Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust, 2026
949

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır. 

Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar. 

Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib. 

Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib ki, belə bir qanuna ehtiyac var. 

“Torpaqların konsolidasiyası torpaq islahatı prosesindən sonra mütləq şəkildə tətbiq edilməli bir prosedurdur. Nəzərə alsaq ki, 30 il öncə ölkəmizdə torpaq islahatı başlayıb, hazırda torpaqların konsolidasiyasının tətbiq edilməsi vacibdir”, - o qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iyunda keçirilən müşavirədə “kiçik və bir-birindən uzaq yerləşən əkin sahələrinin pambıqçılığın inkişafına mane olduğunu” bildirib. 

“Toplum TV”-yə danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə düşünür ki, bu qanun sovet dövründə tətbiq olunan, “kolxoz” kimi tanınan kollektiv təsərrüfat üsulunu qaytarmaq cəhdidir. O hesab edir ki, qanun qüvvəyə minərsə, kənd təsərrüfatına fayda gətirməyəcək. 

“Azərbaycanlılar kollektiv formada işləməyi xoşlamırlar. Əksinə, fərdi qaydada öz potensiallarını reallaşdırmaq istəyirlər. Bu qanunla özlərini aldadırlar ki, guya nəyəsə nail olacaqlar. Mümkün deyil ki, elə bir şərait yaradasan ki, hamı eyni qaydada əmək sərf etsin. Çünki hamının biliyi, bacarığı, təcrübəsi eyni deyil. Nəticədə kəndlilər arasında narazılıq, məhkəmə çəkişmələri yaranacaq, istehsal prosesi dayanacaq. Bunun faydası var idisə, niyə “kolxoz”ları ləğv etdik?”, - o bildirib. 

Qanun layihəsində birləşdirmənin könüllü əsaslarla aparılacağı qeyd olunsa da, müstəqil ekspertlər buna şübhə ilə yanaşırlar. 

Hüquqşünas Emin Abbasovun fikrincə, qanun kəndlilərin torpaqlarının zorla əllərindən alınması üçün hüquqi baza yaradacaq. 

“Yeni müddəalarda torpaqların alınması və birləşdirilməsi üçün mülkiyyətçinin razılığı və torpağın bazar qiyməti qədər mülkiyyətçiyə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, qanunda qeyri-müəyyən formada kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə qərar vermək üçün xüsusi komissiyanın yaradılması nəzərdə tutulur. Başqa sözlə, əvvəlcə kəndlinin torpağının konsolidasiyası barədə komissiyada qərar qəbul ediləcək və sonra kəndlidən bunun üçün razılıq alınacaq. Dövlət ehtiyacları adı ilə özəl mülkiyyətin dövlət tərəfindən zorakılıqla ələ keçirilməsi kimi çox pis və faciəli təcrübənin ardından bu dəyişikliklərin ciddi narahatlıqları haqqında artıq düşünmək lazımdır”, - o, sosial media hesabında yazıb. 

V.Məhərrəmli də hesab edir ki, kəndlilər torpaqlarının alınmasına razılıq verməyəcək və hökumət bunu məcburi formada edəcək. 

“Torpaqlar birləşdiriləndən sonra isə oliqarx məmurlar tərəfindən ələ keçiriləcək. Əvvəllər pullarını xaricə daşıyırdılar, indi görürlər ki, bu mümkün deyil, xaricdə məhkəmələr onların mülklərinə həbs qoyur. İndi isə pullarını torpağa yatırmaq istəyirlər, çünki torpağın dəyəri həmişə qalxır. Onlara kəndlinin torpaqda işləməsi, pul qazanması, ailəsini dolandırması maraqlı deyil. Maraqlı olsaydı, öz siyasətlərində dəyişiklik edərdilər”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo