Siyasət

Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”

22 İyul, 2025
1816

Foto: RFE/RL

Demokratik Təşəbbüslər İnstitunun həbsdə olan rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov Milli Mətbuat Günü münasibətilə ictimaiyyətə müraciət edib:

“ABŞ Prezidenti olmuş Abraham Linkolnun məşhur fikri var: “Demokratiya - bütün insanları bir müddət aldada bilərsiniz, bir qism insanı daima aldada bilərsiniz, amma bütün insanları daima aldada bilməzsiniz - prinsipi üzərində qurulur.” Bizimki tipli siyasi rejimlər bunu yaxşı bildiyi üçün “demokratiya”nın formalaşmasına imkan vermir. 

Avtokratiya - tək adamın hakimiyyətini quraraq hər şeyi tək adamın - Əliyevin üzərinə kökləmək hər şeyi ondan asılı edir. Bir sözlə, xalqın taleyi tək adamın taleyindən asılı olur. Necə ki, Əliyev açıq deyir: “Nəyi, nə zaman, necə etməyi mən çox yaxşı bilirəm.” 

O, heç kimin məsləhətinə, ağlına ehtiyac duymur, bütün qərarları da yalnız özünün verdiyini nümayiş etdirir. Həmçinin, yaxşı başa düşür ki, bütün insanları daima aldada bilmək üçün ictimai rəyi formalaşdırmaqda əsas rol oynayan media üzərində nəzarəti ələ almalıdır. Bununla, vətəndaşların həqiqətin fərqində olmasını əngəlləyir. 

Bəs həqiqət nədir?

Həqiqət inanca deyil, yalnız müşahidə və dəlillərə (faktlara) söykənən dəyərdir. Tək adam rejimləri isə medianı nəzarətində saxlamaqla uğursuzluqlarını başqalarının üzərinə ataraq diqqəti xəyali, gerçəklərdən uzaq istiqamətə aparır. Yəni, həqiqəti gizlədir, yayındırır, danır və s. 

Bəs Həsən bəy Zərdabinin və həmin dövrün mütəfəkkirlərinin əsas qayəsi nə idi? 

Maarifçilik! Yəni, dövrünün həm miflərindən - yalançı hekayələrindən, həm mövhumatçılıqdan, həm də cahillikdən xilasına çalışmaq idi. “Əkinçi”nin əsas hədəfi də məhz maarifçiliyi yaymaq, o dövrün geniş kütlələrini həqiqətlərlə tanış edərək, məlumatlandıraraq ayıltmaq, aydınlandırmaq idi. Müasir dövrün anlayışları ilə təsvir etsək, toplumu agahlandırmaq, media savadlılığını artırmaq, dezinformasiya, faktlarla manipulyasiya və propaqanda ilə mübarizə aparmaq idi. 

Hazırda Zərdabinin adına və irsinə yiyələnmək istəyən tayfa dövlətin güc aparatına, inzibati və maliyyə resursuna söykənərək 150 illik yubiley adı ilə müxtəlif təltiflər, mükafatlar, tədbirlər və s. təşkil etməklə nə edirlər? Maarifçilikləmi məşğuldurlar? Maarifçilik həqiqəti dana, yalana söykənə bilərmi? Zərdabinin davamçısı həqiqəti görə-görə özünü və ya status-kvonu (mövcud vəziyyəti) qorumaq üçün səssiz qala və ya hər cür propaqanda üçün alətə çevrilə bilərmi? Zərdabinin və maarifçi mütəfəkkirlərin yolunu belələri davam etdirə bilərmi? 

Xalqımız yaxşı bilməlidir ki, Zərdabi və “Əkinçi”nin davamçıları da, əsl maarifçilər də məhz maarifçiliyinə - həqiqəti yazdığına, söylədiyinə görə həbsə atılmış Aynur Elgünəşdir, Ələsgər Məmmədlidir, Sevinc Vaqifqızıdır, Şəmşad Ağadır və digər həmkarlarıdır, düşdüyü yerindən aılı olmayaraq həqiqəti söyləməyə davam edən, dəyərləri uğrunda yolundan dönməyən siyasi məhbuslardır. Həmçinin, ev dustağına çevrilən, ölkədə peşə fəaliyyətini icra edə bilməyən, hər cür məhrumiyyətlərə məruz qalan jurnalistlər, ictimai fəallar və siyasətçilər, o cümlədən mövqeyinə görə vətənindən didərgin salınan dəyərli insanlarımızdır. 

19 iyul 2025-ci il tarixində Xankəndidə çıxış edən tək-adam rejiminin sahibi İlham Əliyev medianın dövlət marağını gözəl qoruduğunu, müdafiədə deyil, əsasən, hücumda oynadığını qeyd etməklə yuxarıda dediklərimi bir daha təsdiqlədi. Əminəm ki, ölkəmizin agah insanları Əliyevin söylədiyi “dövlət marağı” ifadəsinin tək-adam rejiminin qorunmasına mənasına gəldiyini çox yaxşı bilir. Media deyəndə də propaqanda maşını funksiyasını icra edənləri nəzərdə tutur. Onun anlayışına görə, kim tək adama xidmət edirsə, o, ən böyük vətənpərvərdir, dövlətçidir və s. 

Belə epitetlərlə ictimai rəyə sırınan, əslində isə həqiqəti gizlədən, yayındıran, danan propaqanda alətindən başqa bir şey deyil. Unutmayaq ki, bütün propaqandaçılar Hitlerin məşhur təbliğat naziri olmuş Cozef Gobelsin metodundan istifadə edir. Onun məşhur sözü belə idi: “Bir dəfə söylənən yalan, yalan olaraq qalar, amma min dəfə söylənən yalan həqiqətə çevrilir.” 

Sözün gerçək mənasında baxsaq, nə “Əkinçi”, nə də müasir, həqiqi medianın işi heç bir marağı birbaşa qorumaq deyil. “Əkinçi”nin də, müasir medianın da əsas işi insanları həqiqətlər barədə məlumatlandırmaqdır. 

Həqiqəti bilən agah, məlumatlı insanlar cəmiyyətdə nə qədər çox olacaqsa, orada nə tək-adam rejimi qala bilər, nə də daima aldadılan insanlar. Nəticədə, idarə olunan (tək adamın idarə etdiyi) cəmiyyətdən özünü idarə edən cəmiyyətə (III Respublika qurulanda) çevriləcəyik.

III Respublika Platforması olaraq bizim əsas missiyamız da budur. Bununla da, insan ləyaqətinin üstün tutulduğu bir Azərbaycana - III Respublikaya nail olacağıq. Məhz III Respublika dövründə əsl milli maraq - insanın, millətin və dövlətin marağı qorunacaq, indiki kimi tək adamın yox.

Ona görə də, yaşasın bizi o günlərə aparacaq əsl maarifçilər - “Əkinçi”nin xələfləri, cəmiyyətə həqiqətləri çatdıran, dəyərləri uğrunda məhrumiyyətlərə sinə gərən dəyərli insanlar! Şübhəsizdir ki, məhz onların sayəsində, indiki yalançı, riyakar mühitdən, mövcud qaranlıqdan aydınlığa mütləq çıxacağıq! Sizi təbrik edir, yaxşı ki varsınız deyirəm!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Orban getdi: növbə kimindir?

13 Aprel 2026

Foto: AFP

Avropa və dünya siyasətində Viktor Orban dönəmi sona çatdı. Macar xalqı 12 aprel parlament seçkilərində 16 illik avtoritar idarəçiliyə son qoyaraq ölkə tarixində yeni bir səhifə açdı. Macarıstan seçkiləri yerli əhəmiyyətli olmaqdan çıxaraq regional, hətta qlobal miqyaslı siyasi hadisəyə çevrilmişdi. Əslində bu, bir paradoks kimi görünür, çünki Macarıstan 10 milyona yaxın əhalisi olan kiçik bir Mərkəzi Avropa ölkəsidir. Dənizə çıxışının olmaması da onun geostrateji önəmini azaldan amillərdən biridir. Buna baxmayaraq, Macarıstan ətraf ölkələrdən (Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya, Avstriya) fərqlənirdi və son illər qlobal geosiyasətdə özünəməxsus rola, ağırlığa malik oyunçu idi. Orban faktoru Şübhəsiz ki, dünya siyasətində Macarıstan faktorunun ortaya çıxması...
Siyasət

Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam" 

13 Aprel 2026

Açıq mənbə

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib.  O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib.  “Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara  qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib. "Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib.  Hacı...

Seçilmiş Videolar

Toplum TV loqo