Siyasət

Sərhədsiz Reportyorlar: “Azərbaycanda müstəqil media qalmayıb”

2 May, 2025
441

açıq mənbədən götürülüb

“Azərbaycan daxilində fəaliyyət göstərən “müstəqil media orqanı qalmayıb”.

Bunu Toplum TV-yə açıqlamasında “Sərhədsiz Reportyorlar” Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Cin Kavelyer deyib. 

Kavelyer bildirib ki, Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq demək olar ki, mümkünsüz olub. O əlavə edib ki, Suriya, Şimali Koreya və Eritreya kimi ölkələrdə olduğu kimi, Azərbaycanda da hakimiyyət media resurslarına tam nəzarət edir. 

“Azərbaycanın media məkanında hökumətyönlü media holdinqləri, məsələn, “Media.az” və “Report.az” kimi platformalara sahib olan Global Media Holding hakimdir və onlar dövlət təbliğatının əsas kanalları kimi xidmət göstərirlər. 2014-cü ildən bəri qəbul olunan qanunvericilik yerli medianın xarici donorlar tərəfindən maliyyələşdirilməsini məhdudlaşdırır və bu da müstəqil jurnalistikanın boğulmasına səbəb olur. Praktikada bu iqtisadi məhdudiyyətlər azad və tənqidi reportajlar üçün birbaşa qadağa rolunu oynayır”, - Kavelyer qeyd edib. 

“Sərhədsiz Reportyorlar”ın mayın 2-də dərc etdiyi Dünyada Media Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutub. Ölkə Belarusdan yalnız bir pillə geridə qalmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında media azadlığı ən pis vəziyyətdə olan üç ölkədən biri olub. 

Təşkilatın yayımladığı hesabatda bildirilir ki, Azərbaycanda müstəqil media orqanlarının üzləşdiyi maliyyə problemləri onları ya bağlanmağa, ya da ölkəni tərk etməyə sövq edib. 

Azərbaycana qonşu ölkələrdən Ermənistan 36-cı, Gürcüstan 114-cü, Türkiyə 159-cu, Rusiya 171-ci, İran isə 176-cı yerdə cəmləşib.

Siyahının ilk pillələrində müvafiq olaraq Norveç, Estoniya və Hollandiya qərarlaşıb. ABŞ iki pillə geriləyərək 57-ci yerə düşüb. Son pilləni isə Eritreya tutub.

Təşkilat bildirib ki, indeksin iqtisadi göstəricisi tarixdə ən aşağı nöqtəyə düşüb və bütövlükdə qlobal media azadlığı sahəsində situasiya “çətin” olaraq xarakterizə edilib.

Kavelyer Toplum TV-yə deyib ki, indeksin tarixində ilk dəfədir ki, dünya ölkələrinin yarısında jurnalistika ilə məşğul olmaq üçün şərait “çətin” və ya “çox çətin” olaraq qiymətləndirilir.

“İqtisadi yöndə reallıq daha qorxuludur, ölkələrin dörddə üçü bu baxımdan pis vəziyyətlə üzləşir. Bunun əsas səbəbləri mülkiyyətin cəmləşməsi, reklamçılar və maliyyə dəstəkçilərinin təzyiqi, habelə məhdud və ya qeyri-şəffaf şəkildə ayrılan dövlət yardımı ilə bağlıdır”, - o qeyd edib. 

Kavelyer media azadlığına əsas təhlükələr olaraq Rusiya propaqandasını və ABŞ Prezidenti Donald Trampın gözlənilməz qərarlarını misal çəkib.

Trampın qərarları ilə dünyada müstəqil media orqanlarına maliyyə ayıran ABŞ Beynəlxalq Yardım Agentliyinin əksər proqramları ləğv olunub. Həmçinin, Azad Avropa/Azadlıq Radiosu və Amerikanın Səsi Radiosuna sahiblik edən Qlobal Media Agentliyi ləğv olunub və bu media orqanlarının maliyyəsi kəsilib.

Kavelyer qeyd edib ki, “Sərhədsiz Reportyorlar” demokratik hökumətlərlə, xüsusən də Azərbaycanla güclü iqtisadi əlaqələri olanlarla fəal şəkildə əlaqə saxlayır ki, onları Azərbaycanda həbs edilmiş jurnalistləri azad etmək üçün Prezident İlham Əliyevə təzyiq göstərsinlər. “Biz, həmçinin bu əsassız həbslərə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün hüquqi yolları araşdırırıq”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini istəyib 

18 Sentyabr 2025

Foto: Azərtac

Azərbaycanda həbsdə olan erməni iş adamı və Qarabağdakı sabiq separatçı rejimin dövlət naziri olmuş Ruben Vardanyan məhkəmədən Ermənistan baş naziri Nikol Paşinyanın dindirilməsini istəyib.  "Azərtac"ın xəbərinə görə, sentyabrın 16-da Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyan bu vəsatətlə çıxış edib.  İş adamı, həmçinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun üzvlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələrinin dindirilməsini də istəyib.  Minsk Qrupu sentyabrın 1-də ATƏT üzv dövlətlərinin səsverməsi ilə buraxılıb. BQXK-nın Azərbaycandakı nümayəndəliyi isə sentyabrın 3-də ölkədə fəaliyyətini dayandırıb.  Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin...
Siyasət

Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil 

18 Sentyabr 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Ermənistanla Albaniyanı səhv salmasından narahat olmadığını deyib.  O, mətbuat brifinqində jurnalistlərdən birinin bu barədə sualına cavab olaraq bunu bildirib.  "Ölkə liderləri də daxil olmaqla istənilən şəxs danışıqda səhvə yol verə bilir. Sonradan bu səhvi düzəldirlər. ABŞ prezidenti də sosial media paylaşımında bu səhvi düzəldib", - baş nazir qeyd edib.  Paşinyan əlavə edib ki, özü də hərdən adları səhv salır. O, bu yaxınlarda iki erməni boksçunun adlarını səhv salmasını nümunə gətirib.  Tramp bu yaxınlarda verdiyi iki müsahibədə Ermənistanın adını Albaniya ilə səhv salıb. O, Azərbaycanla Albaniyanın 30 ildən çox müharibə etdiyini və...

Seçilmiş Videolar

Toplum TV loqo