Sosial

Yağıntıların görünməyən üzü: İşçi istismarı və azalan təhlükəsizlik xərcləri

8 aprel, 2026
468

Foto: Sosial media

Son günlər intensiv yağan yağışlar paytaxt Bakıda ciddi fəsadlara səbəb olub. Şəhərin mərkəzi küçələri, eləcə də şəhərətrafı yaşayış məntəqələrində yerləşən küçə və həyətlər su altında qalıb. Yaranmış vəziyyət ilk növbədə şəhər infrastrukturunun güclü yağıntılar qarşısında dayanıqsızlığını göstərib. Bununla yanaşı, baş verənlər bir sıra digər sosial problemləri də üzə çıxarıb.

Sosial şəbəkələrdə yayılan bəzi videogörüntülərdən məlum olur ki, su basmış küçələrin təmizlənməsinə texniki vasitələr əvəzinə kommunal xidmət işçiləri, əsasən də qadınlar cəlb olunub. Videogörüntülərdə süpürgəçi qadınlar əmək şəraitindən və iş saatlarından narazı olduqları dilə gətirirlər.

İşçilərdən birinin sözlərinə görə, işçilər yağışlı hava şəraitinə baxmayaraq, küçələrin artıq sulardan təmizlənməsi işinə cəlb olunublar. Onlar qanunvericilikdə nəzərdə tutulan 8 saatlıq iş qrafiki əvəzinə rəhbərlik tərəfindən 16-17 saata qədər işləməyə məcbur edildiklərini vurğulayırlar. Eyni zamanda, bir işçinin üzərinə bir neçə ərazini təmizləmək öhdəliyinin qoyulduğu da bildirilir.

Bu isə öz növbəsində Azərbaycanda işçi hüquqları və əməyin təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirir.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova “Toplum TV”-yə bildirir ki, Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən, əmək münasibətlərinin tənzimlənməsi sahəsində dövlət orqanları sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdeh olsalar da, real vəziyyət bunun əksini göstərir.

Rəhimova hesab edir ki, yağıntılı günlərdə fiziki əməyə deyil, texniki vasitələrə üstünlük verilməlidir: “İşçilər təhlükəli iş şəraitində işləməyə məcbur edilməməlidir. Mexaniki su təmizləyici qurğular, yol süpürmə maşınları və nasos sistemləri kimi texnoloji vasitələrin tətbiqi həm təhlükəsizliyi artırar, həm də iş yükünü azaldar”.

İşçi hüquqları fəalı bildirib ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, həftəlik iş vaxtı 40 saatdan artıq olmamalıdır və artıq iş yalnız əlavə ödənişlə mümkündür: “Lakin süpürgəçi qadınlar gündə 16-17 saat olmaqla, ağır və təhlükəli şəraitdə işləyirlər və bu əməyə görə əlavə ödəniş də almırlar. İşçilərin suyun içərisində işləməsi, qoruyucu vasitələrlə tam təmin olunmaması və üzərlərinə əlavə ərazilərin yüklənməsi göstərir ki, burada həm əməyin mühafizəsi prinsipləri, həm də əmək müqaviləsinin əsas şərtləri sistemli şəkildə pozulur”.

Tənqidçilər və ekspertlərin fikrincə, Azərbaycanda son 10 il ərzində əməyin mühafizəsinə çəkilən xərclərdə ciddi azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə əməyin mühafizəsi tədbirlərinə 70 milyon 620 min manat vəsait ayrıldığı halda, 2024-cü ilin son məlumatlarında bu rəqəm 60 milyon 274 min manat olub.

Eyni dövrdə (2016–2024) istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirən və həyatını itirən işçilərin sayı 300% artaraq 747 nəfərə çatıb.

Bununla yanaşı, əlverişli olmayan əmək şəraitində işləyənlər üçün nəzərdə tutulan əlavə məzuniyyətlərin də azaldığı müşahidə olunur. Belə ki, 2010-cu ildə sənayedə çalışan işçilərin 12,7%-i, tikinti işçilərinin 4,5%-i, nəqliyyat və anbar təsərrüfatında çalışanların isə 11,6%-i əlavə məzuniyyətlərdən yararlandığı halda, 2024-cü ildə bu rəqəmlər sənayedə 8%, tikintidə 3,6%, nəqliyyat sahəsində isə 8,8%-ə enib.

Sara Rəhimova düşünür ki, bu hal açıq şəkildə narahatedicidir: “Təhlükəli şəraitdə işləyən işçilərin sayı artdıqca, bu hala düz mütənasib olaraq əməyin mühafizəsinə ayrılan vəsaitlər də artırılmalıdır. Təəssüf ki, biz əksini görürük”.

O, həmçinin Əmək Məcəlləsinin 110-cu maddəsinə istinad edərək qeyd edir ki, bütün işçilər vəzifəsindən, peşəsindən və əmək şəraitindən asılı olmayaraq məzuniyyət hüququna malikdirlər və bu hüquq məhdudlaşdırıla bilməz. Məzuniyyətlərin azalması və ya faktiki olaraq verilməməsi bu maddənin pozulması deməkdir.

“Əməyin təhlükəsizliyi üçün ayrılan xərclərin azalması birbaşa olaraq təhlükəsizlik tədbirlərinin zəifləməsinə gətirib çıxarır. Bu isə iş yerlərində qəzaların artmasına, işçilərin sağlamlığının risk altına düşməsinə və ümumilikdə əmək şəraitinin pisləşməsinə səbəb olur. Əmək hüquqları yalnız kağız üzərində qalmamalıdır. İşçilər əmək müqaviləsində nəzərdə tutulan iş saatından artıq işlədilir və buna görə əlavə ödəniş almırlar. İşçilər təhlükəsiz iş şəraiti ilə təmin olunmurlar və bu da onların həyatını birbaşa risk altına qoyur”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo