Məhkəmə

Azər Qasımlı: “Sübutlarla göstəririk ki, Qurbanəli Yusifov hakimləri aldadır”

15 Yanvar, 2026
232

Foto: sosial media

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib. 

Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə müdafiə tərəfi A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun ötən prosesdə səsləndirdiyi ifadəyə cavab verib. 

Yanvarın 7-də keçirilən prosesdə Q.Yusifov hakimlərin sualına cavabında demişdi ki, adına əmlak və ya pay torpağı yoxdur. A.Qasımlı isə 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrinə təqdim etdiyi sorğuya əsasən aldığı sənədləri məhkəməyə təqdim edib.

Sənədlərdən aydın olub ki, Q.Yusifovun adına 2020-ci ildən 30 sot pay torpağı olub, lakin o, 2024-cü ildə, A.Qasımlı onu borca görə məhkəməyə verməzdən qısa müddət öncə pay torpağını anasının adına keçirib. 

"Mənim məqsədim onun torpaq sahəsini əlindən almaq deyil, çünki hazırki məhkəmə prosesinin predmetinin bu mövzu olmadığını başa düşürəm. Lakin biz bu şəxsin yalanlarını bir-bir yığıb sübut etməklə göstərmək istəyirik ki, o, hakimləri aldadır", - A.Qasımlı deyib. 

Daha sonra A.Qasımlının vəkili Aqil Layıc vəsatət qaldırıb. O, 2024-cü ilin mart-aprel aylarında Mingəçevir Şəhər Məhkəməsində keçirilən, Q.Yusifovun siyasətçiyə borclu olması barədə işin videogörüntülərinə prosesdə baxılmasını istəyib. 

"Həmin məhkəmədə Q.Yusifov özü iştirak etməsə də, atası ifadə verərək A.Qasımlıya sonsuz hörmətləri olduğunu deyib və oğlunun borcu olduğunu etiraf edib. O xahiş etmişdi ki, A.Qasımlı şikayətini geri götürsün və demişdi ki, oğlu borcunu hissə-hissə qaytaracaq. Hazırki prosesdə isə eyni şəxs iki ay əvvəl ifadə verərək, oğluna istinadən iddia edib ki, 2023-cü ildə A.Qasımlı onu öldürməklə və nəvəsini oğurlamaqla təhdid edib. Belə bir şey olmuşdusa, o, niyə bunları Mingəçevir məhkəməsində deməyib?", - vəkil sual edib. 

Məhkəmə sözügedən şəxsin prosesdə artıq ifadə verdiyini əsas gətirərək vəsatəti təmin etməyib. 

Ardınca çıxış edən daha bir vəkil Rövşanə Rəhimli də məhkəməyə vəsatət verib. O, Q.Yusifovla birgə hərbi xidmətdə olmuş dostu Tehran Salmanov və Q.Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəməyə şahid kimi çağırılmasını istəyib.

Vəkilin sözlərinə görə, Q.Yusifov T.Salmanovla messencer üzərindən yazışmasında A.Qasımlının borc məsələsində "hüquqi yola əl atdığını, ona görə də ona bu yolla cavab verdiyini" deyib. Vəkil Q.Yusifovun "bu yol" dedikdə nəyi nəzərdə tutduğunu aydınlaşdırmalı olduğunu bildirib. 

F.Yusifovaya gəldikdə isə, R.Rəhimli Q.Yusifovun istintaqa verdiyi ifadəyə istinad edərək bildirib ki, o, A.Qasımlını onun "ailəsini dağıtmaqda, təhdidlər edərək yoldaşının ondan ayrılmasına səbəb olmaqda" ittiham edib. 

Hakim hər iki şəxsin məhkəmədə dindirilməsi ilə bağlı vəsatəti təmin edib. 

Növbəti proses yanvarın 21-də baş tutacaq. 

Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S.Qasımlı deyib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo