Məhkəmə

Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb

17 Oktyabr, 2025
257

Foto: Meydan TV

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevin səhhətində ciddi problemlər yarandığı deyilir.

Bu barədə “Abzas Media”ya onun atası Bağır Əliyev məlumat verib.

Məlumatda onun bel və oynaq ağrılarından əziyyət çəkdiyi qeyd olunur.

B.Əliyevin sözlərinə görə, uzunmüddətli məhkəmə prosesi və Bakı İstintaq Təcridxanasındakı ağır şərait oğlunun həm fiziki, həm də psixoloji vəziyyətinə ciddi təsir göstərib.
 
“İmranın psixoloji vəziyyəti çox gərgindir. Bədənində mənşəyi bilinməyən şişlər yaranıb. Məhkəmə işinin 1 il 6 ay uzanması onu çox sarsıdıb. Oktyabrın 14-də keçiriləcək iclası ümidlə gözləyirdi, lakin cəmi bir gün qalmış prosesin təxirə salındığını öyrənəndə əsəb pozuntusu keçirib.  Məhkəmənin təxirə salındığı deyilsə də, yarım saat qalmış gəliblər ki, məhkəmə olacaq, zorla aparıblar”, - İmran Əliyevin atası bildirib.

Bağır Əliyevin fikrincə, məhkəmə prosesi qəsdən ləngidilir və şahidlərin dindirilməməsi bunun məqsədli şəkildə uzadıldığını göstərir.

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Məclis.info işi” üzrə növbəti iclas keçirilib.

Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.

İclasda İmran Əliyev bildirib ki, məhkəməyə aparılacağını yalnız yarım saat əvvəl öyrənib və rəis Asiman Nəsirovla Ceyhun adlı rəis müavini onu prosesə zorla gətirib.

O, həmçinin məhkəmələr arasında uzun fasilələrə etiraz edib. Hakim Roman Ələkbərli isə növbəti iclasların daha müntəzəm keçiriləcəyini bildirib.

İclasda ifadə verən vəkil Rövşanə Rəhimli bildirib ki, qadın hüquqları və məişət zorakılığı sahəsində ABŞ və Avropa proqramlarının məzunudur, bu çərçivədə müxtəlif təlimlər keçib:

“İmran Əliyev məni belə bir təlimə təlimçi kimi dəvət etmişdi. Təlimdən ödəniş alıb-almadığımı xatırlamıram. İstintaqa təqdim olunan qəbzdəki imza mənə aid deyil”.

O, həmçinin Tamella Musayevanı tanımadığını, Elgiz Qəhrəmanla yalnız dost kimi münasibətinin olduğunu deyib.

Digər şahid Əhməd İsmayılov isə bildirib ki, İmran Əliyevə dövlət qurumlarına informasiya sorğularının hazırlanmasında kömək edib və “Meclis.info” üçün komikslərin hazırlanmasında iştirak edib.

O, bu işləri könüllü əsaslarla gördüyünü vurğulayıb. Əhməd İsmayılov istintaq zamanı təqdim edilən ödəniş qəbzlərinin mötəbər sənəd olduğuna inanmadığını və oradakı imzanın ona aid olmadığını bildirib.
 
Növbəti məhkəmə prosesi noyabrın 4-nə təyin edilib.
 
İmran Əliyev ötən il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb, sonradan bu siyahı 8 maddəyə qədər genişləndirilib.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə təqsirləndirilən şəxs qismində fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hazırda hər üç şəxs 12 ilədək həbs cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo