Sosial

Kanalizasiya sistemlərinə milyonlarla manat ayrılmış Bakı niyə yağışa hazır deyil?

31 Mart, 2026
328

Foto: açıq mənbə

Güclü yağış növbəti dəfə Bakıda yaşayışı iflic etdi. 

Paytaxtın müxtəlif ərazilərində yollar, evlər və iaşə obyektlərini su basdı, avtomobillər suyun altında qaldı.

Demək olar ki, hər il bir neçə dəfə yağış suları oxşar görüntülərlə müşayiət olunur. 

Hətta 2024-cü ilin oktyabrındakı yağışda “Sabunçu” tunelində iki nəfər boğularaq ölmüşdü. 

Rəsmilər belə hallarda bir qayda olaraq iqlim dəyişikliyini günahlandırırlar. 2024-cü ilin oktyabrında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında yağıntının normadan artıq olduğunu demiş və bunu təbii fəlakət adlandırmışdı. 

Bu dəfə də Milli Hidrometeorologiya Xidməti bildirib ki, martın 27-dən 29-a qədər Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı aylıq normadan 6 dəfə çox olub. 
Halbuki bu il yanvarın 12-də prezident İlham Əliyevin sədrliyi ilə “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan” müşavirə keçirilib. Müşavirədə çıxış edən Əliyev özü də yağış sularının yaratdığı problemi paytaxtın kanalizasiya sisteminin lazımi səviyyədə olmamasında görüb. 

“Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş ölkələrin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”, - o qeyd edib. 

Dövlət başçısı hazırda Bakıda kanalizasiya xidməti göstərilən əhalinin cəmi 50 faiz təşkil etdiyini, lakin proqramın icrası nəticəsində bu göstəricinin 95 faizə çatdırılacağını bildirib. 
Müşavirədə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da Bakının su və kanalizasiya sistemlərinin, əsasən, 1980-ci illərin sonlarında hazırlandığını deyib. 
“O gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir”, - o əlavə edib. 

Lakin Bakıda yağışın yaratdığı problemlər uzun illərdir ki, aktual olaraq qalır. Bununla əlaqədar hələ 2016-cı ildə prezident sərəncamla Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün işçi qrup yaradıb, sədr kimi də o vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevi təyin edib.
İşçi qrupunun fəaliyyəti ilə bağlı 2017-ci ilin mayında baş nazirin o vaxtki müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, bunlardan 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. 

Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair baş planında göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Bunun 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsi üçün lazımdır.

Mövzuya sosial media hesabında münasibət bildirən iqtisadçı Rəşad Əliyev bildirib ki, ötən illər ərzində hökumət üzvləri və şəhər rəhbərliyi problemi, əsasən, təbiətlə əlaqələndirib, lakin üzərinə düşən vəzifələri yerinə yetirməyib. 

“Mövcud drenaj sistemləri ya bərbad vəziyyətdədir, ya da ümumiyyətlə yoxdur. Sovet dövründən qalan xətlərin də üstü bir çox yerdə asfaltlanıb. Şəhər böyüsə də, onun infrastrukturu bu böyüməyə uyğun şəkildə genişləndirilməyib. Kağız üzərində bu, bəlkə də, baş verib, hətta bu işə büdcədən milyardlarla pul da ayrılıb. Amma bu milyardlıq layihələrin nəticələri ilə bağlı ciddi suallar var”, - o qeyd edib. 

İqtisadçının sözlərinə görə, hökumətin vahid şəhərsalma siyasətinin olmaması da bunda öz sözünü deyib. 

“Fakt budur ki, hökumətin bir vahid şəhərsalma siyasəti əvəzinə, son 30 ildə hər rayon icra başçısının özünün şəhərsalma siyasəti olub və məskunlaşmanı özü bildiyi və özü istədiyi kimi aparıb - yəni, pulunu alıb, istədiyi yerə, istədiyi kimi tikinti icazələri paylayıb. Pulunu ver, harada nə istəyirsən tik. Həyatının yeganə amalı özünə sərvət toplamaq olan bir icra başçısının, tikintisinə icazə verdiyi bu ərazilərin su-kanalizasiya infrastrukturunu, o ərazilərdəki suyun təbii axın yollarını düşünmək kimi bir dərdi ola bilərdimi? Əlbəttə ki, yox. Məsələn, gedin Sabunçuda köhnə xristian qəbristanlığı tərəfdə uzun illər mövcud olan təbii dərə və gölməçələri kosmik sürətlə necə torpaqla doldurub, orada bütöv məhəllələr tikib satdıqlarına baxın, hər şey aydın olacaq. Bakıda bu cür, yəni heç bir şey nəzərə alınmadan salınmış yeni yaşayış məskənləri yüzlərlədir. Burada hansı infrastrukturdan, hansı planlaşdırmadan söhbət gedə bilər?”, - o sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo