Abzasmedia
Aprelin 29-da “Abzas Media” işi üzrə növbəti məhkəmə prosesində yenə şahidlər dindirilib.
Əvvəlcə Ənvər Cəfərov dindirilib. Cəfərov əvvəlki iclasların birində hakimin göstərişi ilə zaldan çıxarılmışdı və təqsirləndirilən şəxslərin ona sual ünvanlamasına imkan verilməmişdi. Ötən iclasda müdafiə tərəfinin bu barədə verdiyi vəsatət təmin olunub və Cəfərov yenidən məhkəməyə gətirilib.
Cəfərov ifadəsində iş yerindən oğurlanaraq istintaqa cəlb edildiyini, bu zaman telefonunun şifrəsinin ondan zorakılıqla alındığını deyib. O, istintaq materialları kimi təqdim olunan sənədlərin telefonundan xəbərsiz götürüldüyünü bildirib.
Daha sonra iş üzrə digər şahidlər dindirilib.
Təqsirləndirilən şəxslərdən jurnalist Hafiz Babalı və iqtisadçı Fərid Mehralızadənin vəkilləri onların ev dustaqlığına buraxılması üçün vəsatət verib.
Vəkillər vəsatətləri belə əsaslandırıb ki, prosesdə şahidlərin dindirilməsi mərhələsi də artıq başa çatıb və nə ibtidai, nə də məhkəmə istintaqı zamanı onlara qarşı hər hansı sübut ortaya qoyulmayıb.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətlərə etiraz edərək deyib ki, növbəti mərhələdə sənədlərin tədqiqi var və buna görə sözügedən şəxslərin həbsdə saxlanmasına ehtiyac var.
Məhkəmə vəsatətləri təmin etməyib.
Çıxış edən “Abzas Media” baş redaktoru Sevinc Vaqifqızı həbsdə olan Müsavat Partiyası və Milli Şuranın üzvü, 30 gündür aclıq edən Tofiq Yaqubluya dəstək olub.
“Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aclıq edir. O, bu gün ölümlə üz-üzədir. Hökumət onu öldürməyə çalışır. Biz “Abzas Media” olaraq onun azad edilməsini tələb edirik. İlk növbədə Tofiq Yaqublu azadlığa çıxmalıdır”, - o qeyd edib.
Ardınca çıxış edən Fərid Mehralızadə Malışovun onu təhqir etdiyini, buna görə məhkəmədən onun tənbeh olunmasını tələb edib. Hakim Rasim Sadıxov tələbi nəzərə almayıb.
Növbəti məhkəmə prosesi mayın 6-a təyin olunub.
“AbzasMedia” işi üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə mühakimə olunurlar.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.
Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media