Hüseyn Məlik məhkəmədə: “Tofiq Yaqublu dedi ki, bu, hakimiyyətin təxribatçısıdır, diqqətli olun”
Sosial şəbəkə hesabı
Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Elnur Nuriyev sədrlik edir.
Tofiq Yaqubluya verilmiş ittihama görə, guya zərərçəkmiş Elşən Hüseynovun Almaniyada vətəndaşlıq alması üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Vasitəçilik edən Elnur Məmmədov da həmin vəsaiti alaraq Tofiq Yaqubluya çatdırıb. Elnur Məmmədov Tofiq Yaqublu ilə birlikdə mühakimə olunur. T. Yaqublu ittihamları qəbul etmir.
Bugünkü məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş əlavə şahidlər dindirilib. Əvvəlcə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ifadə verib. İttihama görə, Elnur Məmmədov tanışına saxta viza düzəltdirmək üçün pulu ötən il dekabrın 8-də günorta saat 4 radələrində Zabrat ərazisində Tofiq Yaqubluya verib. Tofiq Yaqublu isə məhkəmədə bildirib ki, həmin vaxt Vidadi Mirkamalın bağ evində keçirilən Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında olub. Elə müdafiə tərəfi də Vidadi Mirkamalın dindirilməsini buna görə istəyib.
Vidadi Mirkamal məhkəməyə bildirib ki, 2016-cı ildən Milli Şuranın Koordinasiya Mərkəzinin iclasları onun bağ evində keçirilir. Həftədə bir dəfə keçirilən iclas saat 3-dən 7-dək davam edir. Noyabrın 8-də Tofiq Yaqublu saat 3-ün yarısında bağa gəlib, axşam saat 7 radələrində iclas başa çatandan sonra bağdan ayrılıb.
“Tofiq bəy çox intizamlı adamdır. İclas yerinə hamıdan tez gəlir. Həmin gün də saat 3-ün yarısı artıq bağda idi. Telefonlarımızın dinlənilməsi barədə məlumatlı idik deyə, elə 2016-cı ildən iclas başlayana yaxın telefonları yığıb bağ evimin başqa otağına qoyardıq, iclas başa çatanadək heç kəs telefon olan otağa girə bilməzdi. Yəni Tofiq bəy iclas zamanı nəinki evdən çıxıb harasa gedib, heç telefonuna da yaxın getməyib”, Vidadi Mirkamal söyləyib.
Şahid onu da deyib ki, Tofiq Yaqublu son vaxtlar Milli Şuranın Koordinasiya Mərkəzinin whatsapp qrupunda izlənilməsindən yazırmış. Bunu Tofiq Yaqublu da təsdiqləyib: “Bəli, yazırdım ki, indi də hakimiyyətin yaratdığı təzə heyət başqa maşınlarla məni addım-addım izləyir”.
Sonra müdafiə tərəfinin digər əlavə şahidi Hüseyn Məlikov dindirilib. Bir müddət əvvəl təqsirləndirilən Elnur Məmmədov məhkəməyə verdiyi ifadəsində demişdi ki, zərərçəkən Elşən Hüseynovu Almaniyaya göndərmək üçün Tofiq Yaqubluyla Bakı Apellyasiya Məhkəməsinin qarşısında görüşüb. Tofiq Yaqublu isə bunu inkar etmişdi. Bildirmişdi ki, ötən ilin oktyabr, noyabr və dekabr aylarında Qubad İbadoğlunun Nərimanov Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmələrinə gedərkən Elnur Məmmədovu da orada görüb. T.Yaqublunun sözlərinə görə, Elnur Məmmədov ona yaxınlaşaraq QHT rəhbəri olduğunu, Saakaşvinin hüquqlarını Müdafiə Komitəsi yaratmaq istədiyini bildirib. O da Elnur Məmmədovun hakimiyyət tərəfindən göndərilmiş təxribatçı olmasından şübhələndiyindən onunla ünsiyyətdən qaçıb.
Hüseyn Məlikov məhkəməyə bildirib ki, Qubad İbadoğlunun məhkəmələri keçiriləndə o da hər dəfə dəstək olmaq üçün məhkəmə binasının qarşısına gəlib. Onun dediyinə görə, ötən ilin noyabrında Elnur Məmmədovu Bakı Apellyasiya Məhkəməsinin qarşısında əlində bir topa kağızla Tofiq Yaqubluya yaxınlaşdığını görüb: “Tofiq bəyə deyirdi ki, Saakaşvilinin hüquqlarını müdafiə etmək üçün imza toplayır. Tofiq bəy mənə dedi ki, bu adam hakimiyyət tərəfindən üstümüzə göndərilib ki, bizi şərləsin, diqqətli olun. Mən də dostlarımıza tapşırmışdım ki, bu adamı özlərinə yaxın buraxmasınlar”.
Hakim H.Məlikovdan soruşub: “O adamı zalda göstərə bilərsiniz?”
Məhkəmə salonunda əyləşənlərə göz gəzdirən şahid nəzərlərini təqsirləndirilən Elnur Məmmədovun üzərində saxlayıb: “Budur. Məhkəmənin qabağına gələndə başına parik də qoyurdu”.
Bu yerdə Tofiq Yaqublu “Kül bu hakimiyyətin başına, gör kimlərlə iş görüb. Gör İlham Əliyev kimlərin ümidinə qalıb” deyib.
Hakim “ Sakit olun, qaydalara riayət edin” söylədikdə Tofiq Yaqublu cavab verib: “Qaydalara riayət olunmadığı üçün mən burda oturmuşam”.
Daha sonra hakim şahid dindirmələrinin başa çatdığını və məhkəmə sənədlərinin tədqiqi mərhələsinin başladığını bildirib.
Vəkil Aqil Layıc hakimə xatırladıb ki, məhkəmə başladığı vaxtdan anten məlumatların alınması ilə bağlı verilən vəsatət baxılmamış saxlanılıb: “Ötən məhkəmə iclasında prokuror bildirdi ki, anten məlumatların alınmasına qarşıdır, çünki şəxsi həyatla bağlı məlumatlara toxunulmuş olar. Ancaq bir daha bildirirəm ki, biz lokasiya məlumatlarının alınmasını istəyirik, şəxsi yazışma, danışıq məlumatları istəmirik”.
Tofiq Yaqublu da əlavə edib ki, anten məlumatlar təqdim olunacağı halda istintaq orqanının onun Zabrat ərazisində pul alması iddiası darmadağın olacaq. Hakim bildirib ki, bu vəsatətə sənədlərin tədqiqindən sonra baxılacaq.
Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin olunub.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.
Azərbaycan rəsmiləri isə Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
jam-news.net
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub