Məhkəmə

“Meydan TV işi”: 'Azərbaycanda fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır'

8 Avqust, 2026
16

Meydan TV

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.

“Meydan TV”-nin xəbərinə görə, bu dəfəki iclasda iş üzrə həbsdə olan jurnalistlərdən daha 3 nəfər - Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Nurlan Libre (Qəhrəmanlı) ifadə verib.

Bildirilir ki, təqsirləndirilən 12 jurnalistdən bir qismi məhkəmə zalındakı şüşə kabinədə saxlanılır, bəzilərinə isə vəkillərinin yanında əyləşməyə icazə verilib.

Kabinənin şüşə arakəsmələrindən içəridə danışılanları eşitmək mümkün olsa da, həmin hissədə Penitensiar Xidmətin qadın və kişi əməkdaşlarından ibarət konvoy yerləşdirilib. Jurnalistlərin sözlərinə görə, konvoy əməkdaşları onların qarşısını kəsib və bu, etirazlara səbəb olub.

“Elə bil ki, burada terrorçular mühakimə olunur”, - deyə jurnalistlərdən “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) etiraz edib.

“Meydan TV” əməkdaşı Natiq Cavadlı isə məhkəmə prosesini tənqid edərək, “Heç Gestaponun məhkəmələri belə olmayıb” ifadəsini işlədib.

Hakim etirazlardan sonra konvoyların şüşə kabinənin qarşısından çəkilməsinə göstəriş verib.

Daha sonra hakim Aytac Tapdığın səhhətindəki problemlərlə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkəməyə göndərilmiş cavab məktubunda yazılanları elan edib. Məktubda göstərilib ki, Aytac Tapdıq ambulator müayinə olunmalıdır.

Jurnalist buna etiraz edib. O bildirib ki, saxlandığı Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinin rəisi Vüqar Həsənovun yanında həkim onun müayinə edəndən sonra təcili əməliyyata ehtiyacı olduğunu bildirib. Aytac Tapdığın sözlərinə görə, onun burnunda çəpər əyriliyi var və bu səbəbdən nəfəs darlığından əziyyət çəkir.

Jurnalist əlavə edib ki, belə bir həkim rəyinə baxmayaraq, yenidən ambulator müayinə olunması boş yerə vaxt itirməkdir:

“Yanıma gəlmədən, məni müayinə etmədən yazırlar ki, ambulator müayinə olunmalıdır. Mən birbaşa əməliyyat olunmalıyam”.

Vəkil Rövşanə Rəhimli həm Aytac Tapdıq, həm də Ülviyyə Əlinin (Quliyeva) mülki məsələlərlə bağlı yaxınlarına etibarnamə verməli olduğunu bildirərək, bunun üçün təcridxanaya onların yanına notariusun gəlməsinə icazə verilməsi barədə şifahi vəsatət qaldırıb. Hakim deyib ki, vəsatət yazılı şəkildə sistemə yerləşdirilsin, baxılıb, məsələ həll olunacaq.

Təqsirləndirilən şəxslərdən foto-jurnalist Əhməd Muxtarın vəkili Rəşad Əliyev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Əhməd Muxtarın gənc həyat yoldaşı onkoloji xəstədir və bu diaqnoz bir neçə gün əvvəl təsdiqlənib:

“Avqustun 4-də artıq sənədlərdən məlum oldu. Dərəcəsini zalda səsləndirmirəm. Əhməd Muxtar istintaq vaxtı da yayınmayıb, nə vaxt çağırılıbsa, özü gəlib ifadəsini verib. Tanınmış foto-reportyordu. Heç kimə təsir göstərmək niyyəti yoxdur. Bu, təcili vəsatətdir. Ailədə elə bir durum yaranıb ki, təcili şəkildə bu məsələyə baxılıb, qərar verilməlidir”.

Hakimlər müşavirədən sonra vəsatətin təmin olunmadığını elan ediblər. Bildiriblər ki, şahidlər hələ dindirilməyib və onlara təsir imkanları qalır.

Daha sonra ifadələr başlayıb. Əvvəl “Meydan TV” əməkdaşlarından Aytac Tapdıq ifadə verib.

“Totalitar hökumətlərin ən böyük düşməni sual verməyə başlayan insandır. Sorğulayan biri axtarış içindədir, işin əslini, doğrunu axtarır. Qabağına qoyulanla yetinmir, həqiqəti öyrənmək istəyir. İnsan təbiəti gərəyi bilmək istəyir. Medianın həqiqətləri çatdırmaq missiyası insanın əsas təməl instinktlərinə - doğrunu bilmək ehtiyacına cavab verir. Həqiqəti bilmək bir haqdır və əgər bu, cinayət hesab olunursa o zaman insan olmağın özü ittiham predmetinə çevrilir. Azərbaycan cəmiyyətində fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır. Xalqın sözçüsü olan müstəqil mətbuat Azərbaycan kimi avtoritar ölkələrdə gizlədilən faktları gün üzünə çıxarıb, həqiqətin üzərindən pərdəni götürməklə hakimiyyətə qarşı ölkə insanın qalxanı rolunu oynayır. Hakimiyyətlə toqquşduğumuz yer məhz buradır.
Jurnalistlər onların yalanlarını faş edir, cəmiyyəti hər cür zorbalıqla kontrol altında tutmaq istəyi təhdid altına düşür. Ancaq həqiqət bizim hər cür manipulyasiya və yalana qarşı tək silahımızdır. Bizim, elə sizin də cəmiyyət qarşısında əxlaqi məsuliyyətimiz var. “Meydan TV” bu məsuliyyətdən çıxış edərək yoxsulluq içində cəbəlləşən böyük çoxluğa qarşı müqayisəyəgəlməz rifah içində yaşayanları göstərib. Biz dövlət yetkililərini xalq önündə hesabatlılığa təşviq etmişik. Hər bir ictimai əhəmiyyət kəsb edən hadisə kameralarımızdan yayınmayıb”,
- deyə jurnalist bildirib.

Aytac Tapdıq çıxışında onu da qeyd edib ki, “danışan, yazan adamları həbsə qapatmaq, ölkəni aydınlığa çıxarmaqdan daha asandır: “Yaşadığım mənzildən götürülən ən dəyərli maddi sübut bizdən öncə həbs olunan “Abzas Media” əməkdaşlarının evin divarından asdığım fotolarıdır.

İstintaq bitərkən bəzi əşyalarımı qaytardılar, ancaq həmkarlarımın şəkillərini geri vermədilər. Prinsipcə onları maddi sübut kimi qiymətləndirmələrini tam haqlı sayıram. Əlbəttə, danışan, yazan adamları həbsə qapatmaq, ölkəni aydınlığa çıxarmaqdan daha asandır. İ.Əliyev Azərbaycan xalqından susdurulmuş, donuq adamlar ordusu düzəltmək istəyir. Ancaq iqtidar Azərbaycanın gerçəyindən qaça bilməyəcək”.

Aytac Tapdıq ifadəsinin sonunda 2015-ci ilin avqustunda fiziki zorakılığa məruz qaldıqdan sonra həyatını itirən jurnalist Rasim Əliyevi yada salıb:

“Sabah Rasim Əliyevin ölümünün ildönümüdür. Əgər öldürülməsəydi, onun da məhkəməsi bu zallardan birində olacaqdı”.

Jurnalist sərbəst ifadəsindən sonra prokurorun suallarına cavab verməkdən imtina edib:

“Prokurorun suallarına məhkəmədə cavab verərdim. Burada isə məhkəmə yoxdur”.
O, vəkillərin suallarını cavablandırarkən bildirib ki, evindən götürülmüş 300 avro pul 2015-2019-cu illərdə ölkədən çıxışına qadağa qoyulmasına görə Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya idi. Azərbaycan hökuməti ona təzminat ödəmişdi və həmin puldan qalmışdı:

“Onu da hökumət oğurladı”.

Daha sonra “Meydan TV”-nin digər əməkdaşı Aysel Umudova ifadə verib:

“Biz həbs olunduğumuzdan bəri yenə nəqliyyat, kommunal, ərzaq məhsullarının qiymətində artım var, ölkə iqtisadi durğunluq yaşayır. 2025-ci ildə keçirilən Bələdiyyə seçkiləri yenə karusel və digər seçki saxtakarlığı ilə yadda qaldı. Polis idarələrində işgəncə görən, öldürülən insanların xəbərləri müstəqil media portallarında manşet olmağa davam etdi. Bizdən sonra informasiya ilə bağlı qanun sərtləşdirildi. Əxlaq adı altında hökumətin maraqlarına xidmət etməyən paylaşımlara görə cəza mexanizmi işə düşdü. Mediaların qapadılması, jurnalistlərin həbsi xalqın görünürlüyünü azaltmağı hədəf alırdısa, qəbul olunan qanun səsləri tam boğmağa hesablandı. Lakin bu mümkün olmadı. Vətəndaşlar öz problemlərini müstəqil medialarla paylaşmağa davam etdilər. YAP hakimiyyəti bilməlidir ki, ağrı çəkən insanın səsi daha gur çıxır”.

Jurnalist bu yaxınlarda təsdiqlənən qanun barədə də danışıb. “Ötən günlərdə isə “Psixiatriya yardımı haqqında” qanunun dəyişilməsinə prezident İlham Əliyev öz imzasını atdı. Yenilənmiş qanun deyir ki, polis vətəndaşı özünün və ya ailəsinin razılığı olmadan psixiatriya müəssisəsinə yerləşdirə bilər.Bunun üçün prokuror, DİN-nin rəyi və məhkəmə qərarı kifayətdir. Nəzərə alsaq ki, Azərbaycanda nə prokurorluq, nə hüquq-mühafizə orqanları, nə də məhkəmə azad qərar vermə iqtidarındadır… Xüsusən də siyasi motivli qərarlarda hakim ailənin mövqeyi əsas götürülür. Yenilənən qanunu həm də yeni “susdurucu” adlandırmaq olar”, - A.Umudova bildirib.

Jurnaıit çıxışına belə davam edib:

“Sizdə sual yarana bilər ki, bəs bizi niyə həbs edirlər? Çünki fotolarını qürurla paylaşdığım, bu gün mütəşəkkil dəstə üzvü kimi absurd iddialarla üzbəüz qaldığım dostlarımla birgə aldığı maaşı qabağına qoyub borclarını, kommunal və digər ehtiyaclarını ödədikdən sonra böyük bir “0”-la qalan xalqla, sərvətinin hesabını bilməyən ölkə başçısı və yaxın ətrafı arasındakı uçurumu göstərmişik. Hesabı verə bilməyənlərlə, hesabını bilməyənlərin arasındakı uçurumu…

Biz - videoreportyorların bir devizi var. “Demə, göstər”. Bu prinsipə sadiq qalaraq hadisələri lentə alıb, doğru şəkildə ictimaiyyətə təqdim etmişik. Heç vaxt yalan yaymamış, xəbəri manipulyasiyadan uzaq, faktla göstərmişik - hakimiyyəti rəqəmlərlə ifşa etmişik. Hakim sülalənin inkişaf nağıllarını telefonumuzun kamerası ilə yan-yana qoymuşuq”.

Aysel Umudova yalnız vəkil Rövşanə Rəhimlinin suallarını cavablandırıb. Necə həbs olunması və evindəki axtarış barədə də danışıb. Bildirib ki, evindəki axtarışda özü iştirak etməyib:

“Yalnız pişiyim olub”.

Daha sonra jurnalist Nurlan Libre məhkəmədə ifadə verib.

“Son sözümə bunu deməklə başlamaq istəyirəm ki, burada özümə bəraət dilənmək üçün dayanmamışam. Müdafiə olunmaq üçün də çıxış etmirəm. Həqiqəti dediyinə görə saxta ittihamlarla həbs olunan insan üçün belə bir səhnədə ittiham altında dayanmaq, əslində, onu mühakimə adı altında cəzalandıran sistemin özünün ifşasıdır və bu zalda mənim taleyimdən daha çox Azərbaycan hökumətinin həqiqətlə münasibəti görünür. Pis səhnələşdirilən tamaşa  təsiri bağışlayan bu məhkəmə proseslərində mənim, o cümlədən həmkarlarımın jurnalist kimi mühakimə olunması azad sözün, tənqidin, azad düşüncənin, cəmiyyətin yaxşı həyat uğrunda mübarizə haqqının mühakimə olunmasıdır”, - deyə N.Libre vurgulayıb.

Jurnalist ittiham olunduğu mmaddələrə toxunub: ”Əvvəl qaçaqmalçılıq dedilər. Sonra işi ağırlaşdırdılar, şişirtdilər, siyasi sifarişin üstünə hüquqi terminlər düzdülər. Kağızın üzərində cinayət işi qurmaq çətin deyil, amma hamı bilir ki, bu məhkəmənin həqiqi səbəbi Azərbaycan sərhəddindən nəyisə qeyri-qanuni şəkildə keçirməyim yox, dövlətin qorxu ilə çəkdiyi sərhəddən cəmiyyətin həyatındakı problemləri əks etdirən xəbərləri keçirməyim, susdurulmaq istənən insanların səsini eşidilən etməyim, görünməz edilməsinə cəhdlər göstərilən həqiqəti görünən etməyimdir. Təqsirim budursa, onda bilin ki, burada mühakimə olunan Azərbaycan cəmiyyətinin vicdanıdır”.

Nurlan Librenin ifadəsi yekunlaşmadığı üçün növbəti məhkəmə iclasında davam edilməsinə qərar verilib.

Növbəti məhkəmə sentyabrın 14-ü  saat 14:00 tarixinə təxirə salınıb.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.

Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

Bu variantda yalnız orfoqrafik, hərf və qrammatik xətalar düzəldilib, məzmun və üslub maksimum dərəcədə saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Ramil Babayevin son sözündən: “Parlaq gənclər həbsdə, cinayətkarlar azadlıqdadır”

7 Avqust 2026

Sosial media

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin məhkəmədəki son sözünü təqdim edirik. Yoldaşlar son sözlə bağlı müxtəlif mövqedədirlər və mən onların hər biri ilə razıyam. İlk olaraq Akif Qurbanovdan başlayım. Akif Qurbanovun son sözündə dediyi hər bir cümləyə qoşuluram və Akif bəyi müdafiə etməyi özümə borc bilirəm. Niyə? Çünki fiziki dörd divardan əlavə, övladlarından uzaqda qalması, maddi çətinliklər, öz vətəndaş cəmiyyətindən əsassız tənqidlərlə yanaşı, üzərində qorxunu artırmaq üçün 16 il həbs istənilməsi Akif bəyin dik duruşunu dəyişmədi. Bu vəziyyəti təsvir etmək üçün ingiliscə yaxşı bir ifadə var: “Mentality monster”,...
Məhkəmə

Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub

7 Avqust 2026

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub.  Partiya üzvlərinin yaydığı məlumata görə, bu barədə avqustun 6-da Ukrayna Apellyasiya Məhkəməsi qərar verib.  Məhkəmə fəalın barəsində iyulun 27-dən hesablanmaqla 40 günlük müvəqqəti həbs qərarı verib.  B.Həsənli iyulun 27-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Ukraynanın Xarkov şəhərində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılmışdı.  Ukrayna prokurorluğu isə fəalın barəsində birinci instansiya məhkəməsinin qərarından şikayət verib və apellyasiya məhkəməsi bunu təmin edib.  B.Həsənlinin vəkilinin məlumatına görə, hələlik Azərbaycandan fəalın ekstradisiyası ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Buna baxmayaraq,...

Seçilmiş Videolar

Toplum TV loqo