Siyasət

Tofiq Yaqublu: “Ölümüm cəmiyyətdə bu rejimə qarşı nifrət hissini gücləndirər”

2 May, 2025
140

Əziz Kərimov

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü, 32 gündür aclıq edən Tofiq Yaqublu ictimaiyyətə müraciət edib. 

Qızı Nigar Həzinin ictimailəşdirdiyi mesajda Yaqublu ölümünü gözə aldığını, buna görə də müraciətinin sonuncu ola biləcəyini deyib. 

Siyasətçi bildirib ki, aclıq aksiyası “çox ağır və əzablı prosesdir”, lakin bunun onun əzminə və iradəsinə heç bir təsiri yoxdur. “Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır”, - o qeyd edib. 

Siyasi karyerası ərzində ona qarşı dörd dəfə cinayət işi açıldığını və dəfələrlə inzibati həbsə məruz qaldığını xatırladan Yaqublu, bunun şəxsi həyatına təsirlərindən, 2015-ci ildə qızı Nərgiz Yaqublunu ana olmağa hazırlaşarkən itirməsindən danışıb. 

T.Yaqublu qeyd edib ki, bu dəfə qızı Nigar Həzi hamilədir və bu körpənin də dünyaya gəlişi ailəsinin “faciəsinə çevrilə bilər”, çünki həmin ərəfədə onun həyatını “itirə biləcəyi ehtimalı olduqca yüksəkdir”. 

Yaqublu ona qarşı indiyə qədər açılan cinayət işlərinin və irəli sürülən ittihamların hamısının Prezident İlham Əliyevin sifarişi olduğunu deyib.

“Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir”, - o vurğulayıb. 

Yaqublu onun azadlığa buraxılması üçün dəstək ifadə edən hər kəsə təşəkkür edib və xahiş edib ki, onun son məhkəmə iclaslarında dediyi 134 səhifəlik son sözünü hər kəs oxusun və sosial şəbəkələrdə paylaşsın:

“Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bir ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyyə edin.” 

Yaqublu müraciətinin sonunda aclıq aksiyasını niyə keçirdiyinə bir daha aydınlıq gətirib. O deyib ki, azadlığa buraxılmasa belə, ömrünün son günlərini həbsxanada keçirmək istəmir.

“Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu antiinsani və antixalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər”, - o bildirib. 

Aprelin 1-dən azadlığa buraxılması üçün aclıq edən Yaqublunun 16 kq-dan çox çəki itirdiyi və səhhətinin xeyli pisləşdiyi deyilir.

Vəkilləri deyir ki, o, ayaqüstə dayana bilmir, başgicəllənmələri yaşayır və yaddaşını tez-tez itirir. 

Yaqublunun işi üzrə Apellyasiya Məhkəməsinin iclası mayın 6-a təyin olunub. 

Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həbsdə olan fəalın anası: “Oğlumun sağlamlığı pis vəziyyətdədir, bunlar insan taleyi ilə oynayır”

2 May 2025

sosial media

Həbsdə olan işçi hüquqları fəalı Möhyəddin Orucovun səhhətindəki ağrıların şiddətləndiyi deyilir.  Bu barədə “Abzas Media”ya onun anası Təranə Orucova məlumat verib.  O bildirib ki, oğlu 2023-cü ildə həbs ediləndə polis tərəfindən zorakılığa məruz qalıb və saxlanıldığı polis bölməsində onun böyrəyində problemlər yaranıb. Hazırda onun bir böyrəyində genişlənmə, digərində kristal var. “Oğlumun sağlamlığı pis vəziyyətdədir. Bu həftə ağrıları şiddətlənib, ağrıkəsici iynə vurublar. Həkim bildirib ki, onu əvvəl yoxlayanda da “kristal” aşkarlayıblar. Ancaq o vaxt bunu gizlətmişdilər. Bu səhər də pristup verib, vəziyyəti ağırlaşıb. Bunlar insan taleyi ilə oynayır. Balamı versinlər özümüz müalicə edək, cavan oğlumu məhv edirlər. Şərləyib tutmusunuz, sağlamlığını almayın...
Siyasət

Sərhədsiz Reportyorlar: “Azərbaycanda müstəqil media qalmayıb”

2 May 2025

açıq mənbədən götürülüb

“Azərbaycan daxilində fəaliyyət göstərən “müstəqil media orqanı qalmayıb”. Bunu Toplum TV-yə açıqlamasında “Sərhədsiz Reportyorlar” Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cin Kavelyer deyib.  Kavelyer bildirib ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq demək olar ki, mümkünsüz olub. O əlavə edib ki, Suriya, Şimali Koreya və Eritreya kimi ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət media resurslarına tam nəzarət edir.  “Azərbaycanın media məkanında hökumətyönlü media holdinqləri, məsələn, “Media.az” və “Report.az” kimi platformalara sahib olan Global Media Holding hakimdir və onlar dövlət təbliğatının əsas kanalları kimi xidmət göstərirlər. 2014-cü ildən bəri qəbul olunan qanunvericilik yerli medianın xarici donorlar tərəfindən maliyyələşdirilməsini məhdudlaşdırır və...

Seçilmiş Videolar

Toplum TV loqo