Foto: president.az
Rusiyanın baş naziri Mixail Mişustin Mixail Qusmanı “TASS” agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edib.
Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunub.
Qərarın səbəbləri açıqlanmayıb.
“TASS”ın baş direktoru Andrey Kondraşov 75 yaşlı Qusmana agentlikdə keçirdiyi “30 illik yorulmaz fəaliyyəti üçün” təşəkkür edib və ona “yeni layihələr və yeni istedadlı komandalar” arzulayıb.
Son günlərdə Qusman rusiyalı hökumətyönlü blogerlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi Şuşa Qlobal Media Forumuna gəldiyinə görə tənqid olunub.
İyulun 19-da Xankəndidə keçirilən forumda Qusman Əliyevə sual verərək Azərbaycanın “tamamilə unikal xarici siyasət” həyata keçirdiyini vurğulayıb.
“Mən başa düşürəm ki, sizdən bunu necə etdiyinizi soruşmaq, virtuoz skripkaçıdan skripka çalmasını necə bacardığını soruşmağa bənzəyir. O deyəcək: ‘Skripkanı götürürəm və çalıram.’ Amma sizin siyasətiniz, məncə, çox aydın, çox dəqiq müəyyən edilmiş siyasi prinsiplərə əsaslanır ki, bu da sizə bu çoxvektorlu siyasəti aparmağa imkan verir. Prezident Əliyevin bu qədər uğurlu xarici siyasət aparmasını təmin edən 5-7 əsas siyasi prinsipini sadalaya bilərsinizmi?” – deyə Qusman soruşub.
Forumda iştirak edən politoloq Sergey Markov da tənqidlərə tuş gəlib.
“Telegram”da hökumətyönlü “Zergulio” kanalının müəllifi Sergey Kolaşnikov yazıb ki, Qusman və Markov İlham Əliyevi təriflədiyi vaxt “bizim jurnalistlər, girov götürülmüş halda, Azərbaycan zindanlarında otururlar.”
“Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri Aleksandr Kots Qusmanın vəzifədən azad olunmasını alqışlayıb.
“Bu kadr qərarının səbəbləri açıqlanmır. Amma bir neçə gün əvvəl Qusman siyasi ekspert Markovla birlikdə Azərbaycan prezidentinin qarşısında baş əyməyə getmişdi. Halbuki, xatırladım ki, həmin prezident Rusiya vətəndaşı olan İT mütəxəssislərini girov saxlayır – onlar döyülərək tanınmaz hala salınıblar. Və onun mediası, azərbaycanlı ekspertlərlə vəcd içində birləşərək, Rusiyanı ittiham edir,” – Kots sosial media paylaşımında bildirib.
Azərbaycanla Rusiya arasında ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması ilə başlayan gərginlik iyunun 27-də pik həddə çatıb.
Həmin gün Rusiya Federal Təhlükəsizlik Xidməti ona yaxın azərbaycanlını zorakılıqla saxlayıb, onlardan ikisi sonradan polis idarəsində ölüb.
Azərbaycan isə buna cavab olaraq “Sputnik Azərbaycan” saytının ofisində reyd keçirib, saytın rusiyalı əməkdaşlarını həbs edib.
Əlavə olaraq, İT mütəxəssisi olduğu bildirilən bir qrup rusiyalı şəxs zorakılıqla həbs olunub. Onlar narkotik maddələrin dövriyyəsində və kiberdələduzluqda ittiham olunurlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto/kollaj: Getty Images/ Global News
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"