Sosial

Şuşa məktəbi - “Belə bir şəraitdə uşaqlar nə öyrənəcək?”

29 Aprel, 2022
3368

Toplum Tv

Kanalizasiyası tıxanan, istiliyi olmayan, nəmişikdən divarları kif atan məktəbdən reportaj

Nüviyə Hüseynalıyevanın üç uşağı Şuşa rayon Malıbəyli 1 saylı orta məktəbində oxuyur.

O, təhsil müəssisəsindəki şəraitdən narazıdır.

Valideyn deyir ki, məktəbdə qışda istilik olmur, eyni zamanda, kanalizasiya problemi də uzun zamandır həll edilmir.

Toplum Tv

“Kanalizasiyanın iyi bütün məktəbə yayılır. Artıq bu tədris ilində ikinci dəfədir dediyim problemlə üzləşirik. Ayaqyolunda antisanitar vəziyyət hökm sürür. İstilik isə məktəb fəaliyyətə başladığı ilk gündən yoxdur. Neçə dəfə evimdən məktəbə pilətə aparmışam”.

Valideynlərin daha bir narazılığı bütün siniflərdə 40-dan artıq şagirdin olması və sıxlığın dərsin keyfiyyətinə təsir göstərməsi ilə bağlıdır.

“Mənim qızımın sinfində 44 şagird oxuyur. Belə bir şəraitdə uşaqlar nə öyrənəcək?”, - valideynlərdən biri sual edir.

Toplum Tv

Valideyn Rahidə Həsənova sadalanan problemlərə görə övladını məktəbdən çıxarıb qəsəbədəki digər məktəbə yerləşdirib.

Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Vüsalə Salmanova da deyilənləri təsdiqləyir və illərdir həll edilmədiyini söyləyir.

Toplum Tv

O, məktəbin digər problemləri ilə bizi yerindəcə tanış edir.

Məktəbin ikinci mərtəbəsində rütubətdən divarlar kif atıb, suvağı qopub. Elektrik paylayıcıları bəzi yerlərdə açıq vəziyyətdədir. Sinif otaqlarının qapıları yararsız hala düşüb.

Toplum Tv

“Qışda qaz zəif olanda istilik olmur. Kanalizasiya sistemindəki problemlər sanitar qovşaqlarda tıxanmalara səbəb olur. Qəsəbədə sonradan tikilən məktəbdə belə problemlər yoxdur. Bu şəraitdə dərs keçsək də, hər il Şuşa şəhəri üçün ən yaxşı tələbə qəbulu göstəriciləri bizdə olur. Şagirdlərimiz qızıl medallar qazanır”, - Vüsalə Salmanova deyir.

O, məktəbin qəsəbə yarandığı gündən fəaliyyət göstərdiyini, məcburi köçkünlər üçün nəzərdə tutulsa da, yaxınlıqda yaşayan şagirdlərin də burda oxuduğunu bildirir.

“Sıxlıq ilk olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir”

Təhsil Nazirliyindən “Toplum TV”-yə verilən açıqlamada da qeyd olunur ki, Şuşa rayonu Malıbəyli kənd 1 saylı məktəbi 360 şagird üçün tikilib, amma burda 1225 şagird təhsil alır. Məktəb 2 növbədə fəaliyyət göstərir.

Toplum Tv

“Sıxlıq təbii ki, ilk olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir və bu səbəbdən də yeni korpusların tikilməsinə ehtiyac duyulur”.

Məktəbdəki şəraitlə bağlı suala isə nazirlikdən deyilib ki, işğaldan azad olunan ərazilərdə məktəb tikintisi aparılır.

“Qarabağda, o cümlədən Şuşada quruculuq işləri sürətlə davam edir. Mövcud vəziyyət qısa zamanda aradan qalxacaq”,- deyə nazirliyin açıqlamasında qeyd olunur.

Rəsmi məlumatlara görə, respublika üzrə 85 min 600 sinifin 310-da şagird sayı 40-dan yuxarıdır. Ümumilikdə şagird sayı 40-dan çox olan siniflər ümumi siniflərin 0,4 faizini təşkil edir.

Təhsil üzrə ekspert Elşən Qafarov da sözügedən məktəbdəki vəziyyətin tədrisə təsir göstərsə də, müvəqqəti olduğunu bildirir. O, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikintisi başa çatdıqda məsələnin də həllini tapacağını söyləyir.

Elşən Qafarov - açıq mənbədən götürülüb

Bununla belə, ekspert keyfiyyətli təhsil vermək üçün meyarlar müəyyənləşdirilidiyini də vurğulayır: “Onlardan biri də infrastruktur və maddi-texniki tədris bazasıdır. Ölkədə tikilən ümumitəhsil məktəblərinin infrastrukturu ilə bağlı yenilənmələr gedir. Hazırda ölkədə 4432 məktəb var və bunun 3800-dən artığı ya tikilib ya da əsaslı təmir olunub. Ümumilikdə, 600-dən artıq məktəb hələ də bərbad vəziyyətdədir. Problemli olan məktəblər 2 hissəyə bölünür. İndiyə qədər təmir olunmayanlar və təmir olunan, tikilən, amma bərbad vəziyyətdə olanlar”.

Təhsil Naziri Emin Əmrullayev də məktəblərdəki mövcud vəziyyətdən xəbərdar olduğunu, amma bütün problemləri bir gündə həll etməyin mümkün olmadığını bildirmişdi.

Emin Əmrullayev - sosial medi

“Növbəlilik əsasında prioritet məktəblər seçilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir. Bu məktəblər şəhərdə olan yükü azaltmağa və məcburi köçkün məktəblərinin geriyə qaytarılması prosesində məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək”, - nazir belə deyib.

Ölkə rəhbərliyi işğaldan azad edilən ərazilərdə bərpa, quruculuq işlərinin sürətlə getdiyini bəyan etsə də, oraya qayıdışın konkret vaxtını açıqlamır. Ekspertlərsə bunun azı 4-5 il çəkəcəyini güman edirlər. Deməli, köçkün məktəblərində oxuyan şagirdlər azı 4-5 il də sadalanan çətinliklər içində oxumalı olacaqlar.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo