Dünya

Duqin – onu Kremlin beyni adlandırırlar, Putinə təsiri nə vaxtdan başlayıb?

10 Noyabr, 2022
1772

Açıq mənbələrdən götürülüb

"Meduzo.io" saytı rusiyalı filosof və tarixçilərin Rusiya Prezidenti Vladimir Putinə təsirini araşdıran məqalə yayımlayıb. Toplum TV materialı oxuculara azərbaycan dilində təqdim edir.  

Rusiya Prezidenti Administrasiyasının (PA) daxili siyasət bloku son aylarda “söhbət” üçün Kremlə tez-tez ultramühafizəkar filosof və tarixçiləri – ilk növbədə Aleksandr Duqini, Aleksandr Proxanovu və Vardan Baqdasaryanı dəvət edir. Bunu “Meduzaya” PA-ya yaxın iki və “Vahid Rusiya”nın rəhbərliyinə yaxın bir mənbə xəbər verib.

Onların dediyinə görə, bu xadimlər konkret məsələlərlə bağlı müşavirələrdə (məsələn, 2024-cü il prezident seçkiləri) iştirak etmirlər, onların işi başqadır: “Onlarla görüşlər və şəxsi söhbətlər sırf ideoloji məsələlər haqqında – Rusiyanın məqsədi nədir və nə istəyir – olur”.

Bu “ideoloq”ların kim olduğunu xatırladaq.

Aleksandr Duqin – avrasiyaçı filosof, politoloq, “rus dünyası”nın ən görkəmli ideoloqlarından biridir. Əsrin əvvəllərindən  keçmiş SSRİ-nin bütün respublikalarının daxil olacağı Avrasiya İttifaqının yaradılması ideyasını müdafiə edir. Onun əsas nəzəriyyələrindən biri Rusiya və “kollektiv Qərb” qarşıdurması ətrafında inşa edilir. Bir çox düşüncə adamları Duqini mahiyyətcə faşist görüşləri yaymaqda ittiham edirlər.

https://toplum.tv/dunya/tiraniyada-azad-senetkar-mifi

Aleksandr Proxanov - “vətənpərvər” yazıçı, “Zavtra” qəzetinin baş redaktoru. 1991-ci ildə QKÇP tərəfdarı olub. Sovet stalinizminin və pravoslav çar Rusiyasının cəhətlərini özündə birləşdirən dövlət  - “atom pravoslavlığı” konsepsiyasının müəllifidir. İmperiya görüşlərinə malikdir.

Tarixçi Vardan Baqdasaryan geniş kütlələrə Duqin və Proxanovdan az tanışdır. O, Proxanovun stalinist “Zavtra” qəzetinin müəlliflərindəndir. Daha əvvəl isə Rusiya dəmiryollarının keçmiş rəhbəri Vladimir Yakuninlə yaxın olub, hətta birgə kitablar buraxıblar.

Baqdasaryan da tez-tez sivilizasiyaların qarşıdurmasından yazır, Donbası da “Rusiyanın sivilizasiya hüdudu” adlandırır.

“Donbas təkcə Ukraynanın nasizmdən azad olunması platsdarmı deyil, həm də Rusiyanın bir sivilizasiya kimi özünübərpa vektorunun əsası qoyulan platformadır. Donbas torpağında yeni Rusiya ideologiyası yaranır. Nəzəriyyə ilə deyil, qan və ölüm üzərindən yaranır. Yalnız qəhrəmanların qanı ilə sakrallaşan ideologiyanın real tarixi perspektivləri ola bilər”, - Baqdasaryan öz məqalələrində belə yazır.

Rusiyada rəsmi ideologiyanın tətbiqinə tərəfdar olan tarixçi səfərbərlik səbəbindən ölkəni tərk edənləri qorxaq adlandırır.

“Həyat və ölüm məsələsinin ekzistensiyası geri dönüb və bütün bohem həyat yersizləşib. Donbas postmodernist paytaxt tələbəliyindən fərqli gənclik tipi yetişdirib. Müharibədən keçən bu gənclər gec-tez mülki həyata dönəcəklər. O zaman paytaxt gənclərinin işi yaxşı olmayacaq”, - Baqdasaryan əminliklə proqnoz verir.

O, Qərb dövlətlərini  “kooperativ mərkəzin, transmilli korporasiyaların, oliqarxiyanın qlobal sisteminin” idarə etməsinə də eyni dərəcədə əmindir.

Bundan əlavə, “Meduza” mənbələrinin informasiyasına görə, Kreml “Tsarqrad” kanalının banisi, “pravoslav oliqarx” Konstantin Malofeyevlə də “məsləhətləşməyə” başlayıb. Əvvəllər PA siyasi blokunun biznesmenlə münasibəti gərgin idi.  Malofeyev 2019-cu ildə siyasətə qoşulmağa qərar verdi və “Ədalətli Rusiya”ya üzv oldu. Onun partiyanı maliyyələşdirəcəyi və rəhbərliyinə daxil olacağı gözlənilirdi. Amma oliqarx partiyanı tamamilə nəzarətə almağa çalışdı, bu da nə Kremlə, nə də partiyanın fəaliyyətdə olan liderlərinə xoş gəlmədi.

Kremlə yaxın olan mənbələrin dediyinə görə, Duqin, Proxanov və Baqdasaryan Kremlə “yeni ideologiyanın müəyyən cizgilərini çəkməkdə” kömək etməlidirlər. “İdeoloq”larla Kremlin siyasət blokunun rəhbəri Sergey Kiriyenko və onun yaxın silahdaşları görüşürlər

“Meduza”nın mənbələri danışırlar ki, belə görüşlərin yekunu olaraq təkcə “cizgilər” çəkilmir, həm də konkret tezislər irəli sürülür ki, onlardan da həm Putin, həm Kiriyenko çıxışlarında istifadə edə bilərlər.

“Rusiya xalq müharibəsinə çevrilən istənilən müharibəni udub. Həmişə belə olub. Biz bu müharibəni də udacağıq: həm odlu, həm psixoloji, həm də bizə qarşı aparılan informasiya müharibəsini. Amma bunun üçün müharibənin məhz xalq müharibəsi olması, hər şəxsin öz iştırakçılığını hiss etməsi zəruridir”, - oktyabr çıxışlarının birində Kiriyenko belə deyirdi. Başqa bir çıxışında isə “xalqın tarixi ənənələrinin qorunması, ənənəvi mənəvi dəyərlər – möhkəm ailə, analıq, qocalığa hörmət, sağlam həyat tərzi” haqqında danışır.

“Vahid Rusiya” rəhbərliyinə yaxın olan mənbənin sözlərinə görə, Duqin və Proxanov əvvəllər də Kremllə əməkdaşlıq ediblər, məsələn sıfırıncı illərin sonunda PA-nın siyasi blokuna Vladislav Surkov rəhbərlik edəndə. Amma son illər bu əlaqələr müntəzəm deyildi.

Bundan əlavə, mənbələr Duqin və Proxanovun yeni rol aldığını deyirlər. Əgər onlar əvvəllər Kremlin tapşırığı ilə müəyyən auditoriya (ultramühafizəkar) ilə işləməli idilərsə,  indi Rusiya ideologiyasını prinsipcə formalaşdırmağa kömək edirlər.

“İndi Duqin və Proxanovun leksikonu Putinin ağzındadır”, - Kremlə yaxın olan həmsöhbətlərdən biri deyir. O əlavə edir ki, əvvəllər KİV çox vaxt Duqinin təsirini şişirdirdi. Məsələn, Qərb nəşrləri onu Putinin əsas ideoloqu, hətta “beyni” adlandırırdılar. Halbuki Rusiya Prezidenti son dövrlərə qədər filosofun baxışları ilə səthi tanış idi. Hər şey Duqinin qızı Daryanın 2022-ci il avqustun sonlarında öldürülməsindən sonra dəyişdi.

https://toplum.tv/dunya/ukrayna-muqavimetinin-simvolu-severski-donets-cayi

“Meduza”nın Kremlə yaxın olan həmsöhbətlərinə görə, məhz bundan sonra Duqinin şəxsiyyəti Putini ciddi maraqlandırıb. O, filosofa başsağlı teleqramı göndərib və PA-nın avrasiyaçı ilə təmasını hərtərəfli bəyənir. Putin Darya Duqinanın ölümündən bir ay sonra, sentyabrın 30-da çıxış edərkən Duqinin ən sevimli terminlərindən birini işlətdi: anqlosakslar.

“Duqinanın ölümü prezidentə “düşmənlər ənənəvi dəyərlərin daşıyıcılarına, antiqərbçilərə hücum edirlər” şəklində təqdim edildi”, - mənbələrdən biri belə deyir. Kremlə yaxın iki mənbə bildirir ki, PA əməkdaşlarının özləri, o cümlədən Kiriyenko, ultramühafizəkar ideologiyanı bəyənmirlər.

Həmsöhbətlərdən birinə görə, Kiriyenkonun mühafizəkar xadimlərə müraciətinin səbəbi sadədir. Birincisi, baxışları indiki məqamda Vladimir Putinə yaxın olan adamlarla əməkdaşlıq etməyə çalışır. İkincisi, Kremllə əməkdaşlıq etməyə hazır olan siyasi texnoloqlar və politoloqlar arasında “dövlət başçısının bəyənəcəyi aydın, daxili ziddiyyətləri olmayan layihə təqdim edə biləcək” ideoloqlar prinsipcə yoxdur. Bir neçə belə ideoloq son aylarda ümumiyyətlə Rusiyadan gediblər.

“Ekspertlər var, icraçılar var. Amma mötədil, həm də prezidentə lazımi yöndə ideoloqlar yoxdur, buna görə də ultramühafizəkar ideoloqlarla işləyirlər. Olanı budur. İndi müharibə gedir, davakarlar lazımdır”, - mənbələrdən bir belə deyir.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qalantın həbsinə order verdi

21 Noyabr 2024

Qafqazinfo

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Onlar Qəzza zolağında hərbi cinayətlər, o cümlədən insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunurlar (https://www.svoboda.org/a/mus-vypisal-order-na-arest-premjer-ministra-izrailya/33210714.html). Məhkəmənin açıqlamasında deyilir ki, qurumun məhkəməyəqədərki palatası Netanyahu və Qalantın Qəzzadakı mülki əhalini qəsdən və bilərəkdən yaşayış üçün zəruri olan ərzaq, su, dərman, tibbi ləvazimatları, yanacaq və elektrik enerjisindən  məhrum etdiklərinə dair ağlabatan əsasların olduğunu müəyyən edib.    
Dünya

Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq

21 Noyabr 2024

Türküstan

Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün federal büdcəni təsdiqləyib. Müdafiə və təhlükəsizlik qüvvələrinə rekord məbləğdə xərc nəzərdə tutulub. Qanun layihəsinin mətnində qeyd olunub ki, 2025-ci ildə müdafiəyə 13,5 trilyon rubl (ÜDM-in 6,31%-ini) xərcləməyi planlaşdırılır. Bu xərc 2026-cı ildə 12,8 trilyon, 2027-ci ildə isə 13,1 trilyon olacaq (“Meduza”). “Bloomberg” agentliyi hələ sentyabr ayında yazmışdı ki, Rusiyanın gələnilki büdcəsinin güc strukturları blokunun xərcləri ümumi büdcə xərclərinin təxminən 40%-ni təşkil edəcək (https://t.me/meduzalive/113529). Bu, təhsilə, səhiyyəyə, sosial siyasətə və iqtisadiyyata ayrılan vəsaitin cəmindən çoxdur. Bundan başqa, 2025-ci ildə Putinə və onun administrasiyasının saxlanmasına ayrılan vəsait 25% (təxminən 31 milyard rub) artırılacaq.

Seçilmiş Videolar

Toplum TV loqo