Məhkəmə

“Azər Qasımlı işi”ndə hakim: ‘Deyəsən, zərərçəkənin anası təhdid sözünün mənasını bilmir’

20 Noyabr, 2025
229

Foto: açıq mənbə

Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses saat 17:00-a təyin edilsə də, yarım saat gec başlayıb və iş günü saat 18:00-də bitdiyinə görə cəmi yarım saat çəkib.

Bu dəfə prosesdə “zərərçəkən” kimi tanınan, A. Qasımlını hədə-qorxu gəlməkdə ittiham edən Qurbanəli Yusifovun anası Səlminə Yusifova şahid qismində dindirilib.

S. Yusifova məhkəmədə oğlunun A. Qasımlıya borcu olduğunu etiraf etdiyini deyib.

“Oğlum mənə telefonda dedi ki, A. Qasımlıya borcu var, amma borcu qaytarmayacaq. Mingəçevir məhkəməsinin qərarından [Q. Yusifovun A. Qasımlıya borcunu ödəməli olduğu haqda qərar – red.] sonra həyat yoldaşım mənə dedi ki, evi bizə satdıracaqlar”, - o qeyd edib.

S. Yusifova hakimin sualına cavab olaraq deyib ki, A. Qasımlını yalnız Mingəçevir məhkəməsindən tanıyır və oğlunun 45 min ABŞ dolları məbləğində borcu olduğunu da məhkəmə prosesində öyrənib.

Dövlət ittihamçısının sualına cavabında şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib. Hakim və dövlət ittihamçısı xatırladıb ki, S. Yusifova ifadəsində A. Qasımlının oğlunu təhdid etdiyini deyib.

Hakimin bu barədə sualına cavabda isə S. Yusifova təkrar edib ki, həyat yoldaşından A. Qasımlının onların evini satdıracağını eşidib. “Bu heç, deyəsən, təhdid sözünün mənasını bilmir”, - hakim belə reaksiya verib.

Ardınca A. Qasımlının vəkili Rövşanə Rəhimli şahiddən oğlunun siyasətçiyə borcu olduğunu nə vaxt eşitdiyini soruşub. O isə cavab verib ki, bunu 2024-cü ilin aprelində Mingəçevir məhkəməsində öyrənib. Vəkil xatırladıb ki, şahid istintaqa ifadəsində bu barədə 2023-cü ilin payızında oğlundan eşitdiyini bildirib.

Daha sonra A. Qasımlı şahidə sual verib: “Mənim sizin oğlunuzu təhdid etdiyimi görmüsünüzmü?” Şahid cavabında görmədiyini deyib. Təqsirləndirilən şəxsin növbəti sualına cavabda o bildirib ki, bu barədə həyat yoldaşından, həyat yoldaşı isə oğlundan eşidib.

Bununla da prosesdə şahidlərin dindirilməsi başa çatıb.

R. Rəhimli məhkəmənin diqqətinə çatdırıb ki, prosesdə ittiham tərəfinin tələbi ilə indiyədək dindirilən heç kim faktiki olaraq hal şahidi deyil, çünki onların heç biri A. Qasımlının Q. Yusifovu təhdid etdiyini gördüyünü deməyib. Vəkil bu şahidlərin ifadələrinin sənədlər siyahısından çıxarılması üçün vəsatət vermək istəsə də, hakim bildirib ki, buna vaxt yoxdur.

Növbəti proses dekabrın 10-na təyin olunub.

Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir, ictimai-siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.

Samirə Qasımlı daha öncə “Toplum TV”-yə deyib ki, Q. Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A. Qasımlı ona ümumilikdə 20 000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A. Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o qeyd edib.

S. Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb.

Lakin sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib.

“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A. Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S. Qasımlı bildirib.

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo