Dünya

Özünü 5-ci nəsil F-35-dən məhrum edən Türkiyə 4-cü nəsil “Tayfun” alır

27 İyul, 2025
961

Foto: açıq mənbə

Rusiyadan S-400 aldıqdan sonra F-35 proqramından çıxarılan Türkiyə hava gücü sahəsində nəinki İsrailin, hətta Yunanıstanın da gerisinə düşüb 

Türkiyə öz hərbi aviaparkını yeniləmək istiqamətində mühüm addımlar atıb. İyulun 23-də İstanbulda keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində müdafiə naziri Yaşar Gülər və Böyük Britaniyanın müdafiə naziri Con Hili arasında Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsinin istifadəçisi kimi qəbul edilməsinə dair Anlaşma Memorandumu imzalanıb. 

Eyni gün Almaniya hökuməti bu təyyarələrin Türkiyəyə satışına rəsmi icazə verib. 4-cü nəsil “Eurofighter Typhoon” təyyarəsi Britaniya, Almaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur. İlk uçuş (prototip) 1994-cü ildə baş tutub, 1998-ci ildə seriya istehsala qərar verilib. 

Memorandumun imzalanmasından sonra Türkiyə ilə konsorsium arasında texniki müzakirələr başlayacaq və tədarük prosesi razılaşdırılacaq. Ankara 40 ədəd “Typhoon” almağı planlaşdırır. Bununla yanaşı, Türkiyə ilə ABŞ arasında 40 ədəd F-16 (Block70 Viper) döyüş təyyarəsinin alqı-satqısı və 79 ədəd köhnə F-16-nın modernizasiyası haqqında 23 milyard dollarlıq razılaşma da əldə edilib. 2024-cü ilin yanvarında ABŞ Dövlət Departamenti bu anlaşmanı təsdiqləyərək Konqresə göndərib.

Hər hansı problem yaranmasa, ilk F-16 (Block 70 Viper) 2027-ci ildə Türkiyəyə təhvil veriləcək. Amma “Eurofighter Typhoon”ların bəziləri daha tez əldə edilə bilər, çünki Türkiyə hazırda bəzi ölkələrin (məsələn, Qatarın) istifadəsində olan 2-ci əl bu tip təyyarələri qəbul edə biləcəyini də bildirib. Bu tələskənlik onunla əlaqədardır ki, Türkiyə Hava Qüvvələrinin parkı köhnəlib. 

Hazırda Türkiyənin əlində 240 ədəd F-16 var, lakin bunlar “Block 30”, “Block 40”, “Block 50” və “Block 50+” modifikasiyalarıdır. Qonşu, kiçik Yunanıstan bu sahədə Türkiyəni qabaqlayıb. Belə ki, Yunanıstan Fransadan 24 ədəd “Rafale” döyüş təyyarəsi alıb. 4,5-ci nəsil hesab olunan “Rafale” Türkiyənin alacağı yeni F-16-lardan daha modern döyüş maşınıdır. Bundan başqa, 2022-ci ildə Yunanıstan 20 ədəd 5-ci nəsil F-35 almaq üçün ABŞ-a rəsmən müraciət edib. Təyyarələrin 2027-2028-ci illərdə Yunanıstana təhvil veriləcəyi gözlənilir.

Türkiyə bölgədə gərginlik yaşadığı digər dövlət olan İsraildən isə xeyli geri qalır. İsrail ABŞ-dən 45 ədəd F-35 alıb və 2028-ci ildə bunların sayı 75-ə çatacaq. Bundan başqa, İsrail əlindəki F-15 təyyarələrini modernləşdirib. Məlumdur ki, İsrail öz F-35-lərini döyüş şəraitində də sınaqdan çıxarıb.

İyun ayında İranla 12 günlük müharibə zamanı İsrail F-35-ləri İran səmalarında sərbəst uçaraq bu ölkədəki hərbi bazaları və nüvə obyektlərini bombalayıb. İran bir neçə F-35 vurduğu haqda məlumat yaysa da, bu iddialar təsdiqini tapmayıb. Beləliklə, F-35 təyyarələri döyüş şəraitində yüksək effektivlik nümayiş etdirib.  

Məsələnin dramatik tərəfi ondan ibarətdir ki, Türkiyə F-35 proqramının iştirakçısı olan cəmi 9 ölkədən biri idi. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsindən qısa müddət öncə - 2002-ci ilin iyulunda Türkiyə Cümhuriyyəti rəsmi şəkildə 7-ci tərəfdaş olaraq 5-ci nəsil döyüş təyyarəsi proqramına daxil olub.

Türkiyə F-35 proqramında həm istehsalçı, həm də alıcı idi. Təyyarənin 1000-ə qədər komponenti Türkiyədə istehsal olunurdu. İlk mərhələdə 40 ədəd olmaqla, ümumilikdə Türkiyə 100 ədəd F-35 almağı planlaşdırmışdı.

Bu təyyarələrin vertikal eniş edə bilən B versiyasından bir neçə ədəd satın alınaraq “TCG Anadolu” amfibiya hücum gəmisinin göyərtəsinə yerləşdirilməsi və beləliklə, “Anadolu”nun mini-aviadaşıyıcı kimi istifadə olunması da nəzərdə tutulurdu. Ancaq bunların heç biri baş tutmadı. Səbəb Türkiyənin Rusiya ilə hərbi tərəfdaşlığa getməsidir. 

2016-cı ildə baş verən 15 iyul “hərbi çevriliş cəhdi”ndən sonra (bu hadisə ilə bağlı müəmmalar qalır) Türkiyənin xarici siyasətində avrasiyaçı xətt önə çıxmağa, ABŞ-la münasibətlərdə isə soyuqlaşma başladı. Rusiya ilə bütün sahələrdə başlayan yaxınlaşma hərbi sferanı da əhatə etdi və 2017-ci ilin dekabrında S-400 zenit-raket kompleksinin alqı-satqısına dair dövlətlərarası müqavilə imzalandı.

2019-cu ilin iyul ayında ilk S-400 batareyasının Türkiyəyə təhvil verilməsindən dərhal sonra ABŞ Türkiyəni F-35 proqramından xaric etdi. Halbuki Türkiyə üçün ilk partiya – 6 ədəd F-35 istehsal olunmuş və türk pilotların təlimləri də başlamışdı.

ABŞ S-400-ün NATO sistemlərinə inteqrasiyasının mümkün olmadığını, bu qurğu ilə F-35-lərin eyni anda istifadəsi halında F-35-in sirlərinin Rusiyanın əlinə keçə biləcəyini səbəb göstərdi. Beləliklə, Türkiyə Hava Qüvvələrinin silahlanma sahəsində strateji planlaşdırması alt-üst oldu. 

O vaxt Türkiyə TV-lərində çıxış edən avrasiyaçı generallar və təhlükəsizlik ekspertləri iddia edirdilər ki, F-35 qüsurlu layihədir və ABŞ özü bu təyyarələrdən imtina edəcək. 

Hətta Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının F-35-dən daha güclü olduğu barədə ağlasığmaz fikirlər də irəli sürülürdü. Bu təbliğat nəticəsində Türkiyə ictimaiyyəti F-35-in gərəksizliyinə inandırıldı. Nəticədə hazırkı tragikomik vəziyyət yarandı: özünü 5-ci nəsil təyyarələrdən məhrum edən ölkə indi xahiş-minnətlə Qərbdən 4-cü nəsil təyyarələr alır...

Bu, Türkiyənin xarici və təhlükəsizlik siyasətində nə qədər böyük xətalara yol verildiyini göstərir. Faktiki olaraq, ölkənin müdafiə qabiliyyətinə çox ağır zərbə vurulub. Lakin buna görə məsuliyyət daşıyan yoxdur. Əksinə, AKP dövründə Türkiyənin hərbi baxımdan çox gücləndiyi, dünya liderlərindən birinə çevrildiyi yönündə təbliğat gedir və bu təbliğata Türkiyə ilə yanaşı, Azərbaycanda da xeyli insan inanır.    

Doğrudur, Türkiyə hərbi sənayesinin ciddi nailiyyətləri də var. Məsələn, Türkiyə özünün 5-ci nəsil hərbi təyyarəsi – “Kaan” layihəsinin icrasına başlayıb. Hətta 2024-cü ilin fevralında ilk prototipin uçuşu da gerçəkləşib. Lakin bu, seçki kampaniyası ilə əlaqədar tez-tələsik hazırlanmış prototip idi. “Kaan”ın mühərriki 4-cü nəsil F-16-larda istifadə edilən, ABŞ istehsalı olan mühərrikdir. 

Türkiyə istehsalı olan milli mühərrikin 2030-cu illərdə hazır olacağı bildirilir. Təyyarənin də 2030-cu illərdən etibarən silahlanmaya qəbul edilməsi nəzərdə tutulub. Lakin dəqiq təqvim yoxdur. Rəsmi açıqlamaları əsas götürsək belə, bu, o deməkdir ki, Türkiyə yalnız 2040-cı illərdə yetərli sayda “Kaan” döyüş təyyarəsinə sahib ola biləcək.

Həmin dövrə qədər digər dövlətlər də yerində saymayacaq. Artıq ABŞ, Britaniya, Fransa və Almaniya 6-cı nəsil təyyarələrlə bağlı çalışmalara başlayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Türkiyədə məktəb qarşısında silahlı hücum olub, azı 11 şagird yaralanıb

22 Sentyabr 2026

sosial media

Sentyabrıən 22-də Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb qarşısında silahlı hücum nəticəsində ikisi ağır olmaqla azı 11 şagird yaralanıb. Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlək açıqlayıb. Hadisə səhər saat 08:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib. DHA xəbər agentliyinin məlumatına görə, hücum edən şəxs ov tüfəngi ilə ətrafa atəş açdıqdan sonra hadisə yerindən piyada qaçıb. Manisa Valiliyi 15 yaşlı şübhəlinin tutularaq saxlanıldığını bildirib. Ədliyyə naziri yeniyetmənin valideynlərinin və silahın sahibi olduğu müəyyənləşdirilən babasının da saxlanıldığını bildirib. Nazirin sözlərinə görə, silahın yeniyetmənin əlinə necə keçməsi, saxlanma şəraiti və valideynlərin uşağa nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılır. Hadisədən...
Dünya

Latviya Usmanov və Fridmana qarşı sanksiyaların ləğvinə etiraz edib

22 Sentyabr 2026

president.az

Latviyanın etirazı səbəbindən rusiyalı iş adamları Alişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaların ləğvi məsələsi təxirə düşüb. LETA agentliyi bu barədə Latviyanın baş nazirinin ofisinə istinadən məlumat yayıb. Latviya Xarici İşlər Nazirliyinin sözçüsü Liqa Yermakane nəşrə bildirib ki, Avropa İttifaqı (Aİ) səviyyəsində qərarın qəbulu prosesi davam edir və vəziyyət dəyişə bilər. O, nazirliyin yekun qəraradək ölkənin mövqeyini şərh eAvropa tməyəcəyini deyib. Bir gün əvvəl “Reuters” avropalı diplomatlara istinadən Aİ ölkələrinin Usmanov və Fridmana qarşı sanksiyaların ləğvi barədə ilkin razılığa gəldiyini yazmışdı. Razılaşma Rusiyanın təxminən 2700 fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların müddətinin uzadılmasını da nəzərdə tuturdu. Agentliyin məlumatına görə, Aİ...

Seçilmiş Videolar

Toplum TV loqo