Məhkəmə

Fərhad Əhmədov üzərində həbs olan yaxtasına görə Bakıda dindirilib 

17 Oktyabr, 2025
236

Foto: dni.ru

Əslən Azərbaycandan olan rusiyalı milyarder Fərhad Əhmədov oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, o, Britaniya məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş və Dubayda saxlanmış "Luna" yaxtasına görə məhkəmədə ifadə verib.

70 yaşlı iş adamı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, Fransanın "Saur" şirkətinin vitse-prezidenti Anas Derrazın məhkəməsində dindirilib. Bu cinayət işi üzrə daha bir nəfər -  Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla isə beynəlxalq axtarışa verilib.

Cinayət işində iddia olunur ki, onlar birlikdə Əhmədovun yaxtasının üzərindən həbsi götürmək, beynəlxalq sularda yenidən üzməsini təmin etmək vədi ilə iş adamını aldadıb 600 min dollarını alıblar. 

Məhkəmədə ifadə verən F.Əhmədov deyib ki, həyat yoldaşından boşanandan sonra keçmiş xanımı ona qarşı əmlak iddiası qaldırıb. Böyük Britaniya məhkəməsi də iddianı təmin edib: "Məhkəmə keçmiş həyat yoldaşımın əsassız iddiası ilə dəyəri 300-400 milyon olan yaxtanın üzərinə həbs qoyulması barədə qərar çıxardı. Bu barədə digər ölkələrə, Birləşmiş Ərəb Əmirliklərinə də məlumat verildi. Orada yaxta saxlanıldı. Yaxtanın üzərindən həbsin götürülməsi üçün hüquqi imkanlardan istifadə etmək istəyirdik. Oğlum Dubayda yaşayırdı. Bu işdə kömək edə biləcək adamlar axtarırdıq".

Onun sözlərinə görə, A.Derrazla bu barədə danışıblar, o da öz növbəsində Benalla ilə məsləhətləşib kömək etməyə söz verib. 

F.Əhmədov deyir ki, cütlük bu iş üçün ondan 6 milyon 140 min dollar pul istəyib. Aralarında imzalanan üçtərəfli müqaviləyə görə, razılaşma belə olub ki, ilkin 600 min dollar verilir. Yaxtanın üzərindən həbs götürüləndən sonra isə 15 gün ərzində 5 milyon 540 min dollar ödənməsi nəzərdə tutulur. 

F.Əhmədov şəxsi hesabından 400 min dollar A.Benallanın, 200 min dollar isə A.Derrazın hesabına köçürüb.

"Nə iş gördülər, nə də pulumu qaytardılar. Deyirdim ki, Göyçayda nar plantasiyalarım var. Orada adamlar 6-7 saat işləyib 20 manat pul alırlar. Siz isə 600 min dollar almısınız, heç bir iş də görməmisiniz. Pulu niyə qaytarmırsınız?", - F.Əhmədov deyib. 

O əlavə edib ki, məhkəmə qarşısında dayanan A.Derrazı hüquqşünas kimi tanıyıb, onun mühəndis olduğunu bilməyib.

Təqsirləndirilən A.Derraz isə özünü təqsirli bilmir. O, bundan öncəki məhkəmə iclaslarında F.Əhmədovun pulunun ələ keçirilməsi ilə bağlı ittihama münasibət bildirərkən deyib ki, o, pulu hüquqi məsləhətlərə və vəkil tapılmasında köməyinə görə alıb. 

"Mən hüquqşünas olmadığıma görə hüquqi prosesdə iştirak etməmişəm, məsləhətlər vermişəm. Yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm vardı. İşləri koordinasiya etmişəm. Mən onların mandatlı nümayəndəsi idim", - o deyib. 

Cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

41 yaşlı A.Derraz Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma) və 32.5, 311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddələri ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo