Məhkəmə

İranlılara bəraət verən məhkəmə: "DSX müstəntiqi şahidlər adından ifadə yazıb"

25 İyun, 2026
43

Toplum TV

Azərbaycana narkotik gətirmək ittihamı ilə bir ildən çoxdur həbs olunmuş üç iranlı məhkəmə tərəfindən bəraət alıb. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, Vahid Layeqi, Xalid Yazdani və Tohid Monşinejat adlı İran vətəndaşları bu yaxınlarda məhkəmə qərarı ilə azadlığa buraxılıb. 

Adı çəkilən şəxslər ötən il mayın 29-da Xəzər dənizinin Neftçala rayonuna yaxın sahilində qayıqda saxlanılıblar. Onlara qarşı Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik daşıma kimi ittihamlar irəli sürülüb.

Cinayət işi materiallarında yazılıb ki, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin əməkdaşları  iranlıların olduğu qayıqdan yarım kiloqramdan çox narkotik maddə tapıblar. Eyni vaxtda Neftçala rayonunun Mayak kəndi yaxınlığında, sahildən təxminən 50 metr aralıda dənizin içində iki sellofan bağlamada 20 kiloqrama yaxın narkotik maddə aşkarlandığı iddia olunub. 

İranlılar isə məhkəmədə özlərini təqsirli bilmədiklərini və balıqçılıqla məşğul olduqlarını deyiblər. Onların sözlərinə görə, İranın Ləvəndəvil şəhərindən dənizə balıq ovuna çıxıblar və qayığın nasazlığı ucbatından iki gün dənizdə köməksiz qalıblar. 

Təqsirləndirilən şəxslər bildirib ki, külək qayığı dənizin Azərbaycana aid olan sahilinə gətirib çıxarıb və burada onlar azərbaycanlı hərbçilər tərəfindən saxlanılıb. Lakin hərbçilər iranlıları DSX əməkdaşlarına təhvil verib. 

İranlılar iddia edib ki, DSX əməkdaşları onlara işgəncə verərək Azərbaycana narkotik maddə gətirdikləri barədə ifadə verməyə məcbur edib. 

"İşgəncə nəticəsində üç dişim tökülüb, məni zorlamaqla hədələyiblər. Buna görə də, tələb olunan ifadəni imzalamağa razılaşdım. İki gün işgəncədən sonra bizi yenidən özümüzün nasaz qayığımıza apardılar və videoçəkilişlə guya axtarış etdilər. Özləri ilə gətirdikləri bağlamanı da qayığa qoyub sonra götürdülər, guya oradan narkotik tapıblar", - Monşinejat deyib. 

Layeqi isə əlavə edib ki, onları həm də soyundurub, videoya çəkib, ailə üzvlərinə göndərməklə hədələyiblər.

İranlılar işgəncə ilə bağlı prokurorluğa müraciət etsələr də, prokurorluq işgəncənin təsdiqini tapmadığını iddia edərək cinayət işi açmaqdan imtina edib. 

Məhkəmə yekunda o nəticəyə gəlib ki, verilmiş ittihamlar DSX əməkdaşlarının uydurması olub və mötəbər sübutlara əsaslanmayıb. Buna görə də, iranlılar haqqında bəraət hökmü çıxarılıb. Məhkəmə qərarında həm də qeyd olunur ki, DSX-nin müstəntiqi bir neçə nəfər adından şahid ifadələri yazıb.

Lakin həmin müstəntiq və digər DSX əməkdaşları barəsində hər hansı tədbir görülməsi ilə bağlı məlumat yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Akif Qurbanov hakimə: "Sanki Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqdınız"

23 İyun 2026

Toplum TV

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb.  Buna səbəb təqsirləndirilən şəxslərin və müdafiəçilərinin ötən prosesdə dövlət ittihamçısının etdiyi çıxışın mətni ilə hələ tanış olmamasıdır.  Proses vəkillərin müdafiə nitqləri ilə davam etməli olsa da, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov buna etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin öz müdafiələrini qura bilmələri üçün prokurorun çıxışı ilə tanış olmaq hüquqları var.  Prosesə sədrlik edən hakim Azər Tağıyev isə əvvəlcə A.Qurbanovun tələbini təmin etmək istəməyib və onun çıxışını "şou" adlandırıb.  "Məhkəmə adı ilə şou göstərən...
Məhkəmə

Azərbaycanda mühakimə olunan Rusiya vətəndaşlarına 3-4 il həbs cəzası kəsilib

19 İyun 2026

Açıq mənbə

Ötən ilin iyulunda Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsi fonunda Azərbaycanda həbs olunan rusiyalıların məhkəməsi başa çatıb.  APA-nın xəbərinə görə, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.  Təqsirləndirilən şəxslərdən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (narkotik satışı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurdular.  Lakin məhkəmə hökmdə ittihamı 234.1-1-ci (satış məqsədi olmadan...

Seçilmiş Videolar

Toplum TV loqo