açıq mənbədən götürülüb
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının baş katibi Aqnes Kallamarda etiraz məktubu ünvanlayıb.
Məktubda təşkilatın bu yaxınlarda 2024-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair yayımladığı hesabatda Azərbaycana qarşı “həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların” yayımlandığı iddia olunur.
Ombudsman bildirib ki, bu cür məlumatlar “həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut edib”.
Lakin məktub haqda ombudsmanın saytında gedən bəyanatda hansı məlumatlardan söhbət getdiyi açıqlanmayıb.
Əliyeva, həmçinin “Amnesty International”ın hesabatına cavab olaraq ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin iqlim dəyişikliyi konfransının “təmsilçilik baxımından geniş əhatəyə malik olduğunu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyini və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığını” bildirib.
O, daha sonra təşkilatı Azərbaycan-Ermənistan münaqişəsi zamanı qaçqın, məcburi köçkün və itkin düşən azərbaycanlıların taleyinə, habelə Ermənistanın “mina terroruna” toxunmadığına görə tənqib edib.
Ombudsman yekunda “beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa” çağırıb.
“Amnesty International” hesabatında 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində “kəskin çöküşün” baş verdiyini deyib.
Hesabatda ölkədəki siyasi azadlıqlara, jurnalist və fəalların həbsinə, təcridxanalarda zorakılıq hallarına, habelə Ermənistanla aparılan sülh razılaşmasının danışıqlarına toxunulub.
2024-cü ilin noyabrında Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi konfransının keçirilməsini qeyd edən təşkilat bildirib ki, Azərbaycanla BMT-nin ev sahibliyi haqda bağladığı razılaşmada “insan hüquqlarının həqiqi müdafiəsinin olmaması” gözə dəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Reuters