İqtisadiyyat

Turizm üçün yeni dövlət proqramı: 5 ildə 1,1 faizlik artım hədəflənir 

25 Avqust, 2026
115

Report

Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

47 səhifəlik proqramın məqsədləri arasında turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi kimi məqsədlər yer alıb. 

Eyni zamanda, turizmlə əlaqəli olan, turoperatorluqdan tutmuş hotel tikintisinə qədər bir çox sahələrə subsidiya ayrılması nəzərdə tutulur. 

Bir sıra müstəqil ekspertlər isə proqramın icrasının uğurlu olacağına şübhə ilə yanaşıb. 

Hüquqşünas Əkrəm Həsənov sosial media hesabında proqramla bağlı qoyulan vaxt məhdudiyyətinə diqqət çəkib. 

Belə ki, prezident sərəncamında Nazirlər Kabinetinə altı ay ərzində “Turizm haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək tapşırılıb. Proqramda isə qeyd olunub ki, həmin qanun 2026-2028-ci illər ərzində təkmilləşdirilməlidir. 

“Yeni ilin əvvəlinə təkliflər hazır olacaqsa, onların qəbuluna niyə 2 il lazımdır? 2028-ci il ərzində təkcə qanunun təkmilləşdirilməsi bitəcəksə, 2030-cu ilin sonunadək, yəni qalan 2 il ərzində qarşıya qoyulmuş hədəflərə necə nail olunacaq?”, - vəkil sual edib. 

Ə.Həsənov sonuncu dəfə turizmlə bağlı proqram xarakterli sənədin 10 il əvvəl qəbul olunduğunu xatırladıb. Belə ki, 2016-cı ilin dekabrında prezident tərəfindən ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi təsdiqlənib. Lakin həmin sənədin icrası ilə bağlı ictimaiyyətə məlumat açıqlanmayıb.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə sosial media hesabında proqramda “doğru təsbitlər, düzgün istiqamətlər” olduğunu bildirsə də, quru sərhədlərin bağlı olmasının turizmin inkişafında başlıca maneə olacağını da əlavə edib. 

“Məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır”, - o qeyd edib. 

Azərbaycan qonşu ölkələrlə quru sərhədlərini 2020-ci ilin martında koronavirus pandemiyasını əsas gətirərək bağlayıb. Lakin o vaxtdan bəri, bu ilin mayında Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpası istisna olmaqla, quru sərhədləri səyahətçilər üçün bağlı saxlanılır. 

“Toplum TV”-yə danışan iqtisadçı, Açıq Azərbaycan Təşəbbüsünün təsisçisi Zöhrab İsmayıl isə proqramda “anlaşılmaz məqamların” olduğunu deyib. 

“Xüsusilə, subsidiyaların verilməsi ilə bağlı kriteriyalar, benefisiarların necə seçiləcəyi

aydın deyil. Azərbaycanda hüququn aliliyi ilə bağlı ciddi problemlər var. Uzun illərdir tenderlər keçirilir, amma şəffaflıq prinsipi pozulur. Burada da oxşar tendensiyanın yaşanacağı, məmur bizneslərinin subsidiyalardan yararlanacağı haqda ciddi ehtimallar var”, - o bildirib. 

İqtisadçı düşünür ki, Azərbaycanda turizmin inkişafı proqramda irəli sürülən məsələlərlə bağlı deyil. Onun sözlərinə görə, hökumət turizmlə bağlı əsas hədəfləri “görmür və ya görmək istəmir”. 

Dövlət proqramında, həmçinin, turizmin qeyri-neft-qaz sektorunda payının 2030-cu ilə qədər 8,6 faizə çatdırılması hədəflənir. 2025-ci ildə isə bu sahənin qeyri-neft-qaz sektorunda payı 7,5 faiz olub. 

Z.İsmayıl isə düşünür ki, bu qədər cüzi artıma nail olmaq üçün xüsusi olaraq proqram qəbul etməyə ehtiyac yox idi. 

“İstənilən halda, neft-qaz sektoru kiçildikcə, digər sahələr avtomatik olaraq böyüyür. Bunun əvəzinə daha ambisiyalı hədəflər qoymaq olardı. Əsas sual isə odur ki, turizm indi dövlət büdcəsinə nə qədər gəlir gətirir və 5 il sonra nə qədər gəlir gətirəcək? Proqramda mən buna rast gəlmədim”, - o əlavə edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

DGK: Azərbaycan bu il 9 milyard dollarlıq neft ixrac edib

15 Sentyabr 2026

azərtac

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10-dan çox ölkəyə ümumilikdə 9,28 milyard dollar dəyərində 14,68 milyon ton neft ixrac edib. Ən çox neft satılan ölkə İtaliya olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu dövrdə İtaliyaya 5,23 milyard dollarlıq 8,47 milyon ton neft ixrac olunub. İxracın həm dəyərinə, həm də həcminə görə ikinci yerdə Çexiya, üçüncü yerdə Rumıniya qərarlaşıb. Çexiyaya 712,8 milyon dollarlıq 1,06 milyon ton, Rumıniyaya isə 581,7 milyon dollarlıq 924,9 min ton neft satılıb. İlk üçlükdən sonra Hindistan gəlir. Yanvar-avqust aylarında bu ölkəyə 399,2 milyon dollarlıq neft ixrac olunub. Sonrakı yerlərdə Tunis (266,3 milyon dollar), Almaniya (262,3 milyon dollar), Bolqarıstan...
İqtisadiyyat

Azərbaycan bu il Gürcüstana azı 45,3 milyon dollar sərmayə qoyub

8 Sentyabr 2026

sosial media

2026-cı ilin ilk yarısında Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 45,3 milyon ABŞ dolları dəyərində sərmayə qoyulub.  Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında yer alıb.  Azərbaycan bununla ilin ikinci rübündə Gürcüstana sərmayə qoymuş ölkələr sırasında 7-ci yeri tutub.  Hesabatda Azərbaycanın qoyduğu sərmayələrin təyinatına dair məlumata rast gəlinməyib. Lakin ümumilikdə sərmayələrin əksəriyyəti maliyyə, sığorta və daşınmaz əmlak sahələrinə qoyulub.  Azərbaycan son illərdə müxtəlif ölkələrə sərmayə qoyub. Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələri də daxil olmaqla bir çox ölkələrdə dəyəri milyard dollarlarla ölçülən şirkətlər alır və ya yeni müəssisələr tikir. Azərbaycan prezidenti İlham Əliyev bu il keçirilən 31-ci Bakı Enerji Forumunda demişdi...

Seçilmiş Videolar

Toplum TV loqo