Məhkəmə

Avropa Məhkəməsi: Azərbaycan hökuməti "Azadlıq" qəzetinə 30 min avroya yaxın təzminat ödəməlidir

25 Noyabr, 2025
224

Foto: sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azadlıq" qəzetinin Azərbaycan hökumətinə qarşı işi ilə bağlı qərar verib.

Noyabrın 25-də verilən qərarda AİHM ərizəçiyə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulmasını tanıyıb. 

Qərara əsasən, Azərbaycan hökuməti qəzetə maddi və mənəvi zərərə görə 28 min, hüquqi xərclərə görə isə 1,500 avro olmaqla ümumilikdə 29,500 avro ödəməlidir. 

İş 2012-ci ildə qəzetdə  dərc olunmuş, Bakı Metropoliteni haqqında məqalə ilə bağlıdır. "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" başlıqlı məqalədə iddia olunub ki, həmin ilin aprelində metroda gediş haqlarının artırılmasından sonra sərnişinlərin kart balansında əvvəl mövcud olan 5 qəpiklər "yoxa çıxıb". 

"Bununla yüz minlərlə vətəndaşın cibinə girilib. Bu yeni fırıldaqçılıq növüdür. Milyonlarla sakin metrodan istifadə edir. Bu sərnişinlərin ən azı dörddə birinin metro kartı var. Tutaq ki, 750,000 kartdan ən azı 250,000-də 0,05 AZN qalıb. Bu isə 12,500 manat edir. Aylıq 85 AZN pensiya alan bir pensiyaçı bu məbləğlə 12 il yaşaya bilər. Bax, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov həmin pulları mənimsəyib. Bu məsələdə başqasını ittiham etmək mümkün deyil… Belə "əhəmiyyətsiz”, “fərq edilməyən” qərarları verən məhz odur", - deyə məqalədə qeyd olunub. 

Tağı Əhmədov qəzeti böhtan iddiası ilə məhkəməyə verib və 200 min manat təzminat tələb edib. Həmin ilin iyununda Yasamal Rayon Məhkəməsi T.Əhmədovun xeyrinə qərar qəbul edib, lakin təzminatı 30 min manat məbləğində təyin edib. 

Yuxarı məhkəmə instansiyaları da qəzetin qərardan şikayətini təmin etməyib və "Azadlıq" qəzeti 2013-cü ilin avqustunda AİHM-ə müraciət edib. 

AİHM hakimləri qərarlarında qeyd ediblər ki, yerli məhkəmələr sözügedən "məqalənin məzmununu və oradakı konkret ifadələri ətraflı təhlil etməyiblər və bunların fakt, yoxsa şəxsi fikir əsasında məlumat olub-olmadığını qiymətləndirməyiblər". 

"Həmçinin, onlar qəzetin məqalənin ictimai maraq doğuran məsələni müzakirə etdiyi barədə arqumentlərini də nəzərə almayıblar. Yerli məhkəmələr məqaləni bütövlükdə qiymətləndiriblər və yalnız Tağı Əhmədovun nüfuzuna zərər verdiyini müəyyən etməklə kifayətlənmiş, qəzetin məlumatın həqiqiliyini sübut etmək üçün heç bir dəlil təqdim etmədiyini qeyd etmişlər", - deyə bildirilib. 

Məhkəmə bu qənaətə gəlib ki, məqalə, əsasən, şəxsi fikirlərdən deyil, fakt əsasında məlumatlardan ibarət olub. 

"Məqalənin bəzi hissələrinin müəllifin şəxsi fikirləri olduğunu qəbul etsək belə, məhkəmə hesab edir ki, bunlar müəllifin Tağı Əhmədovun mənimsəmə halları və Bakı Metropoliteninin ümumi “nəzarətsiz” idarəçiliyi ilə bağlı əvvəlki fakt əsasında iddialarına əsaslanır", - deyə əlavə olunub. 

AİHM yerli məhkəmənin təzminat qərarı ilə bağlı bildirib ki, bu cür böhtan iddialı işlərdə "proqnozlaşdırıla bilməyəcək qədər yüksək məbləğdə təzminatlar ifadə azadlığı üzərində soyuducu təsir göstərə bilər". 

Hakimlər "Azadlıq" qəzetinin maddi çətinliklərini nəzərə alaraq qeyd ediblər ki, yerli məhkəmələr "ərizəçi qəzetə tətbiq olunan maliyyə sanksiyasının ağırlığı üçün müvafiq və kifayət qədər əsaslandırma təqdim etməyiblər və bu sanksiyanın həyata keçirilən qanuni məqsədlə nisbətdə məqbul bir əlaqəyə malik olmadığı görünür". 

Azərbaycan hökuməti isə qəzetin iddialarını rədd edib. 

"Azadlıq" qəzeti 2016-cı ildə maddi çətinliklərə görə çap versiyasını dayandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo