“Abzas Media işi”ndə Ülvi Həsənli: “Bir gün İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik”
VOA
Bakı Ağır Cinayətlər Məhkəməsində “AbzasMedia işi” üzrə təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamovanın məhkəməsi davam edir. Bu iş hakim Rasim Sadıxovun icraatındadır.
Jurnalistlərin məhkəməsində nəzarətçilərin sayı digər proseslərə nisbətən artırılır. Yanvarın 21-də Abzas Media-çıların məhkəməsi keçirilən salona Penitensiar Xidmətin azı 15, məhkəmənin azı 7 nəzarətçisi və daha bir neçə mülki geyimli şəxs nəzarət edirdi.
Təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşirlər.
Məhkəmə iclası başlayanda hakim Məhəmməd Kekalova əlavə vəkil təyin olunduğunu elan edib. Sonra Ülvi Həsənliyə ifadə verməyi təklif edib. Həsənli isə bildirib ki, əvvəlcə vəsatətlərini səsləndirəcək.
Onun birinci vəsatəti məhkəmə zalına buraxılmayan jurnalistlərə görə olub.
“Məhkəmə zalında boş oturacaqlar olduğu halda məhkəməni izləməyə gələn həmkarlarım qapı arxasında qalıb. Onlar da məhkəmə zalına buraxılsın, sonra ifadə verim”, - Həsənli bildirib.
Hakimsə deyib ki, qapı arxasında qalanlar prosesə gecikənlərdir, növbəti dəfə vaxtında gəlsələr içəri buraxılacaqlar. Həsənlinin daha bir vəsatəti saxlandıqları Bakı İstintaq Təcridxanasında məruz qaldıqları kobud davranışla bağlı olub:
“İstintaq təcridxanasında bizə qarşı ayrı-seçkiliyə yol verilir, düşmən münasibət göstərilir. Bu da birbaşa təcridxana rəhbərliyinin göstərişi ilə baş verir. Biz məhkəməyə gətiriləndə də, aparılanda da bir-birimizdən gizlədirlər. Birimizi vəkillə görüşə aparanda o birimizi gizlədirlər ki, üz-üzə gəlməyək. Meydan TV-nin, Toplum TV-nin həbsdəki jurnalistləri məhkəməyə gətiriləndə bizi gizlədirlər ki, qarşılaşmayaq. Məhkəmə İstintaq Təcridxanasında bizə qarşı olan düşmən münasibətə son qoyulması üçün tədbirlər görsün”.
Hakim təqsirləndirilən şəxslərin buna görə Penitensiar Xidmətin rəhbərliyinə müraciət edə biləcəklərini deyib.
Təqsirləndirilən şəxslərsə bu işin başında elə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun dayandığını, tədbir görülməsə məhkəməyə gəlməkdən imtina edəcəklərini bildiriblər.
Vəkil Zibeydə Sadıqova məhkəmənin nəzərinə çatdırıb ki, bu məsələlər birbaşa hakimin səlahiyyətinə aiddir. Çünki hazırda təqsirləndirilən şəxslərin məhkəməsi gedir və onlarla bağlı hər şeyə məhkəmə cavabdehdir. Hakim bununla bağlı Penitensiar Xidmətə məktub göndərəcəklərini bildirib.
Daha sonra hakim Ülvi Həsənliyə növbəti dəfə ifadə verməyi təklif edib.
O, ifadəsinə 2016-cı ildə Abzas Medianın yaranması prosesindən danışmaqla başlayıb. Həsənli internet nəşri güvəndiyi həmkarlarıyla birlikdə yaratdığını, əsas məqsədinin vətəndaşların problemlərini işıqlandırmaq, Azərbaycandakı yüksək səviyyəli korrupsiya faktlarını araşdırıb ortaya çıxarmaq olduğunu söyləyib:
“İşlərimizə görə İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik. Ancaq bu, bizi çəkindirmirdi, fəaliyyətimizi davam etdirirdik. Ölkəmizdə çox ciddi sosial, siyasi problemlər var. Bunun da kökündə hakim elitanın milyardlarla dövlət vəsaitini ofşorlara, xarici ölkərə daşıması və əsasən daha çox sərvət əldə etmək istəyi dayanırdı. Araşdırmalarımızla ortaya çıxardıq ki, Qarabağdakı bərpa işlərinə 2021-2023-cü illərdə ayrılan 10 milyard manat İlham Əliyevin və yaxın ətrafının ailə şirkətlərinə verilib. Araşdırdıqca üzə çıxırdı ki, Qarabağdakı kənd təsərrüfatı təyinatlı layihələr İlham Əliyevin, Bəylər Əyyubovun və Əli Nağıyevin şirkətləri arasında bölüşdürülüb. Bu işlərə görə ayrılan xərclər 20 milyard manat həcmində olub. Onlar vətənpərvərlik adı altında sərvətlərini artırmaqla məşğul idilər. Abzas Media da bunları üzə çıxarıb geniş müzakirələrə səbəb olan reportajlar hazırlayırdı. Bizim bu fəaliyyətimiz hakimiyyəti qıcıqlandırırdı”.
Ülvi Həsənli ifadəsinə davam edərək deyib ki, saxlanıldığı gün evindən çıxanda mülki geyimli polislərin ona ilk verdiyi sual “niyə Qarabağdakı tikintidən, korrupsiyadan yazırsan” olub.
O, özünə məxsus kompüter və telefonların parollarını müstəntiqə vermədiyi üçün Bakı Şəhər Baş Polis İdarəsində döyüldüyünü, şahidlərdən də ifadələrin təzyiq, təhdid, hədə altında alındığını açıqlayıb:
“Hətta bizimlə əlaqəsi olmayan “Toplum TV işi”ndə müstəntiq jurnalist Əli Zeynalovdan mənim əleyhimə ifadə almağa çalışıb. Ancaq Əli ifadə verməyib. Məhəmməd Kekalovu ailəsinin tutduğu vəkildən imtinaya məcbur ediblər. Xanım həmkarlarımsa görünməmiş nümunə ortaya qoyublar. Sevinc həbs olunacağını bilə-bilə xarici ölkədən Azərbaycana qayıdıb. Nərgiz həbs ehtimalına baxmayaraq fəaliyyətini dayandırmayıb, istintaqdan yayınmayıb. Elnarə əşyalarını toplayıb, müsahibə verib və qorxmadan həbsxanaya gedib. Azərbaycan tarixində belə bir şey görülməmişdi. Bu, bir daha onu sübut edir ki, bizim qorxacaq, çəkinəcək bir fəaliyyətimiz olmayıb, hər hansı bir cinayət törətməmişik”.
Ülvi Həsənli deyib ki, polislərin ofisə qoyduqları pulların üzərindəki əl izlərinin ekspertizaya göndərilməsini istəyiblər, amma bununla bağlı vəsatətləri təmin edilməyib.
“Bilirdilər ki, pullardan bizim yox, özlərinin əl izi çıxacaq. 7 min səhifəlik cinayət işində bizim cinayət törətməyimizə dair bir dəlil, bir sübut yoxdur. Həbsdən əvvəl təklif və təhdidlər oldu ki, fəaliyyətimizi dayandıraq. Dayandırmadıq. Həbs olunduq. İndi biz həbsxanadakı işgəncələrdən, məhbusların acınacaqlı vəziyyətindən yazırıq. Yazacağıq da, çünki biz yaradıcı adamlarıq, işimiz yazmaqdır. Harda olsaq, orda yazacağıq. İlham Əliyev istəyir ki, bütün jurnalistlər Mirşahin kimi olsun. Biz Mirşahin ola bilmərik. Dostunu göstər, deyim kimsən. İlham Əliyevin dostu Mirşahin, mənim dostlarımsa Sevinc, Nərgiz, Elnarə, Məhəmməd, Fərid, Hafizdir”.
Ülvi Həsənli dövlət ittihamçısı Rauf Malışovun verdiyi sualların çoxuna “cavab verməkdən imtina edirəm” deməklə kifayətlənib.
O, prokurorun yalnız “Azərbaycanda yaxud xarici ölkədə özünüzün yaxud ailə üzvlərinizin adına hər hansı daşınmaz əmlak hüququ əldə etmisizmi” sualına cavab verib:
“Səhv etmirəmsə 2008-ci ildə Dubayda üç dənə villa almışam. Villayla bağlı Vaşinqton Post o vaxt araşdırma eləmişdi, araşdırmadakı məbləğ də dəqiq yadımda qalmayıb, deyəsən villanın hər birini 45 milyon dollar dəyərləndirilmişdi. Ofşorlardakı pullarım, bank hesablarım, adalardakı villalarımla bağlı siyahını sizə təqdim edə bilərəm”.
Ülvi Həsənli vəkillərin suallarını cavablandırarkən ofisə 40 min avronun istintaq orqanı tərəfindən qoyulduğunu, saxlanılması prosesindən, ofisdən pulun “tapılması” əməliyyatından danışıb.
Hakim növbəti məhkəməni fevralın 11-nə təyin edib.
Vəkil Şəhla Hümbətova hakimə bildirib ki, məhkəmə uzun fasilələrlə keçirilir, bu da təqsirləndirilən şəxslərin hüquqlarına ziddir.
Nərgiz Absalamova, Elnarə Qasımova və Sevinc Vaqifqızı məhkəmə zalını tərk edən hakim heyətinin ardınca qışqıraraq deyiblər ki, məhkəmə binasında iclas başlayanadək saxlanıldıqları yer şəraitsizdir, xəstəlik mənbəyidir.
Təqsirləndirilən şəxslərin haqlarında 2023-cü ildə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.
Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Abzas Media-nın əməkdaşları ittihamları rədd edir, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fazil Qasımovun məhkəməsində vəkil DİN əməkdaşından soruşur: “Tapançası olan təhlükəli şəxsin əllərini niyə qandallamamısınız?”
Açıq mənbədən götürülüb
Tofiq Yaqublu: “Milyonlarla manatlıq korrupsiyaya görə Səhhət Həbibbəyliyə şərti cəza verilir, Tofiq Yaqublu həbsdə saxlanılır”
Sosial media hesabı
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib