Azər Qasımlı işi: "Hakim vəkillərin sözünü kəsib, "zərərçəkən"in yerinə cavab verib"
Foto: açıq mənbə
Sentyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasi şərhçi Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Abzas Medianın xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifov müdafiə tərəfinin suallarını cavablandırıb.
Vəkillərin sözlərinə görə, hakim tez-tez onların sözlərini kəsib, hətta bəzən Q.Yusifovun əvəzinə cavab verib.
Buna baxmayaraq, vəkillər Q.Yusifovun ifadələrində ciddi ziddiyyətlər olduğunu sübut etdiklərini bildiriblər. Belə ki, o, istintaqa verdiyi birinci ifadəsində A.Qasımlıdan zəng aldığı vaxt Antalyada, ikinci ifadəsində isə Bakıda olduğunu bildirib. Q.Yusifov bu ziddiyyətin səbəbini izah edə bilməyib.
Həmçinin, Q.Yusifov istintaqa zəngin edildiyi nömrənin ekran görüntüsünü təqdim etdiyini desə də, materiallarda belə bir fakt yer almayıb.
Müdafiə tərəfinin Q.Yusifovun ifadələrinin saxta olduğunu əsas gətirərək sübutlar siyahısından çıxarılması barədə verdiyi vəsatət qəbul edilməyib. Hakim vəsatətin sona qədər oxumasına belə imkan verməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 1-də keçiriləcək. Bu dəfə A.Qasımlının ifadəsinin dinləniləcəyi bildirilir.
A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha öncə Toplum TV-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.
"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib.
S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.
Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.
"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib.
Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.
Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
A.Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"