Məhkəmə

Ələsgər Məmmədli Azər Tağıyevə: “Dövlət ittihamçısının qanuna zidd iddialarını olduğu kimi qəbul etməməli, hakim andınıza sadiq qalmalısınız”

8 Yanvar, 2026
135

Foto: sosial media

“Toplum TV”nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli “Toplum TV işi” üzrə 29 dekabr tarixində keçirilən məhkəmə iclasında ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Ə.Məmmədli vəsatətə baxılarkən məhkəmədə çıxış edib.

Onun çıxışını olduğu kimi təqdim edirik.

8 mart 2024-cü ildə heç bir hüquqi və faktiki əsas olmadan mənə qarşı saxta “qaçaqmalçılıq” ittihamı irəli sürülmüş, müayinə olunduğum xəstəxananın (“İstanbul Hospital”) çıxışında zor tətbiq edilərək oğurlanmış, uzun müddət avtomobildə qanunsuz saxlanılmış və daha sonra yaşadığım mənzilə 5-i maskalı olmaqla onlarla şəxsin müşayiəti ilə gətirilmişəm.

Evimə özləri ilə gətirdikləri bir bağlama pulu qapının girişinə ataraq “oradan çıxdı” görüntüsü yaratmaqla məni həbs etmək üçün saxta sübut düzəldilmiş, bununla da ən fundamental hüquqlardan olan azadlıq hüququma cinayətkarcasına qəsd edilmiş və mən həbsə göndərilmişəm.

Artıq 22 aydır davamlı hüquqi mübarizə aparmağıma baxmayaraq, hüquqlarımı qorumaq və bərpa etmək imkanım müxtəlif məhkəmələr tərəfindən qəsdən məhdudlaşdırılır.

Xüsusilə, həbsə qanunsuz məruz qaldığım zamandan cəmi iki gün əvvəl qalxanabənzər vəzin sol payında 5×7 mm ölçüdə və mərkəzində kalsifikasiya olan anekogen düyün, vəzin boyun hissəsində isə 17×21 mm ölçüdə digər bir düyün aşkarlanıb.

Təəssüf ki, həbsdə saxlanıldığım aylar ərzində bu düyünlərdə inkişaf müşahidə edilib.

2025-ci il 6 mart tarixində Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vüqar Həsənov tərəfindən verilmiş və hazırda məhkəmədə olan tibbi arayışda göstərilir ki, xəstəliyimdə mənfi dinamika mövcuddur. Belə ki, əvvəl 17 mm olan düyün 23 mm ölçüyə qədər böyüyüb. Son 3 ay ərzində dəfələrlə müraciət etməyimə baxmayaraq USM müayinəsi keçirilmədiyi üçün real vəziyyətdə bu ölçünün daha böyük olması ehtimalı yüksəkdir.

Bu vəziyyəti son iki ayda səhhətimdə müşahidə olunan ciddi ağırlaşmalar, ürək döyüntülərinin 108-ə qədər yüksəlməsi, 24-48 saat davam edən kəskin baş ağrıları və sistemli dərman qəbul etməyimə baxmayaraq qan təzyiqimin 170/90–180/90 həddinə qalxması ilə də hiss edirəm. Cənab Tağıyev, (Hakim Azər Tağıyev - red.) bunu siz də 8 dekabr 2025-ci il tarixli məhkəmə iclasında dəvət etdiyiniz həkimin müayinəsindən sonra şəxsən müşahidə etmisiniz.

Hörmətli Azər müəllim, heç bir cinayət əməlini törətmədiyimi sübut edən əsaslı dəlillər təqdim etməyimə baxmayaraq dəfələrlə həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət vermişəm. Lakin 6 avqust 2025-ci il və 20 oktyabr 2025-ci il tarixli qərarlarda dövlət ittihamçısı Rauf Malışovun konkret sübut təqdim etmədən irəli sürdüyü mücərrəd iddialar məhkəmə tərəfindən hüquqi əsaslandırma aparılmadan qəbul edilib.

Məhkəmə 6 avqust 2025-ci il və 10 oktyabr 2025-ci il tarixli qərarlarında eyni cümləni olduğu kimi köçürüb:

“… Ə. Məmmədlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş halların aradan qalxmadığı, hazırkı cinayət işi üzrə əlliyə yaxın şahidin olduğu və sonuncunun gələcəkdə şahidlərə təsir göstərmə ehtimalının qalması…”.

Məhkəmənin hüquq tarixinə düşəcək qərarı isə 15 dekabr 2025-ci il tarixdə eyni məzmunlu vəsatətimin baxılması zamanı baş verib.

Butarixdə şahid ifadələrinin bitməsini də əsas göstərərək, sağlamlıq vəziyyətimin kəskinləşməsi, uzun müddətdir əsassız olaraq həbsdə saxlanılmağım, məhkəmənin ədalətli baxışının yekunlaşmasında maraqlı olduğum və məhkəmə baxışlarında hər zaman iştirak edəcəyimi nəzərə alaraq, həmçinin AİHM-in bir sıra qərarlarına istinad etməklə həbs qətimkan tədbirinin dəyişdirilərək “ev həbsi” tədbirinin seçilməsini xahiş etmişdim.

19 dekabr 2025-ci ildə məhkəmə heyəti tərəfindən təsdiqlənərək mənə göndərilən və 25.12.2025-ci il tarixdə BİT-də təqdim olunan qərardan aydın görünür ki, məhkəmə “ədalət məhkəməsi” kimi çıxış etmək əvəzinə, istintaqın və saxta istintaqı müdafiə edən dövlət ittihamçısının əsassız mülahizələrini “hüquq” və “qanun” kimi qəbul edərək, nöqtə-vergülünə qədər dəyişdirmədən məhkəmənin hüquqi qənaəti kimi dövlət adından rəsmiləşdirib. Beləliklə, qanunvericiliyin bir çox müddəalarının açıq şəkildə pozulması yazılı şəkildə “möhkəmləndirib”.

Dövlət ittihamçısı cənab R.Malışov bu dəfə “şahidlərə təzyiq” kartından istifadə etməyin mümkünsüzlüyünü görərək yeni “əsas” axtarmağa çalışıb və nəticədə kariyerasında böyük səhv edib. Azərbaycan hüquq sisteminin faciəsi isə ondadır ki, məhkəmə heyətinin hər üç təcrübəli və savadlı hakimi bu “səhvi” öz imzaları ilə təsdiq edərək məhkəmənin mövqeyi kimi qərara köçürülüb.

Dövlət ittihamçısı vəsatətə dair çıxışında bildirir:

“Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər (burada vəsatəti verən Ələsgər Məmmədli və Müşfiq Cabbarov nəzərdə tutulur) cinayətlərinin məzmunu üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində istintaq orqanı tərəfindən təqsirli bilinirlər… gələcəkdə yenidən cinayət törətmək, məhkəmənin normal gedişinə maneçilik törətmək, məhkəmə iclaslarına gəlməmək ehtimalları olduğundan vəsatət təmin edilməməlidir”.

Bu çıxışda hüquqa zidd olan, yalan və böhtan xarakterli iddia mənim “xüsusilə ağır cinayətlərin törədilməsində təqsirli bilinməyim”dir. Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradan əməllər dörd kateqoriyaya ayrılır: böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər.

Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə görə isə 18 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutan qəsdən törədilən əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Mənə qarşı irəli sürülən (CM 192.3.2; 193-1.3.1; 193-1.3.2; 206.4; 213.2.1; 162-1.1) maddələrinin heç biri “xüsusilə ağır cinayət” kateqoriyasına aid deyil. Bunu iddia etmək böhtandır. Cinayət Məcəlləsinin 147.2-ci maddəsi isə xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atmağı “kütləvi çıxış” çərçivəsində cinayət əməli kimi qiymətləndirir və 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Açıq məhkəmə iclasında deyilənlər isə “kütləvi çıxış” hesab olunur və bu ifadələr xüsusi ittiham qaydasında mübahisələndirilə bilər.

Dövlət ittihamçısının ikinci “səhvi” isə mənim “gələcəkdə yenidən cinayət törətmək ehtimalı ilə” suçlandırılmağımdır. Azərbaycan dilində “yenidən” sözü əvvəllər mövcud olmuş bir halın təkrarlanması mənasını verir. Halbuki bu günə qədər mənim barəmdə cinayət törətməyimlə bağlı heç bir məhkəmə hökmü olmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi, eləcə də Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsi təqsirsizlik prezumpsiyasını təsbit edir və bildirir ki, cinayətdə təqsirləndirilən hər bir şəxs təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyənədək təqsirsiz sayılır.

  • CPM-in 21.2-ci maddəsində “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir” deyilir. Belə olduğu halda, dövlət ittihamçısı məhz “Konstitusiya ili”ndə qanunları və Konstitusiyanı açıq şəkildə pozaraq, mənim “yenidən cinayət törətməyimdən ehtiyat edərək”, heç vaxt cinayət törətdiyimə dair məhkəmə hökmü olmamasına baxmayaraq, bu əsaslarla vəsatətimin təmin olunmamasını məhkəmə heyətindən tələb edir. Məhkəmə heyəti də bunu əsas götürür və hətta ittiham tərəfinin irəli sürmədiyi yeni “əsaslar” da əlavə edərək vəsatəti rədd edir.
  • Belə ki:
  • CPM-in 10-cu maddəsinin 1-ci bəndinin tələbinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları (dövlət ittihamçısı da daxil olmaqla) AR Konstitusiyasının, bu Məcəllənin, AR-nin digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər;
  • CPM-in 10.2-ci maddəsində vurğulanır ki, qanunla müəyyən olunmuş əsas və qaydalardan kənar heç kəs təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilə bilməz;
  • CPM-in 10.5-ci maddəsində bildirilir ki, bu maddədə göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur;
  • CPM-in 25.2-ci maddəsinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər;
  • CPM-in 28.5-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarları mülahizələrə əsaslana bilməz;
  • “Məhkəmələr və hakimlər haqqında” qanunun 4-cü maddəsinin 2-ci abzasında bildirilir ki, məhkəmələr işlərə baxarkən ölkə Konstitusiyasını, qanunlarını, digər normativ hüquqi aktları, eləcə də AR-nin tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar;
  • Həmin Qanunun 11-ci maddəsində ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunmasının təmin edildiyi qeyd olunur;
  • Həmin Qanunun 95-ci maddəsinə əsasən, hakimlər hakim vəzifəsinə qəbul olunarkən belə bir and içirlər:
  • “Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz və ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranacağıma and içirəm”;
  • Həmin Qanunun 99-cu maddəsində hakimlərin vəzifələri sırasında ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, qərəzsiz və ədalətli olmaq da qeyd olunub;
  • Həmin Qanunun 100-cü maddəsi hakimlərin müstəqil olduğunu və yalnız Konstitusiyaya və qanunlarına tabe olduqlarını bildirir. 112-ci maddədə isə müəyyən intizam məsuliyyəti nəzərdə tutulur;

Bütün bu normaları xatırlatmağımın məqsədi hakimlər olaraq sizin vəsatətlərə baxarkən hüquq normalarına dönmədən əməl etməniz, qərəzsiz, tərəfsiz, ədalətli və müstəqil qərar qəbul etməyinizdir. Heç bir tərəfin, o cümlədən dövlət ittihamçısının qanuna zidd, mülahizələrə söykənən, hüquqi və faktiki əsası olmayan, beynəlxalq hüquq normalarını görməzdən gələn doğru olmayan iddialarını olduğu kimi qəbul etməməli, hakim andınıza sadiq qalmalısınız. Əgər hakim andınıza sadiq qalmağa mane olan kənar təsir və ya təzyiqlərlə üzləşirsinizsə, bu zaman vicdan tərəzisindən istifadə edərək lazım gələn addımları atmalısınız.

Qanunvericiliyin tələbinə əsasən, vəsatətlərə baxılarkən məhkəmənin verdiyi qərarlar qətidir və onlardan apellyasiya şikayəti verilə bilməz. Ağır cinayətlərə dair işlərə tək hakim deyil, hakimlər heyəti tərəfindən baxılmasının məqsədi də məhz insan azadlığını uzunmüddətli cəzalarla məhdudlaşdırarkən daha az səhvə yol verilməsi, daha diqqətli və məsuliyyətli qərar qəbul edilməsidir. Bir hakimin görmədiyi məqamı, xətanı və ya nöqsanı digərləri görə bilsin deyə bu mexanizm mövcuddur.

Siz əvvəlki qərarlarınızda vəsatətlərin təmin edilməməsini hüquqi əsaslarla deyil, sırf dövlət ittihamçısının mövqeyini təkrarlamaqla texniki proses kimi həyata keçirdiyinizi yazılı qərarların müqayisəsi zamanı ortaya qoymusunuz.

Hörmətli məhkəmə, bütün sadalananları və qanunvericiliyin tələblərini rəhbər tutaraq xahiş edirəm, barəmdə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması barədə qərar qəbul edəsiniz.

Qərar verərkən xüsusilə nəzərə alınmasını xahiş etdiyim məqamlar aşağıdakılardır:

1. Həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar mövcud deyil.

  • Sabit yaşayış ünvanım var, 57 ildir eyni ünvanda qeydiyyatdayam və Bakıda ailəmə məxsus evdə yaşayıram;    30 ildir eyni mobil telefon nömrəsindən istifadə edirəm.
  • Bu günədək haqqımda cinayət təqibi aparılmayıb, heç bir cinayətdə ittiham olunmamışam və barəmdə məhkəmə hökmü çıxarılmayıb;
  • Bu günədək haqqımda heç bir inzibati məhkəmə qərarı olmayıb, heç vaxt inzibati həbsə məruz qalmamışam;
  • Heç vaxt heç kimə zərər verməmişəm, barəmdə mülki iddia qaldırılmayıb və məhkəmə qərarı olmayıb;
  • Heç vaxt hədə-qorxu gəlməmişəm, şantaj etməmişəm;
  • Heç bir rəsmi dövlət qurumunun çağırışından imtina etməmişəm, heç vaxt məhkəmə dəvətindən yayınmamışam;
  • Heç vaxt ölkədən qaçmağa cəhd etməmişəm, sərhəd və ya gömrük-keçid məntəqələrində saxlanılmamışam;
  • Heç bir vergi orqanı tərəfindən cərimələnməmişəm, xəbərdarlıq almamışam, vergi öhdəliklərimi gecikdirməmişəm və bəyannamə verməkdən imtina etməmişəm;
  • Məhkəmə prosesinin gedişinə mane olan hər hansı hərəkətim olmayıb, xəbərdarlıq almamışam və əxlaqım buna heç vaxt yol verməz;
  • Xaricdə olan şahidlərə təsir göstərmək imkanım yoxdur; onların ünvanlarını və telefonlarını bilmirəm və belə bir cəhdim olmayıb;
  • Cəza çəkməkdən boyun qaçırmaq kimi davranışım olmayıb; 2 ildir cinayət törətmədən azadlığımdan məhrum edilmişəm və yalnız qanuni yollarla hüquqlarımı müdafiə edirəm;

2. BİT-də saxlanıldığım müddətdə heç bir xəbərdarlıq, töhmət və ya cəza almamışam, əksinə bir dəfə təqdirnamə almışam (imza atmaq mənim üçün əhəmiyyət kəsb etmirdi).

3. Yaşımın çox olması və səhhətimin ciddi risklər altında olması.

4. Təhsil alan və maddi cəhətdən mənim öhdəmdə olan iki övladım var. Hər ikisi ödənişli təhsil alır və mənim maddi dəstəyimə ehtiyac duyur.

5. Həyat yoldaşım mənə görə 23 il müəllim kimi çalışdığı müəssisədən işdən çıxarılıb və hazırda işsizdir.

Hörmətli məhkəmə heyəti, qərar qəbul edərkən dövlət ittihamçısının mülahizələrinə və ehtimallarına deyil, yalnız konkret faktlara əsaslanmağınızı xahiş edirəm.

Məhkəmə vəsasəti təmin etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV” əməkdaşı, jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir. "Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, 2025-ci il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.  F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  Jurnalist məhkəmə çıxışlarının birində həbsini belə təsvir edib: “Yanvarın 17-də səs-küyə yuxudan ayıldım. Yatağıma maskalı şəxs tullanıb, əllərimi bağladı. Üzərimdə oturub, hərəkət etməyimə imkan vermədi. Təxminən 10 polis evi axtardı. İlk öncə elə başa düşmüşdüm ki, evə oğurluğa giriblər, polis yazısını görəndə rahatlamışdım. Yenə hüquq...
Məhkəmə

"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb

17 Yanvar 2026

İllustrasiya: Meydan TV

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə məhkəmə prosesi keçirilib.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktlarını oxumağa davam edib.  Bu zaman təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanada zorakılığa məruz qaldığını, bununla bağlı vəsatət vermək istədiyini deyib. Hakim isə dövlət ittihamçısının çıxışını davam etdirməli olduğunu deyib.  Dövlət ittihamçısının çıxışı isə üç saat çəkib. O, bu müddət ərzində yalnız "Meydan TV"-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) və Bakı Jurnalistika Məktəbinin direktoru Ülvi Tahirli barəsindəki ittiham aktlarını tamamlaya bilib.  Hakim təqsirləndirilən jurnalistlərin zalda olan yaxınlarına xəbərdarlıq edərək onları məhkəmə zalından çıxarmaqla...

Seçilmiş Videolar

Toplum TV loqo