Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul, 2026
43

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib. 

Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib. 

Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib. 

S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya veriləcək suallar da onun nə hiss etdiyi ilə bağlı olacaq və bu suallara onun vəkili cavab verə bilməz. Vəkillər bu səbəblə işin icraata götürülməsinə etiraz ediblər. 

S.Qasımlı da vəsatəti müdafiə edib. 

"Əgər bir adam şərəf və ləyaqətinin alçaldığını düşünərək məhkəməyə müraciət edirsə, gəlib məhkəmədə bunu sübuta yetirməlidir. Yox əgər adam məhkəməyə gəlmirsə, bu, o deməkdir ki, məsələ onun üçün önəmli deyil. Ona görə də, Qurbanəli Yusifov ərizəsini geri götürsün, ölkəyə qayıdanda yenidən məhkəməyə şikayət edər", - o qeyd edib. 

Məhkəmə vəsatəti təmin etməyib və S.Qasımlı prosesdə təqsirləndirilən şəxs elan olunub. 

"Bu gün bu zalda baş verənlər bir daha göstərdi ki, mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir. Mənim barəmdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edən nə Qurbanəli Yusifovdur, nə də onun vəkili Vüqar Şamilovdur. Şərlənərək həbs ounan həyat yoldaşımın və digər siyasi məhbusların hüquqlarını müdafiə etdiyim üçün hakimiyyət tərəfindən “məhkəmə çəkişməsinə” cəlb edilmişəm. Baş verənlər göstərir ki, yeni tamaşa başlayır", - Samirə Qasımlı məhkəmənin qərarına etiraz olaraq deyib. 

Q.Yusifov S.Qasımlını Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham edir. O, məhkəməyə ərizəsində iddia edib ki, S.Qasımlı "Facebook" hesabındakı paylaşımlarında onu hədələyib və böhtan atıb. 

S.Qasımlı həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşıdır. A.Qasımlı 2024-cü ilin dekabrında məhz Q.Yusifovun şikayəti əsasında həbs olunub. 

Siyasətçi bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il həbs cəzası alıb. O, hədə-qorxuda təqsirli bilinib. Özü isə ittihamı qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduğunu deyir. 

S.Qasımlı da ittihamları qəbul etmir, həyat yoldaşının hüquqlarını müdafiə etdiyinə görə hakimiyyətin onu cəzalandırmaq istədiyini deyir. Daxili İşlər Nazirliyi tərəfindən S.Qasımlının ölkədən çıxışına qadağa qoyulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...
Məhkəmə

"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

14 İyul 2026

açıq mənbə

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib. Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı Ocaqverdiyevin iddiasını təmin etməyib. Mənəvi ziyana görə isə ona 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarılıb.  Hakim Əfsanə Heydərova qərarı hadisədən xeyli vaxt keçməsi ilə əsaslandırıb. "Müəyyən müddətin keçməsi ilə mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”, - qərarda qeyd olunub.  Daha öncə məhkəməyə müraciət etmiş R.Ocaqverdiyevin həyat...

Seçilmiş Videolar

Toplum TV loqo