Foto/kollaj: Toplum TV
ABŞ senatoru Cin Şahin "Toplum TV"-nin həbsdə olan həmtəsisçisi Ələsgər Məmmədliyə məktub yazıb.
O, məktubunda Ə.Məmmədli də daxil olmaqla "siyasi məhbusların müdafiəsinin" onun "şəxsi prioritetlərindən biri" olduğunu qeyd edib.
"Mən sizin işinizi qaldırmaq və azadlığa buraxılmağınız üçün səsimi istifadə etməyə davam edəcəyəm", - Şahin bildirib.
Ə.Məmmədlinin media eksperti kimi ABŞ-də mənzillənən "Internews" və "IREX" kimi təşkilatlarla, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını xatırladan senator onun "töhfələrini yüksək qiymətləndirdiyini" qeyd edib.
"Sizin karyeranız həqiqətə sadiqliyinizi nümayiş etdirir — bu isə demokratiyanın əsas tərkib hissəsidir", - o əlavə edib.
Ə.Məmmədlinin səhhətindəki problemlərdən də xəbərdar olduğunu bildirən Şahin ona tezliklə zəruri
tibbi yardım göstəriləcəyini və ailə üzvlərinə qovuşacağını ümid etdiyini yazıb.
"Əminəm ki, azadlığınızı qazandığınız gün sizi Senatda qarşılayacağam və bu hadisəni birlikdə qeyd edəcəyik. Həmin vaxta qədər isə güclü qalın və unutmayın ki, sizin cəsarətiniz diqqətdən kənarda qalmır. Mən sizin işinizə diqqət çəkməyə və azadlığınız üçün çalışmağa davam edəcəyəm", - o sonda bildirib.
C.Şahin oxşar məzmunlu məktubları "Azadlıq Radiosu"nun həbsdə olan jurnalisti Fərid Mehralızadə və "Amerikanın Səsi"nin həbsdə olan keçmiş əməkdaşı Ülviyyə Əliyə (Quliyeva) də yazıb.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Yonatan Sindel
Foto: açıq mənbə
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır