Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr, 2026
82

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik.

İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi kimi yüksəlmək və qəhrəmanlıq göstərmək arzusu vardır. Bastiani qalası isə ucqar bir ərazidə, ucsuz-bucaqsız Tatar çölünün qarşısında yerləşir. Uzun illərdir ki, düşmənin nə vaxtsa həmin çöldən hücum edəcəyi barədə söhbətlər dolaşır. Qalada xidmət edən zabitlər də illərdir bu hücumu gözləyirlər. Onların həyatına məna verən, monoton hərbi xidməti dözülən edən də məhz bir gün düşmənin gələcəyi və onların qəhrəmanlıq göstərəcəyi ümididir.

Droqo əvvəlcə qalada uzun müddət qalmaq istəmir. Lakin tədricən Bastiani qalasının həyatı onu da özünə çəkir. O da digərləri kimi hər növbəyə çıxanda Tatar çölünə baxmağa, uzaqlarda bir qaraltı axtarmağa başlayır. Hər görünən kölgə, hər qeyri-adi hərəkət onda düşmənin nəhayət gəldiyinə dair ümid yaradır. Düşmənin gəlməsi onun üçün qəribə şəkildə arzuolunan hadisəyə çevrilir. Çünki düşmən gələcəksə, müharibə başlayacaq; müharibə başlayacaqsa, Droqo illərdir arzuladığı qəhrəmanlığı göstərə biləcək və bütün bu gözləmələrin bir mənası olacaq.

Droqonun faciəsi yalnız bir hərbçinin, bir insanın faciəsi deyil. Onun gözləntiləri başqalarının da həyatında baş verir. İnsan yaşadığı zamanda daha yaxşı yaşamaq, daha yaxşı həyatı görmək üçün indiki yaşadığını keçid dövrü kimi qəbul edir. Bir qədər səbir etmək, bir az gözləmək, hansısa problemin həllini, hansısa fürsətin yaranmasını gözləmək lazımdır. Ondan sonra hər şey başqa cür olacaq, insan bu gözləntilərin, bu əziyyətlərin bəhrəsini görə biləcək.

Bastiani qalasında da həyat bu gözləntilərin içərisində keçir. Günlər bir-birini əvəz edir, növbələr dəyişir, fəsillər ötür, yeni zabitlər gəlir, yaşlılar gedirlər. Qalanın qarşısındakı Tatar çölü isə olduğu kimi qalır. Ora gələn hər gənc zabitin arzuları vardır. Hamısı qəhrəmanlıq etmək, fərqlənmək, həyatında böyük bir iz buraxmaq istəyir. Ancaq zaman keçdikcə həmin arzular qala divarlarının arasında səssizcə əriyir.

Droqo da beləcə otuz ilə yaxın gözləyir. Qalaya gənc leytenant kimi gələn adam illər sonra artıq mayor rütbəsinə çatmış, yaşlanmış və xəstələnmişdir. Buna baxmayaraq, Tatar çölündən gözünü çəkmir. Çünki onu qalada saxlayan artıq yalnız gələcəyə olan ümid deyil, getmək yalnız gələcək arzusundan vaz keçmək deyil, həm də keçmişdə sərf olunan bütün illərin bəlkə də boşuna keçdiyini qəbul etməkdir.

Droqo üçün gözləmək buna görə getməkdən daha asan olur. Bəlkə sabah düşmən görünəcək, bəlkə gələn ay müharibə başlayacaq, bəlkə illərlə çəkilən əziyyət nəhayət öz mənasını tapacaq. İnsan bəzən ümid etdiyi hadisəyə görə deyil, artıq o hadisəni çoxdan gözlədiyinə görə gözləməyə davam edir.

Taleyin istehzası isə ondadır ki, illərlə gözlənilən hadisənin həqiqətən baş verəcəyinə dair işarələr görünəndə, qalada döyüş hazırlığı başlayarkən Droqonun xəstəliyini əsas gətirib onu oradan uzaqlaşdırırlar. Ömrünün ən böyük hissəsini gözlədiyi an gəlib çatanda həmin anı yaşamaq imkanı əlindən alınır.

Droqonun əsl faciəsi qəhrəman ola bilməməsi deyil. Onun faciəsi həyatını qəhrəman olacağı günü gözləməklə keçirməsidir.

Bəlkə də hər bir insanın öz Bastiani qalası və öz Tatar çölü vardır. Sadəcə bizim qarşımızdakı çöllərdə düşmən ordusu görünmür. Biri illərlə vəzifədə yüksələcəyini gözləyir, biri daha yaxşı iş tapacağı günü, biri maddi problemlərinin bitməsini, biri başqa ölkəyə gedəcəyini, biri haqqının bərpa olunmasını, digəri həyatında və ya cəmiyyətdə nəyinsə dəyişməsini gözləyir. Hamımızın uzaqlarda axtardığımız hansısa qaraltı var. O qaraltının görünəcəyi gün həyatımızın dəyişəcəyinə inanırıq.

Bəzən bu gözlənti insanı o qədər özünə bağlayır ki, həyatının indiki hissəsini müvəqqəti hesab etməyə başlayır. Özümüzə deyirik ki, bu problem bitsin, sonra rahat yaşayacağam; bu iş düzəlsin, sonra istədiklərimi edəcəyəm; bu mərhələ keçsin, sonra özümə vaxt ayıracağam. Amma bir problem bitəndə digəri başlayır, bir məqsədə çatanda qarşıda başqa məqsəd yaranır. “Sonra” dediyimiz həyat isə daim bizdən bir neçə addım irəlidə qalır.

İnsan həyatının qəribə tərəflərindən biri budur ki, zamanın keçdiyini çox gec anlayırıq. Gənclikdə bir il böyük müddət hesab olunmur. Qarşıda uzun həyat var, bir il də gözləmək olar. Sonra daha bir il keçir. Daha sonra bir neçəsi. İnsan müəyyən yaşdan sonra dönüb arxaya baxanda görür ki, vaxtilə “bir azdan” dediyi hadisədən artıq on il keçib.

Ömür çox vaxt böyük hadisələrin içərisində deyil, məhz belə kiçik gözləmələrin arasında keçir. Səhərlər açılır, axşamlar düşür, bazar ertələri cüməyə çevrilir, fəsillər dəyişir. İnsan bütün bunların arasında həyatının böyük hadisəsini gözləyir. Bir gün hər şeyin dəyişəcəyini düşünür. Heç nə gözləməyən insanlar üçün günlər sadəcə rəqəmlərdən ibarət olur.

“Tatar çölü” insanlara ümid etmədən yaşamağın və ümid edərək həyatını itirməməyin mümkün olduğunu öyrətməyə çalışır.

Ümid insanı yaşadan ən güclü hisslərdən biridir. Sabahın bu gündən fərqli ola biləcəyinə inanmasaq, bir çox çətinliyə dözmək mümkün olmazdı. Ən ağır vəziyyətdə belə insanı ayaqda saxlayan qarşıda başqa bir günün olmasıdır. Buna görə problem ümid etməkdə deyil. Problem bütün həyatı yalnız gələcəyə bağlamaqda, bu günü gələcək naminə daim təxirə salmaqdadır.

Arzu insanı irəli aparmalıdır, onu olduğu yerdə saxlamamalıdır. Gələcəyə ümid bu günü insanın əlindən almamalıdır. Çünki gələcək haqqında yalnız ehtimallarımız var, bu gün isə artıq yaşadığımız həyatın özüdür.

Bəlkə də bizim yaşamağımıza səbəb olan elə hansısa arzudur. Kimi vəzifədə irəli çəkilmək, kimi daha yaxşı həyat qurmaq, kimi haqqının bərpa olunmasını, kimi cəmiyyətdə dəyişiklik görmək, kimi isə sadəcə rahat yaşamaq istəyir. İnsan arzularından imtina etdikdə daxilində böyük bir boşluq yarana bilər. Amma arzuların bizi öz Bastiani qalamızda həbs etməsinə də imkan verməməliyik.

Hər birimizin baxdığı bir Tatar çölü var. Hər birimiz o çöldə nə vaxtsa görünəcək bir qaraltını gözləyirik. Bəlkə həmin qaraltı sabah görünəcək, bəlkə illər sonra, bəlkə də heç vaxt görünməyəcək. Bunu bilmək mümkün deyil.

Amma bir şeyi bilmək mümkündür: biz gözləyərkən zaman dayanmır.

Buna görə də bəzən Tatar çölünə baxmaqla yanaşı, gözümüzü üfüqdən çəkib ətrafımıza da baxmaq lazımdır. Çünki illərlə uzaqlarda axtardığımız həyat bəlkə də elə yanımızdan keçib gedir. Remarkın dediyi kimi, xoşbəxtlik haradasa yaxındadır, sadəcə əyilib yerdən götürmək lazımdır.

Droqonun hekayəsinin ən böyük faciəsi də bəlkə budur: Tatarların gəlib-gəlməməsi deyil, onları gözləyərkən bir insan ömrünün keçib getməsi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo