Sosial

Milli Məclisdə yeni təklif: Polis şəxsi razılığı olmadan psixi müayinəyə apara bilər 

25 İyun, 2026
322

meclis.gov.az

Milli Məclis "Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik etməyə hazırlaşır. İyunun 17-də parlamentin Səhiyyə komitəsində müzakirəyə çıxarılan dəyişikliyə görə, vətəndaşı öz razılığı olmadan polis qərarı ilə psixiatriya müayinəsinə aparmaq mümkün olacaq. 

Xəbərə sosial şəbəkələrdə münasibət bildirən xeyli istifadəçi isə qanun layihəsinin xoşməramlılığına şübhə edib. Onlar iddia edir ki, bu cür qanun polisə istənilən şəxsi məcburi şəkildə psixi dispanserə yerləşdirmək imkanı tanıyacaq. 

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli də bu fikirdədir. O xatırladır ki, Sovet İttifaqında və nasist Almaniyasında bu cür qanunlar dissidentləri cəzalandırmaq üçün işlədilib. 

“Sovet hakimiyyəti dövründə Xruşşov islahatlarından sonra azadfikirlilik genişləndiyi və Sovet İttifaqı dünyaya müəyyən qədər açıldığı üçün insanları artıq Stalin dövründə olduğu kimi açıq həbs edə bilmirdilər. Ona görə də, məcburi müalicə adlı siyasət geniş yayılmışdı. Sovet dissidentlərinin demək olar ki, hamısı məcburi müalicədən keçib”, - o qeyd edir.

Tarixçi nümunə olaraq məşhur sovet dissidenti Vladimir Bukovskinin adını çəkir. Onun sözlərinə görə, Bukovski Sovet İttifaqında insan haqlarının vəziyyəti haqda xarici jurnalistlərə danışdığına görə 12 il psixiatriya xəstəxanasında saxlanılmışdı. 

Azərbaycanda da indiyə qədər belə bir qanun qüvvədə olmasa da, siyasi fəalların psixiatriya xəstəxanasına salınması halları olub. Sosial mediada prezident İlham Əliyevi tənqid etməsi ilə tanınan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü Aqil Hümbətov 2020-ci ildə Maştağadakı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. 

Sonradan xəstəxanadan buraxılsa da, o, bir il sonra polis tərəfindən saxlanılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il həbs cəzası alıb. 

Mətbuata danışan deputatlar isə qanun layihəsi barədə narahatlığa əsas olmadığını deyir. Onlar iddia edir ki, qanun dəyişikliyi qəbul olunarsa, şəxsin psixiatriya müayinəsinə aparılması üçün həkim rəyi yekun rol oynayacaq. Cəmil Həsənli isə bu arqumentlə razılaşmır. 

“Azad olmayan ölkələrdə həkim rəyi nə dərəcədə etibarlıdır? Bukovski və digər dissidentlər də bilavasitə həkim rəyi ilə saxlanılırdılar”, - o deyir. 

Hüquqşünas Zakir Bayramov bildirir ki, inkişaf etmiş ölkələrdə polisin şəxsləri məcburi olaraq psixi dispanserə yerləşdirmə təcrübəsi var. Lakin o düşünür ki, Azərbaycanda bu cür qanunun sui-istifadə olunma ehtimalı çoxdur. 

“Şəxsin dispanserə yatırılmasının zəruriliyini də təbii ki, dövlət qurumu əsaslandırmalıdı ki, bu niyə zəruridir. Azərbaycanda isə bunu əsaslandırmayacaqlar. Azərbaycanda bu qanun həm də ona görə problemlidi ki, məhkəmə nəzarəti digər qurumlara necədirsə, burada da elə olacaq. Xüsusilə, istintaq orqanı məhkəməyə desə ki, qərarı bu və ya digər şəkildə ver, onun göstərişi əsasında qərar veriləcək. Bu qanun ictimai fəallar və müxalif siyasi partiya funksionerlərinə qarşı tətbiq olunsa, məhkəmə müstəqil qərar qəbul etməyəcək”, - o vurğulayıb. 

Yeni qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib. Lakin nə vaxt baxılacağı hələ müəyyən deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo