Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanlar səfirlikləri məhkəmələrinə dəvət ediblər: “Hakim davranışları ilə ittiham tərəfinə üstünlük verir”

18 Fevral, 2026
123

Foto: Meydan TV

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Azərbaycanda akkreditə olunmuş səfirlikləri və beynəlxalq nümayəndəlikləri məhkəmə proseslərini izləməyə çağırıblar.

“Meydan TV”nin dərc etdiyi müraciətdə jurnalistlər bildirilirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə söz və müdafiə hüquqları məhdudlaşdırılır.

Onlar əlavə ediblər ki, hakim davranışları ilə ittiham tərəfinə üstünlük verir və bu səbəbdən beynəlxalq monitorinqə ehtiyac yaranıb.

Jurnalistlər Avropa İttifaqının Bakı nümayəndəliyini, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya və Fransa səfirliklərinin təmsilçilərini məhkəmə prosesini izləməyə dəvət ediblər.

Müraciətdə vurğulanır ki, müstəqil medianın prosesdə iştirak etməməsi və iclasların vizual şəkildə işıqlandırılmaması müdafiə hüququnun tam təmin olunmasına mane olur.

“Prosesə sədrlik edən Aytən Əliyeva özünü əsəbləri yerində olmayan, dinləmə qabiliyyətindən məhrum şəxs kimi aparır, dövlət ittihamçısından başqa heç kimin söz demək haqqını tanımır. Hakim Cinayət-Prosessual Məcəlləsinin (CPM) 81.2-ci maddəsinin tələblərini pozur. Bu maddəyə əsasən o, cinayət işinə ədalətlə baxılmasını təmin etməli və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid prosessual tələblərə əməl etməlidir. Hakim Aytən Əliyeva gözləyir ki, onun suallarına yalnız “hə” və ya “yox” cavabı verərək kifayətlənək. Hətta təhdid etməkdən də çəkinmir”, - deyə müraciətdə qeyd olunur.

Müraciətçilər onu da bildirirlər ki, qanunda şəxslərin özlərini təqsirli bilib-bilməməsi ilə bağlı münasibət bildirmək, əsaslandırmaq hüququ olduğu halda, Aytən Əliyeva onlara bu imkanı tanımır: “Hətta bizim qanuni müdafiəçilərimizi belə danışmağa qoymur, davamlı olaraq “otur yerində”, “sus!” deyə insanların fikirlərini tamamlamağa imkan vermir, etirazlarla qarşılaşdıqda isə prosesi yarımçıq saxlayaraq zalı tərk edir. Bir sözlə, prosesi idarə edə bilməyən hakim Aytən Əliyeva CPM-nin 91.5.13 (etirazlar etmək və vəsatətlər vermək), 91.5.17 (təqsirli və ya təqsirsiz olduğunu bildirmək), 91.5.38 (məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlərə öz fikrini bildirmək), 91.5.39 (cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək) maddələrinin tələblərini pozur”.

Meydançılar həmçinin vurğulayırlar ki, Azərbaycan rəsmiləri jurnalistlərin azadlığa buraxılması tələbi ilə olunan çağırışlara “hələ məhkəmə gedir, ədalətli qərar veriləcəyinə inanırıq” cavabını verir. “Siz məhkəməyə gəlib monitorinq edərək görə bilərsiniz ki, sadə replika hüququna hörmət edilmədiyi bir məhkəmədən ədalət gözləmək sadəlövhlükdür”, - müraciətdə deyilir.

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo