Siyasət

Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?

23 İyul, 2025
141

Foto: president.az/arxiv

Ölkədə söz azadlığı və digər insan hüquqlarının vəziyyəti 150 il əvvəl “Əkinçi”nin təsvir etdiyi mənzərədən fərqlənmir... 

Azərbaycan milli mətbuatının 150 yaşı tamam oldu. Bu əlamətdar tarix dövlət səviyyəsində qeyd olundu - media nümayəndələri üçün rəsmi toplantılar, qəbullar, ziyafətlər təşkil edildi, onlara müxtəlif hədiyyələr verildi, rəsmi təltiflər də unudulmadı...  

Birmənalı söyləmək mümkündür ki, bu gün Azərbaycan hakimiyyəti istədiyi, arzuladığı media mühitini yaratmağa nail ola bilib. Həyata keçirilən ardıcıl repressiv tədbirlər və qanunvericiliyin sərtləşdirilməsi nəticəsində artıq müstəqil tənqidi media qurumu qalmayıb, ölkənin informasiya məkanı demək olar ki, tam nəzarətə götürülüb.

Azərbaycanda təksəsli media var. Belə bir vəziyyətdə əslində SSRİ dövründə olduğu kimi, bir dövlət televiziyası və 1-2 rəsmi qəzet (sayt) kifayət edərdi. Amma indi dövr dəyişib, ölkə müstəqildir, üstəlik informasiya-kommunikasiya texnologiyaları ciddi inkişaf edib, kütləvi informasiya vasitələri virtuallaşıb. 

Ona görə də, 1-2 rəsmi telekanal və sayt yaradaraq bütün xəbər və şərhləri oradan ictimaiyyətə çatdırmaq həm əcaib görünər, həm də iqtidar maraqları baxımından məqsədəuyğun olmazdı. 

Kəmiyyət vacibdir. Eyni tezisləri çoxlu sayda KİV-dən daxilə və xaricə ötürməyə ehtiyac var. Bu tezislər gündəlik rejimdə redaksiyalara, həmçinin şərhçilərə, siyasi partiya və QHT nümayəndələrinə göndərilir. Dövlət hesabına, eləcə də hakimiyyətə yaxın mənbələrdən maliyyələşdirilən TV-lər və saytlar onlar üçün cızılmış sərhədlər, çərçivələr daxilində fəaliyyət göstərir, ölkədəki hadisələrlə bağlı yalnız rəsmi orqanların yaydığı və ya onlarla razılaşdırılan məlumatları yayırlar. 

Hakimiyyətin daxili və xarici siyasəti ilə bağlı tənqidlərə təbii ki, yol verilmir, yalnız bəzi sosial problemlər və xüsusi əhəmiyyət daşımayan mövzularda icazəli tənqidlərə şərait yaradılır. Bir sözlə, hazırda Azərbaycanda xalqdan və toplumdan qopmuş, onun gerçək problemlərini araşdırmayan, işıqlandırmayan media mövcuddur. 

Bir sıra media rəhbərləri böyük gəlirlər əldə edərək zənginləşiblər. Bir vaxtlar “media kapitanları” ünvanı dəbdə idi, həmin “kapitanlar”ın bir çoxu indi “media oliqarxı”na çevrilib. 

Rəhmətlik Zərdabinin “Əkinçi”ni təsis və nəşr edərkən üzləşdiyi çətinlikləri yaşamayan, necə deyərlər, yağ-bal içində üzən bu “oliqarx” jurnalistlər utanmadan özlərini “müasir dövrün əkinçiləri” adlandırırlar. 

Halbuki jurnalistikanın prinsipləri ilə ya çoxdan vidalaşıblar, ya da ümumiyyətlə, heç vaxt bu prinsiplərə və dəyərlərə riayət etməyiblər. 

1875-ci ildə nəşrə başlamış “Əkinçi” qəzeti o vaxt Rusiya İmperiyasının ucqar ərazisi olan bölgədə söz azadlığının vəziyyətini belə ifadə edirdi: "Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi istəsə mələyər. Amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir…”.

150 il sonra müstəqil Azərbaycanda söz azadlığının və digər hüquqlarla bağlı vəziyyətin “Əkinçi”nin təsvir etdiyi mənzərədən fərqli olmaması ürək ağrıdan faktdır... 

Milli mətbuat günündə bir daha təəssüflə şahid olduq ki, Azərbaycanda desovetizasiya – sovet dövrünün qaydalarından, normalarından və ənənələrindən azad olmaq - yetərincə aparılmayıb. 

22 iyulda xeyli media təmsilçisi sovet dövündə olduğu kimi, “Əməkdar jurnalist” fəxri adını aldı və medalla təltif olundu. 

Məlumdur ki, SSRİ-də fəxri adlar müxtəlif sahələrdə fəaliyyət göstərən insanları fərqləndirmək üçün verilirdi. Burada ideoloji komponent şübhəsiz ki, əsas rol oynayırdı. Mükafatlandırmalar cəmiyyətə o mesajı verirdi ki, partiya və dövlətə əzmlə, sədaqətlə xidmət edən hər kəs irəli gedə bilər. 

Fəxri adlar həm də sovet-kommunist elitalarının formalaşmasına xidmət edirdi. Təltif olunanların partiya iyerarxiyasında, vəzifə pillələrində irəliləməsi, karyera qurması, deputat olması, imtiyazlar əldə etməsi üçün yollar açılırdı.

Sovet dövrünün bu ənənəsi müasir Azərbaycanda davam etdirilir. Çünki SSRİ dövründə sistem cəmiyyətlə əlaqələrində nələrə ehtiyac duyurdusa, bugünkü Azərbaycanda da hakim çevrələr mahiyyətcə eynilərinə ehtiyac duyur. İnformasiya mühitini total nəzarətdə saxlamaq üçün yaradılmış çoxlu sayda informasiya resursunun idarəçilərini və kollektivlərini davamlı həvəsləndirmək və stimullaşdırmaq lazımdır. 

Loyallığa təkcə qorxutma ilə nail olmaq mümkün deyil, maddi stimullaşdırma da vacibdir. Bu məqsədlə ötən müddətdə iki bina inşa olunaraq media kollektivlərinə paylanılıb. Fəxri adlar və medallar da “partiya və dövlətə” göstərilən xidmətlərin mükafatıdır. Mesaj budur ki, xidmətlər diqqətdən kənarda qalmır, mükafatlandırılanlar eyni şövq və sədaqətlə davam etsin.

Başqaları da bunu görüb, eyni işi yerinə yetirməyə həvəslənsin. Bu prosesdə iştirak etməyənlər isə özündən küssün – onlar həbs dalğalarından yayınsalar belə, işsizliyə və səfalətə məhkumdur... 

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”

22 İyul 2025

Foto: RFE/RL

Demokratik Təşəbbüslər İnstitunun həbsdə olan rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə müraciət edib: “ABŞ Prezidenti olmuş Abraham Linkolnun məşhur fikri var: “Demokratiya - bütün insanları bir müddət aldada bilərsiniz, bir qism insanı daima aldada bilərsiniz, amma bütün insanları daima aldada bilməzsiniz - prinsipi üzərində qurulur.” Bizimki tipli siyasi rejimlər bunu yaxşı bildiyi üçün “demokratiya”nın formalaşmasına imkan vermir.  Avtokratiya - tək adamın hakimiyyətini quraraq hər şeyi tək adamın - Əliyevin üzərinə kökləmək hər şeyi ondan asılı edir. Bir sözlə, xalqın taleyi tək adamın taleyindən asılı olur. Necə ki, Əliyev açıq deyir: “Nəyi, nə zaman,...
Siyasət

Əliyev: “Vətəndaşlarımız hər dəfə Naxçıvana gedəndə erməni sərhədçisinin simasını görməli deyil” 

21 İyul 2025

Foto: president.az

İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunda “Zəngəzur dəhlizi” haqda danışıb.  ABŞ-nin “Zəngəzur dəhlizi”ni icarəyə götürmə təklifinə münasibət bildirən Əliyev deyib ki, bu sual Ermənistan rəhbərliyinə ünvanlanmalıdır.  “Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir”, - o qeyd edib.  Əliyev fikrini belə...

Seçilmiş Videolar

Toplum TV loqo