“Azər Qasımlı işi“: Şahidin məhkəməyə məcburi gətirilməsinə qərar verilib
Foto/kollaj: Toplum TV
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifova daha öncə müdafiə tərəfinin vəsatəti əsasında şahid kimi ifadə verməli olsa da, o, bu dəfəki prosesdə də iştirak etməyib.
Buna görə də, A.Qasımlının vəkili Rövşanə Rəhimli şahidin məhkəməyə məcburi gətirilməsi barədə vəsatət verib. Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi fevralın 11-ə təxirə salınıb.
Fərəhbanu Yusifovanın məhkəməyə şahid kimi çağırılması barədə yanvarın 14-də baş tutan prosesdə vəsatət verilib.
Müdafiə tərəfi vəsatəti belə əsaslandırıb ki, Q.Yusifov istintaqa verdiyi ifadədə A.Qasımlını onun "ailəsini dağıtmaqda, təhdidlər edərək yoldaşının ondan ayrılmasına səbəb olmaqda" ittiham edib və F.Yusifova məhkəməyə gələrək bu iddiaya aydınlıq gətirməlidir.
Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.
S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.
Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S.Qasımlı deyib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"