Dünya

Elxan Şahinoğlu: "İvanişvili özünü xaç atası kimi aparır"

15 Aprel, 2021
3011

Açıq mənbələrdən götürülüb

Gürcüstanda siyasi gərginlik davam edir. Sabiq Baş nazir Giorgi Qaxariyanın yeni partiya təsis edəcəyi elan edilib. Gürcüstan parlamentinin sədri Arçil Talakvadze isə onu şəxsi maraqlarını   dövlətin mənafeyindən üstün tutmaqda ittiham edib. 

Aprelin 14-də isə 6 deputat Gürcü Arzusu Partiyasının sıralarını tərk edərək Qaxariya ilə birgə yeni partiya quruculuğunda fəal iştirak edəcəklərini açıqlayıb.
Tbilisi Şəhər Məhkəməsi isə müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanı həbsdə saxlayıb. 

Gürcüstandakı proseslər nə ilə nəticələnə bilər?

“Toplum TV”  politoloq Elxan Şahinoğlu ilə bu barədə danışıb.

- Şahin bəy, sizcə, Gürcüstandakı siyasi böhran nə ilə nəticələnəcək və 6 deputatın istefa verərək Qaxariyanın tərəfinə keçməsi növbəti istefalar üçün presedent yarada bilərmi? 

- Gürcüstanda keçirilən parlament seçkilərindən sonra siyasi durum hələ də gərgin olaraq qalır. Müxalifət liderinin həbsi bu gərginliyi daha da artırdı. Eyni zamanda, Baş nazirin və digər nazirlərin istefası fonunda tez-tez hökumət böhranı yaşanır. Digər tərəfdən Gürcüstanda ciddi iqtisadi problemlər var. Ölkənin əsas gəlir mənbəyi turizmdir, amma pandemiya dövründə bir çox ölkələrdə olduğu kimi burada da turizm tənəzzülə uğradı və gəlirlər xeyli azaldı. Müxalifət bundan istifadə edərək təzyiqləri getdikcə artırır və ölkə sanki xaosa  sürüklənir. Müxalifətin əsas tələbi erkən parlament seçkilərinin keçirilməsi olsa da, hökumət bu addımı atmaq istəmir. Problem isə ondadır ki, Gürcüstan hakimiyyətinin özü monolit deyil. Qeyd etdiyim kimi, sürəkli istefalar, siyasi böhranlar ölkənin sabit inkişafı üçün ən böyük əngəldir. Ona görə də prosesin sonunu gözləmək lazımdır...

- Keçmiş Baş nazir Qaxariya yeni partiya yaradacağını bildirib. Onun gələcəkdə real liderə çevrilmə şansı nə qədərdir?

- Gürcüstanda son 15 ildə müxtəlif siyasətçilər güclənmək, tərəfdar toplamaq üçün bir çox partiyalar yaradıblar. Bunların içində tanınmış siyasi fiqurlar olsa da, onlar partiya quruculuğunda o qədər də böyük nailiyyətlər əldə etməyiblər. Bu səbəbdən Qaxariyanın yeni partiya quraraq siyasi liderə çevrilməsi gözlənilən deyil. Hazırda Gürcüstanda iki əsas siyasi partiya var: hakim Gürcü Arzusu Partiyası və Mixail Saakaşvilinin qurduğu Vahid Milli Hərəkat Partiyası. Yerdə qalan partiyalar o qədər də güclü deyil.

- Məhkəmə müxalifət lideri Nika Meliyanın həbsdə saxlanılmasıyla bağlı qərar çıxarıb. Bu, Gürcüstan-Avropa münasibətlərinə necə təsir edəcək, ümumiyyətlə, ölkə Avropanın dəstəyindən məhrum ola bilərmi?

- Əlbəttə ki, mənfi təsirləri olacaq. Avropa hər zaman Gürcüstanı islahatlara və insan haqları məsələlərinə görə təqdir edirdi. İndi isə müxalifət liderlərindən biri həbs olunub. Avropa buna seyrçi qala bilməz, hətta bu səbəbdən Gürcüstan hakimiyyətinə tənqidləri də artıb. Halbuki bir vaxtlar Avropa Gürcüstanı başqa ölkələrə nümunə kimi təqdim edirdi. Təəssüf ki, bu ölkə artıq nümunə kimi göstəriləcək halda deyil. 

- İvanişvilinin heç bir açıqlama verməməsinin, siyasi arenada görünməməsinin səbəbi nədir? 

- İvanişvili özünü xaç atası kimi aparır. Hadisələrə kənardan təsir etməyə çalışır. O, müəyyən vaxt kəsimində belə bir ssenari üzrə davarana bilər, amma görünən odur ki, bir müddət sonra ölkədə xaos başlayacaq. Çünki bir siyasətçi hakimiyyətdə deyilsə və kənardan idarəetmə siyasəti həyata keçirirsə, bu həm ölkəyə, həm də özünə problem yaradacaq. Bu səbəbdən düşünürəm ki, İvanişvili kənardan idarəetməni davam etdirərsə, Gürcü Arzusu Partiyası daha böyük problemlərlə üzləşəcək. 

- Müxalifət mediası yazır ki, bu partiya xalqın böyük kəsiminin dəstəyini itirir.

- Hələ ki bunu demək tezdir. Müxalifət son parlament seçkilərinin saxtalaşdırıldığını iddia etsə də, əslində Gürcü Arzusu Partiyası ən çox səs qazanan partiya idi. Amma Gürcüstanda siyasi xaos, həbslər davam edərsə, hakim partiyanın reytinqinin aşağı düşmə ehtimalı var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Nobel Sülh Mükafatı İsrailin soyqırımı törətdiyini deyən hakimə verilib

9 Oktyabr 2026

açıq mənbə

Bu il Nobel Sülh Mükafatını Beynəlxalq Ədalət Məhkəməsinin hakimi, Cənubi Afrika Respublikasından (CAR) olan Navanetem Pilay qazanıb.  Norveç Nobel Komitəsinin oktyabrın 9-da yaydığı açıqlamaya görə, 85 yaşlı Pilay “sülh və beynəlxalq hüququn təşviqindəki xidmətlərinə görə” mükafata layiq görülüb.  Pilay müxtəlif vaxtlarda CAR-ın Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi çalışıb. O, 2008-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı, bu yaxınlara qədər isə İşğal Altındakı Fələstin Ərazisi və İsrail üzrə BMT-nin Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri olub.  BMT komissiyası Pilayın sədrliyi altında ötən ilin sentyabrında İsrailin Qəzzada apardığı müharibə haqqında 72...
Dünya

"The Guardian”: “Sanksiya altındakı tankerlər fərqli təyinat ünvanları göstərərək Cənubi Koreyadan Rusiyaya yanacaq daşıyıb”

7 Oktyabr 2026

sosial media

Cənubi Koreya iyul və avqust aylarında Rusiyaya əsasən dizel olmaqla 176 min tondan çox yanacaq tədarük edib. Bu barədə Britaniyanın “The Guardian” nəşri liman sənədləri və gəmilərin hərəkət məlumatlarına əsaslanan araşdırmasında yazıb. Məlumata görə, iki ay ərzində yeddi tanker Rusiyaya 14 səfər edib. Bu tankerlərdən üçü Böyük Britaniya və Avropa İttifaqının sanksiyaları altındadır. Nəşr qeyd edir ki, bəzi gəmilər limandan çıxarkən təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib, daha sonra isə Rusiyanın Vladivostok limanına istiqamətlənib. Araşdırmaya əsasən, “Layla” tankeri Cənubi Koreyanın Ulsan limanından Vladivostoka iki səfər zamanı ümumilikdə 57 min ton dizel aparıb. Gəmi ikinci səfərindən əvvəl təyinat məntəqəsi...

Seçilmiş Videolar

Toplum TV loqo