Dünya

“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub

9 noyabr, 2026
15

Foto: sosial media

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “NVIDIA”nın baş icraçı direktoru Censen Huanq şəxsi münasibətləri və mümkün casusluq iddiaları ilə bağlı qalmaqalla üzləşib.

“Reuters”in noyabrın 8-də yaydığı məlumata görə, şirkətin direktorlar şurası Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlayıb.

Qalmaqal ABŞ mediasında “NVIDIA” rəhbərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən iş qadını ilə yaxın münasibətdə olması barədə məlumatların yayılmasından sonra gündəmə gəlib. Söhbət Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Alise Huanqdan gedir.

“The New York Times”ın yazdığına görə, ABŞ rəsmiləri Alise Huanqın Çin kəşfiyyatı ilə əlaqəsi ola biləcəyini ehtimal ediblər. Qəzetin məlumatında qadının Censen Huanq haqqında informasiya toplamaq məqsədilə onunla yaxınlıq qurduğu da iddia olunub. “Reuters” həmin iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

Məsələ ilə bağlı ən diqqətçəkən açıqlama Censen Huanqın özündən gəlib. O, “NVIDIA” əməkdaşlarına ünvanladığı məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edib.

“Həyat yoldaşıma xəyanət etdim. Hərəkətlərim ona və övladlarımıza zərər vurdu. Bunun heç bir bəhanəsi yoxdur. Dərin təəssüf hissi keçirirəm”, - deyə Huanq məktubunda bildirib.

Şirkət rəhbəri baş verənlərə görə məsuliyyəti üzərinə götürdüyünü, “NVIDIA”ya rəhbərlik etməyə davam edəcəyini və araşdırma ilə tam əməkdaşlıq edəcəyini vurğulayıb.

“NVIDIA”nın direktorlar şurası bildirib ki, araşdırma müstəqil direktorlar komitəsi və kənar hüquqşünasların iştirakı ilə aparılacaq. Şirkət hazırda ABŞ-ın milli təhlükəsizliyinə və ya “NVIDIA”ya məxsus məxfi məlumatlara zərər dəydiyini düşünmək üçün əsas görmədiyini, lakin bütün məlumatların araşdırılacağını qeyd edib.

Məsələ ABŞ Konqresinin də diqqət mərkəzinə düşüb. Nümayəndələr Palatasının üç nüfuzlu komitəsinin respublikaçı rəhbərləri Censen Huanqı noyabrın 18-də qapalı dinləmələrə çağırıblar. Konqresmenlər ondan Alise Huanqla münasibətləri, eləcə də ABŞ-nin qabaqcıl süni intellekt texnologiyalarının Çinin əlinə keçməsi ehtimalı ilə bağlı izahat almaq istəyirlər.

Qalmaqal fonunda “NVIDIA”nın səhmləri də təzyiqlə üzləşib. “Reuters”in məlumatına görə, şirkətin səhmləri bazaröncəsi ticarətdə təxminən 5 faiz ucuzlaşıb. İnvestorları narahat edən əsas məsələlərdən biri Huanqın şirkətin gələcək strategiyasındakı rolu və araşdırmanın nəticələrinin “NVIDIA”nın fəaliyyətinə mümkün təsiridir.

Çin tərəfi casusluq iddialarını rədd edib. Pekin bu məlumatları əsassız adlandıraraq Çinə qarşı qarayaxma cəhdi kimi qiymətləndirib.

Sinqapur hökuməti isə oktyabrın 31-də yaydığı açıqlamada Alise Huangla bağlı ölkə rəsmilərinin casusluq şübhəsi və ya onun Censen Huanqla münasibətləri üzrə araşdırma apardığı barədə xəbərləri təkzib edib. Bununla yanaşı, “Megaspeed” şirkəti ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’

9 noyabr 2026

açıq mənbə

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumatı şərh edib. İran XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə “Mehr” agentliyinin sualına cavabında danışıb. O qeyd edib ki, 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir. “Son günlər Azərbaycanın Daxili İşlər Nazirliyi bir neçə İran vətəndaşını ‘arzuolunmaz şəxs’ adlandırıb. Əsasən, Azərbaycanın hansı əsasla digər ölkələrin vətəndaşlarını arzuolunmaz şəxs elan etdiyi də məlum deyil. ‘Arzuolunmaz şəxs’ ifadəsinin özü məna kəsb etmir, çünki həmin şəxslər o ölkənin ərazisində olmayıblar. Onlar diplomat da deyillər. Lakin bu addım dostyana deyil. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə...
Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr 2026

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb. BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib. Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir. Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1...

Seçilmiş Videolar

Toplum TV loqo