“Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilən daha 13 nəfərə hökm oxunub
Foto: report.az
İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilən daha bir qrup şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Faiq Zeynalov və İlham Şıxalıyev 17 il, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Elgün Ağayev və Vüqar Mədətov 16 il, Elvin Cəfərov, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli və Məhərrəməli Musayev 15 il 6 ay, Mirvasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin dövlətə xəyanət, konstitusiya quruluşunu zorla dəyişməyə çağırış, hakimiyyətin zorla ələ keçirilməsi, narkotik dövriyyəsi, cinayətə hazırlıq maddələrilə ittiham olunublar.
Təqsirləndirilən şəxslər 2023-cü ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı ilə saxlanılıblar.
Cinayət işində iddia olunur ki, qrup Ruhulla Axundzadə adlı şəxs tərəfindən Azərbaycanda “Kərimə” adlı, şəriət qanunları ilə idarə ediləcək dini dövlət qurulması məqsədilə yaradılıb və Axundzadə qrup üzvlərinə “Telegram” messenceri üzərindən tapşırıqlar verib.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, bu tapşırıqlar əsasında Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi təyinatlı obyektlərin fotoçəkilişləri aparılıb, eləcə də azərbaycanlı ictimai və siyasi xadimlərin həyatına sui-qəsdlər planlanıb.
Sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mirşahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Mirvasid Əliyevin vəkili Bəxtiyar Hacıyev jurnalist Arzu Abdullaya bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.
“Mirvasid saxlanılanda 16 yaşın içində olub və 1-ci kursda təhsil alıb. Onu dərslərlə bağlı “Telegram” qrupuna daxil ediblər, sonradan adını dəyişib “Qisas qrupu” qoyublar. Qrupda İranın müəyyən din xadimlərinin fikirləri paylaşılıb. Mirvasid həm azyaşlı olub deyə şüuru inkişaf etməyib, həm də dərslərdən qrupa çox fikir verməyib. Bir dənə qrupa üzv olduğuna görə 10 il iş verdilər və heç bir humanizm prinsipini nəzərə almadılar. Buna heç inzibati cəza düşmürdü, o ki qaldı cinayət işi”, - o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Amerikanın Səsi
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib