncü hakimiyyət rolunda qalmağı, dolayısıyla hakimiyyətin – gücün qəzəbinə, təqibinə tuş gəlməyi seçdi. “Toplum TV”-nin tək günahı sadə jurnalistindən, texniki işçisindən redaktoruna qədər hər kəsin jurnalist peşəkarlığına, media standartlarına sədaqətlə xidmət edib gücün yox, cəmiyyətin, fərdlərin yanında yer alması oldu”, - o qeyd edib.
Ə. Məmmədli ardınca Azərbaycanın yaxın keçmişində jurnalistlərə qarşı törədilən cinayətlərin əksəriyyətinin üstünün açılmadığını xatırladıb.
“Rafiq Tağıya qəsd edən, onu bıçaqlayan şəxs həmin yolun üstündə olan 8 müşahidə kamerasının heç birinə düşməmək “peşəkarlığını” göstərmişdi. “Toplum TV”-nin ofisini alt-üst edib, təlimə gələn uşaqları, gənc qızları belə polis idarəsinə daşıyıb qorxuda, əllərindəki telefonları ala, onları təhdid edə bilən bu “operativnik”lər 20 ildir maymaqlıq edib cinayətkarı tutub istintaqa təhvil verə bilməyib. Rasim Əliyevin öldürülməsi əmrini verən, “Qəbələ” futbol klubunun və Azərbaycan milli komandasının üzvü Cavid Hüseynovun təqsiri sübut olunsa da, 8 il həbs verilməsinə baxmayaraq, 1,5 il sonra həbsdən azad ediləndə də mən mediada dövlət qurumlarının Konstitusiyanın 25-ci maddəsinə hörmət göstərməli və tərəflərə bərabər yanaşmalı olduğunu yüksək səslə söyləmişəm. Jurnalistlərə qarşı törədilən cinayətlərin 95 faizi açılmadığı halda, ölkədə cinayətlərin açılma faizi 95 faizdir. Jurnalistləri öldürən, yaralayan, döyən, fəaliyyətinə mane olanlar hüquqi məsuliyyətə cəlb olunmadığı halda, jurnalistlər, media peşəkarları saxta ittihamlarla həbsxanalarda çürüdülür”, - o vurğulayıb.
Təqsirləndirilən şəxslərdən IDI əməkdaşı İlkin Əmrahov son sözündə əvvəldən məhkəmənin ədalətli mühakimə aparacağına dair gözləntisinin olmadığını deyib.
“Mən məhkəmənin ilk baxış iclasında ittihamın mahiyyətinin aydın olmadığını demişdim. Məhkəmə istintaqı yekunlaşdı, amma hələ də mahiyyət bəlli deyil. Bəlli olan odur ki, ittiham tərəfi istintaqın düzüb-qoşduğu cinayət işi üzrə heç bir əsaslı, məntiqəuyğun sübut ortaya qoya bilmədi. Məhkəmə heyəti indiyə qədər ittiham tərəfi kimi çıxış etdi, verdiyimiz vəsatətlərin əksəriyyətini rədd etdi. Bəzi texniki məsələlər üzrə azsaylı vəsatətlər təmin olundu. Məsələn, polisin yaşadığımız mənzillərə, ofisə yerləşdirdiyi pullar məhkəməyə gətirildi. Lakin həqiqəti ortaya çıxarmaq üçün pullar tədqiq olunmadı, ekspertizaya göndərilmədi. Məhkəmə bir növ hüququn gözündən də pərdə asdı. Əslində bu vəziyyət dövlətin ali institutu olan məhkəmənin səlahiyyətlərindən məhrum edilərək birbaşa icraedici hakimiyyətə, prezidentə, onun administrasiyasına, prokurorluq orqanlarına aciz şəkildə tabe olduğunu, onların sifarişini qeyd-şərtsiz həyata keçirdiyini bir daha sübut etdi”, - o qeyd edib.
İ. Əmrahov evində axtarış zamanı tapıldığı iddia olunan 2700 avronun polislər tərəfindən evə qoyulduğunu bildirib.
“Mənim heç vaxt avro valyutasında pulum olmayıb. Cinayət işi materiallarının içərisində bank hesablarının vəziyyəti, maliyyə əməliyyatları, valyuta mübadiləsi məlumatları var. Müvafiq sənədlər də təsdiq edir ki, mən avro valyutası ilə heç bir maliyyə əməliyyatı aparmamışam, avro valyutasında pulum olmayıb. Avronu canlı şəkildə ilk dəfə 2024-cü il martın 6-da evdə axtarış zamanı görmüşəm və ilk dəfə fiziki olaraq toxunmuşam. İndi isə fərz edək ki, 2700 avro mənim olub. İttiham tərəfi həmin pulun cinayət yolu ilə əldə olunması qənaətinə necə gəlib? Hansı mötəbər sübutlarla, bir-biri ilə əlaqəli faktlarla bu təsdiq olunub? İttiham aktında 2700 avro cinayətin nəticəsi kimi təqdim olunur. Bəs bu cinayət necə baş verib, nəticəyə gələnə qədər hadisələr necə inkişaf edib? 2700 avro mənim yaşadığım evdə sobanın arxasına, döşəməyə necə gəlib çıxıb? Mən o pulu necə əldə etmişəm? Kim verib? Harada verib? Nə vaxt verib? Niyə verib? Nağd verib, yoxsa başqa formada? 250 səhifəlik ittiham aktında bu sualların cavabı yoxdur”, - o söyləyib.
IDI əməkdaşı qaçaqmalçılıq ittihamına da cavab verərək bir daha heç vaxt ölkə xaricində olmadığını bildirib.
“Mən heç vaxt ölkə ərazisini tərk etməmişəm, xarici pasportum da yoxdur. Sərhəd-gömrük zonalarına da daxil olmamışam. Müvafiq dövlət qurumlarının dediklərimi təsdiqləyən sənədlər məhkəməyə təqdim olunub. İbtidai istintaq zamanı, yəni təqribən 13 ay istintaq orqanı iddia edirdi ki, mən dəfələrlə xarici ölkələrə səfər edib, guya ölkəyə qaçaq yolla xarici valyuta gətirmişəm. Cinayət işi məhkəməyə göndəriləndə ittiham aktında “düzəliş oldu”. Sonradan qeyd olunur ki, guya mən gətirilən pulları bölmüşəm, paylamışam. Məhkəmədə 45-ə yaxın şahid ifadə verdi. Heç biri mənim kiməsə pul verdiyimi deməyib. Əksinə, bunu təkzib edib. İttiham aktında da pulları kimin və ya kimlərin arasında böldüyüm göstərilmir. Çünki elə adam yoxdur”, - o əlavə edib.
İ. Əmrahov həbsinin əsl səbəbinin IDI-da çalışması ilə bağlı olduğunu düşündüyünü deyib.
“Avtoritar sistemlə idarə olunan ölkədə demokratik təşəbbüslərlə çıxış edəndə mənə mükafat verməyəcəklərini bilirdim. Ehtimal çox idi ki, məhrumiyyətlərlə üzləşim. Mən də ən ağır məhrumiyyətlə üzləşdim. Artıq 28 aya yaxındır ki, azadlıqdan məhrum edilmişəm və 14 il həbs cəzası istənilib. 14 il mənim üçün də gözlənilməz oldu. Görünən odur ki, IDI-dakı təqribən 5 aylıq fəaliyyətim - gənclərlə işləmək, layihələrin idarə olunmasını öyrənmək, yeni nəsil müstəqil vətəndaş cəmiyyətinə töhfə vermək, insanlar üçün faydalı işlər görmək, yaltaqlıqdan və riyakarlıqdan uzaq olmaq ölkəmizdə terrorizmə bərabər tutulur. Əks halda, prokuror mənə niyə 14 il həbs cəzası istəsin?”, - o sual edib.
Daha sonra məhkəmədə hökm oxunub.
Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.
Bundan başqa, təqsirləndirilən şəxslərlə bağlı qaldırılan mülki iddia təmin edilib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirə olunmasına qərar verib.
2024-cü il martın 6-da “Toplum TV”-nin ofisində və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Həmin vaxt bu işlə bağlı 7 nəfər həbs olunmuşdu. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov barəsində əvvəlcə alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında Fərid İsmayılov da həbs edilmişdi.
“Toplum TV işi” üzrə təqsirləndirilən şəxslər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Bu iş üzrə həbs olunan şəxslər ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa və Beynəlxalq Jurnalistlər Federasiyaları "Toplum TV işi" üzrə hökmü qınayır
Toplum TV
“Meydan TV işi“: ‘Azərbaycanda korrupsiyadan, diktaturadan danışmaq cinayətdir’
Meydan TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu