Məhkəmə

Hafiz Babalı: "Qələm dəllallarının mənə atdığı daşlar öz başlarına dəyəcək" 

19 Noyabr, 2025
218

Foto: sosial media

Həbsdə olan jurnalist Hafiz Babalının "Qafqazinfo" və "Baku TV" media qurumlarına qarşı məhkəmə iddiaları davam edir. 

Bu barədə jurnalist "Facebook" səhifəsində dərc olunan ictimaiyyətə müraciətində bildirib. 

Onun sözlərinə görə, iki ilə yaxındır sözügedən media orqanlarını haqqında böhtan xarakterli yazılar yazmağa görə məhkəməyə versə də, yerli məhkəmələr hələ də onun şikayətini təmin etmir. 

"Düzdür, məhkəmə iclasında şəxsən iştirak hüququm təmin edilmir və hələ ki, mülki iddia ərizələrim, apellyasiya və kassasiya şikayətlərim rədd olunur, lakin özümü mənəvi tərəfdən qalib durumda hiss edirəm:
məhkəmələr siyasi sifarişə boyun əyməli, dövlət adından qanunsuz və ədalətsiz qərar çıxarmalı olurlar. Mənim silahım isə daha uzaqvurandır - qanun və həqiqət"
, - o qeyd edib. 

Jurnalist xəbər verib ki, bu yaxınlarda “Qafqazinfo"ya qarşı Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti və “Baku TV"-yə qarşı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi təmin edilməyib. O, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia qaldırıb və özündən üzr istənilməsi, təkzib verilməsi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edib. 

H.Babalı iddiaları Avropa İnsan Hüquqları Məhkəməsinə qədər qaldırmaqda israrlı olduğunu bildirib. 

O əlavə edib ki, sözügedən media qurumlarının rəhbər şəxslərini də məhkəməyə verməyə qərar verib. 

"İndiyədək “Qafqazinfo.az" MMC-nin direktoru Seyfullayev Elbrus Ramin oğlunun və “Baku TV" MMC-nin direktoru Cəfərov Ramin Natiq oğlunun barəsində şikayət ərizələri müvafiq olaraq Nərimanov RM və Nəsimi RM-ə göndərilmək üçün həbsxana müdiriyyətinə təqdim olunub, lakin hələ ki ərizələrin poçt vasitəsilə çatdırılmasını təsdiq edən qəbzlər mənə verilməyib", - o vurğulayıb. 

Jurnalist haqqında məqalələr dərc etmiş hökumətyönlü həmkarlarına mesaj da verib. 

"Beləliklə, qələminə xəyanət etməyən, hazırda qanunsuz həbs olunaraq məhkum həyatı yaşamağa məcbur edilən mübariz jurnalisti öz cızmaqaraları ilə gözdən salmağa çalışan qələm dəllallarının, telekanalizasiya “prorab”larının isə gözünün içinə dik baxıb deyirəm: Mənə atdığınız o daşlar bumeranq kimi qayıdıb həm sizin, həm də “gizli” himayəçilərinizin başına dəyəcək." 

Hafiz Babalı 2023-cü ilin dekabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo