Sosial

Ekoloq: “Aylıq yağıntı normasının aşılması mümkündür, bu, o demək deyil ki, şəhər iflic olmalıdır”

15 aprel, 2026
320

Açıq mənbə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov son vaxtlar yağan yağışların paytaxtda yaşayışı iflic etməsinə görə təbiəti günahlandırıb. 

O,  “Xəzər TV”-yə müsahibəsində deyib ki, Bakıda infrastruktur yenilənmiş olsaydı belə, güclü yağışlara tab gətirə bilməzdi. 

“İntensiv, həddindən artıq güclü yağışlar yağdı. Bakı və Abşeron yarımadasının illik yağıntı norması 235 millimetrdir. Bu, bir kvadrat metrə 235 litr su deməkdir. 27-28 mart tarixlərində yağan yağışın miqdarı isə 143 millimetrdir. Bu, illik normanın 60%-i deməkdir. Yəni, Bakı və Abşeron yarımadasına normaya görə yeddi aya yağan yağış cəmi iki gündə yağıb. Bu, həddindən artıq böyük rəqəmdir və fövqəladə haldır. Bu qədər yağışın qarşısını alacaq infrastruktur qurmaq istənilən halda qeyri-mümkündür. Dünyanın heç bir yerində belə şeylərə hazırlıq görülə bilməz”, - o qeyd edib. 

Rəsmilər güclü yağıntılar zamanı şəhərdə evləri və küçələri su basdıqda bir qayda olaraq iqlim dəyişikliyini günahlandırırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata görə, aprelin 5-6-sında Bakı və Abşerona düşən yağıntının miqdarı 90 millimetr olub və bu, aylıq normadan 290% çoxdur. 

Bu ilin yanvarında keçirilən müşavirədə çıxış edən prezident İlham Əliyev iqlim dəyişikliyi qarşısında bütün dünyanın aciz qaldığını desə də, paytaxtın kanalizasiya sisteminin lazımi səviyyədə olmadığını da vurğulayıb. 

Dövlət başçısı hazırda Bakıda kanalizasiya xidməti göstərilən əhalinin cəmi 50% təşkil etdiyini, lakin proqramın icrası nəticəsində bu göstəricinin 95%-ə çatdırılacağını bildirib. 

Həmin müşavirədə çıxış edən Zaur Mikayılov da Bakının su və kanalizasiya sistemlərinin, əsasən, 1980-ci illərin sonlarında hazırlandığını deyib:

“Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir”.

ADSEA sədrinin yeni müsahibəsindəki fikirlərinə münasibət bildirən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyir ki, Bakının kanalizasiya sistemləri düzgün qurulsaydı, problemlər yaşanmazdı. 

“Həm açıq, həm qapalı kanalizasiya olmalıdır. Bizdə açıq kanalizasiya deyilən şey yoxdur. Vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin etdiyi səhvləri hazırkı başçı və komandası davam etdirir. Şəhərin kanalizasiya sistemi əvvəldən düzgün qurulmayıb. Burada ADSEA-nı və ya başqa qurumları günahlandırmaq olmaz. Bununla şəhər icra hakimiyyəti məşğul olmalıydı”, - o, “Toplum TV”-yə deyib. 

Ekoloq düşünür ki, aylıq yağıntı normasının aşılması mümkündür, lakin “bu, o demək deyil ki, şəhər iflic olmalıdır”. 

“Dünyanın heç yerində belə şey yoxdur. Hər bir şəhərin, qəsəbənin özünün kanalizasiya sistemi var. Yağan yağış və sel sularının axıb getməsi üçün nəzərdə tutulan yerlər var. Bunları etməyiblər, hazırlıqlı deyillər, nəticəsi də budur. Şəhərdə tikililərin sayı artıb, amma açıq kanalizasiyalar və kollektorlar tikməyiblər. Bizdə əksər məsələlərdə olduğu kimi bir şeyi hadisə baş verəndən sonra etməyə başlayırlar”, - o əlavə edib. 

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planında göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Bunun 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsi üçün lazımdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo